Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-23 12:30:00
Çində oxuyan həmyerlimiz: “Bu universitetdə müsəlman tələbələr üçün xüsusi yeməkxanalar var”

“Təhsil aldığım Xiamen Universitetinin kampusu okean sahilində, Xiamen adasında yerləşir”

Bunu AzEdu.az-a müsahibəsində  Çində  oxuyan gənc  soydaşımız  Sadiq Əhmədsoy  deyir.

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar  daha əsaslı olur. Bir  sözlə, universiteti başqası yox, onun öz tələbəsi daha yaxşı tanıdır.

Tələbə tanıdır” rubrikasında bu dəfə Çinin Xiamen  Universitetində təhsil alan Sadiq Əhmədsoy universiteti haqqında zəruri bilgilərini bizimlə bölüşüb:

Sadiq Əhmədsoy  hazırda Xiamen Universitetində  beynəlxalq münasibətlər  ixtisası üzrə magistr təhsili alır.

Öncə, Sadiqin oxuduğu universitet haqqında ümumi məlumat:

Xiamen Universiteti Çinin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin əsası 1921-ci ildə qoyulub.

Yaxşısı budur, universitet haqqında Sadiq özü bizə məlumat versin:

Xiamen Universiteti Çinin ən gözəl kampusa malik olan ali təhsil müəssisəsidir”-deyən Sadiq bəh-bəhlə bu barədə danışır:

“Xiamen Universiteti 2000-dən çox ali təhsil müəssisələr  arasında Çində  reytinqdə ilk 20-likdə qərarlaşıb.  Ali təhsil müəssisəsinin  həm Çində həm də Malayziyada kampusu var.  Onu da qeyd edim ki, Xiamen Universiteti zamanında müxtəlif səbəblərdən ölkə xaricinə köçən çinlilər tərəfindən qurulan ilk ali təhsil müəssisəsidir. Universitet 1921-ci ildə fəaliyyətə başlayıb. Xiamen Universitetin kampusu çox gözəl və məşhur olduğu üçün hər il 10 minlərlə turist buranı ziyaret edir. Kampusda gəzərkən həm   tələbələri həm də turistləri görmək mümkündür.  Universitetinin  kampusu okean sahilində, Xiamen adasında yerləşir. Açıq etiraf edim ki, universitet o qədər  böyükdür ki, hələ çox yerini gəzə bilməmişəm”.

Sadiq bildirib ki, Xiamen Universitetində hətta müsəlman tələbələr üçün xüsusi yeməkxanalar da var:

“Xiamen Universitetinin yeməkxanalarında çox dadlı yeməklər mövcuddur.  Onu da qeyd edim ki, universitetdə 5-dən artıq yeməkxana var. Xiamen Universitetinin  yeməkxanası kənarda olan restoran və kafelərə nisbətən çox ucuzdur. Çünki, dövlət tərəfindən subsidiya aldıqları üçün güzəştlər olur. Universitetin kitabxanaları çox zəngin və böyükdür. Çinlilərin günün çox hissəsini kitabxanalarda keçirirlər.  Universitetin kitabxanaları axşama qədər fəaliyyət göstərir.  Hətta universitetin fakültə binalarının özündə belə kitabxanalar var”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları