Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-22 15:18:00
Xaricdə oxuyan tələbələrimiz təqaüdlərindən razıdırlar? – “Mənə çatmır, evdən yollayırlar”  

Bir çox gəncin xəyalı xarici ölkələrdə təhsil almaqdır.Bu, hər gəncin istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Maraqlıdır, bəs  xarici ölkələrdə təhsil alan gənclərimiz nə qədər təqaüd alır və ya aldıqları təqaüd onların müəyyən xərclərini ödəyirmi?

AzEdu.az bununla bağlı xaricdə təqaüd proqramı ilə təhsil alan həmyerlilərimizin fikrini öyrənib:`

İtaliyanın LaSapienza Universitetində təhsil alan  Abdulla Həsənli:

“İtaliyanın LaSapienza Universitetində “Laziodisu” təqaüd proqramı ilə təhsil alıram. Amma aldığım təqaüd kifayət etmədiyi üçün ailəm də maliyyə yardımı göstərir.

Lakin  İtaliyada  təqaüd proqramı ilə təhsil almaq istəyənlərə “Laziodisu” proqramını məsləhət görərdim.  Çünki, atalarımız deyib  ki, “Dəvədən bir tük də qənimətdir”.

Ümumiyyətlə, İtaliyada  “Laziodisu” təqaüd proqramı ilə  təhsil almağın müsbət tərəfləri çoxdur. Çünki,   tələbələr 2 ilin yekununda 10.200 avro (20.400 AZN) məbləğində pul  qazanırlar.

Daha sonra semestrin əvvəlində hər tələbələrin hesabına 2500 avro köçürülür.Hətta müxtəlif illərdə təqaüdlərdə artımlar da olur.  Lakin təqaüdün hesaba köçürülmə vaxtı bir az qarışıqdır.  “Laziodisu” təqaüd proqramı 4 mərhələdə  hesaba köçür”.

Macarıstanın Szeged Universitetinin tələbəsi İbad Bayramov:

“Macarıstanın Szeged Universitetində təqaüd proqramı ilə təhsil alıram. Onu da qeyd edim ki, burada oxuduğum müddətdə göstərdiyim nəticələrə görə də əlavə təqaüd alıram.  Açıq etiraf edim ki, əlavə təqaüd almasaydım, bütün xərclərim  müəyyən səviyyədəqarşılanmazdı”. 

Çinin Xiamen Universitetində təhsil alan Sadiq Əhmədsoy:

“ Təqaüd proqramı ilə təhsil alıram. Bu yolla təhsil alan  tələbələr  burada   yataqxana ilə də təmin olunurlar. Həmçinin, tələbələrə  hər ay 3000 yuan məbləğində təqaüd verilir. Onu da qeyd edim ki, 3000 yuan Çin pulunu  Azərbaycan valyutası ilə müqayisə etsək, 700 azn-dən də artıq məbləğ təşkil edir. 

Əlavə olaraq bildirim ki,  ildə bir dəfə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Çinə gediş-gəliş xərclərim də qarşılanır. Ümumiyyətlə, tələbə təqaüdü kifayət qədər yetərlidir.

Macarıstanın  Budapeşt Korvinus  Universitetinin tələbəsi Qasım Qasımov:

“Macarıstanın  Budapeşt Korvinus Universitetində “Stipendium Hungaricum” adlı təqaüd proqramı ilə təhsil alıram. Onu da bildirim ki, aldığım təqaüd bütün xərclərimi qarşılamasa da bu proqramdan razıyam. Macarıstanda tələbələr üçün qalacaq yer təmin ediləndə 140 avro,yataqxanada qalmaq istəyənlərə isə 270 avro verilir”.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları