Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 21:01:00
“Sabaha baxış” layihəsi çərçivəsində tələbələrlə görüş

Bu gün Azərbaycan Gənclər Fondunun maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının dəstəyi ilə ADPU-un filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Rzayevanın rəhbəri olduğu “Sabaha baxış” layihəsi çərçivəsində ADPU-un Heydər Əliyev adına Lektoriyasında iştirakçı tələbələrlə ilk görüş keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova mütaliənin əhəmiyyətindən, onun gənclərin şəxsiyyət kimi formalaşmasında rolundan söz açıb, tələbələrlə öz təcrübəsini bölüşüb.

 

Tədbirin moderatoru, ADPU-un V kurs tələbəsi və Tələbə Gənclər Təşkilatının sədri Taleh Budaqov ölkəmizdə gənclərlə bağlı aparılan dövlət siyasəti, onlara yaradılan imkanlar, gənclərin elmi və ictimai-sosial layihələrinin dəstəklənməsindən danışıb, gəncləri həm tədrisdə, həm mütaliədə, həm də ictimai işlərdə fəal olmağa çağırıb.

 

Lamiyə Rzayeva layihənin ideyasının necə yarandığı, layihənin icrasında Gənclər Fondunun, ADPU rəhbərliyinin və ictimai təşkilatların ona yaxından kömək göstərdiyini bildirib.

 

Sonra müsabiqənin münsiflər heyəti elan olunub, münsiflərin iştirakçılara tövsiyələri, layihə ilə bağlı fikirləri dinlənilib. Müsabiqə çərçivəsində seçim turundan uğurla keçmiş 40 tələbəyə növbəti mərhələdə mütaliə edib, esse yazacaqları əsərlərin adları açıqlanıb. Bunlar Onore de Balzakın “Qorio ata”, Corc Bayronun “Şərq poemaları” və Yusif Vəzir Çəmənzəminlinin “Qızlar bulağı” əsərləridir. Ardınca isə mövzu üzrə Taleh Budaqovun moderatorluğu ilə iştirakçılarla müzakirələr aparılıb.

 

Layihənin icrasında əsas məqsəd gənclərin kitaba marağını artırılması, sosial fəaliyyətin inkişafı, nitq qabiliyyətinin möhkəmləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, elmi-publisistik üslubda məqalə və esse yazmaq bacarığının və gənclər arasında sağlam rəqabətin formalaşdırılmasıdır.