Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 11:29:57
“Orada bir nəfər də olsun, mütəxəssis yoxdur” - Timuçin Əfəndiyevdən nazirliyə iradlar (MÜSAHİBƏ)

“Evimizdə məşhurlarla sənət müzakirələrdə bəzən, mübahisələrimiz də olurdu”.

AzEdu.az “Danışır rektor” layihəsini davam etdirir. Layihədə Azərbaycanda fəaliyyət göstərən universitetlərin rektorları ilə müsahibələrə yer verilir. Layihənin növbəti qonağı Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin rektoru, Əməkdar elm xadimi, Əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevdir. 

Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində əsl sənət bilicisi kimi formalaşan Timuçin müəllimlə hazırda rəhbəri olduğu akademiya ilə yanaşı, ümumilikdə, sənətyönümlü təhsil barəsində də söhbət apardıq:

- Timuçin müəllim, rektorluq etdiyiniz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (əvvəllər Azərbaycan Dövlət İncəsənət İnstitutu) III kateqoriyalı kiçik bir ali təhsil müəssisəsindən böyük bir universitetə çevirdiniz. Söhbətimizi buradan başlamaq istərdik, bunu necə bacardınız?

- Mən rektor təyin olunanda respublikamızda cəmi 17 ali təhsil müəssisəsi var idi və rektorlar arasında ən gənci mən idim. Doğru qeyd etdiniz ki, Azərbaycan Dövlət İncəsənət İnstitutu III kateqoriyalı (sovet dövründə ali təhsil müəssisələri kateqoriyalara bölünürdü), 4-5 ixtisası olan kiçik bir ali təhsil ocağı idi. Çox acınacaqlı maddi-texniki bazası, müəllim heyətində cəmi bir elmlər doktoru, 4-5 elmlər namizədi var idi.

Qısa müddət ərzində institutun fəaliyyətinə ölkənin görkəmli sənət xadimləri və alimləri cəlb olundu, respublikada böyük ehtiyac duyulan bir sıra yeni ixtisaslar (kino, televiziya rejissoru və operatoru, dizayn, teatr dekoru və digər rəssamlıq ixtisasları, estrada rejissoru, xoreoqrafiya sənəti, ədəbi iş və ekran dramaturgiyası, kinoşünaslıq, aşıq sənəti, həmçinin özündə bir çox ixtisasları əhatə edən musiqi fakültəsi) açılmasına nail olduq. Müstəqilliyimiz dövründə bu ixtisasların bir çoxunun nə qədər böyük əhəmiyyəti olduğu öz təsdiqini tapdı. Artıq respublikamızın özündə istər kino, istər xoreoqrafiya sənəti, istərsə də digər sahələr üzrə yüksək ixtisaslı yerli kadrların hazırlanması başlandı (bu dövüə kimi qeyd olunan ixtisaslar üzrə kadrlar Rusiyada, Ukraynada hazırlanırdı).

Həmçinin, ali məktəbin elmi potensialı qüvvətləndirildi, 30-dan artıq professor, elmlər doktoru, 100-ə yaxın dosent, elmlər namizədi institutun fəaliyyətinə cəlb olunmuşdu. Bir çox ixtisaslar üzrə müdafiə şuralarının fəaliyyəti Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib. İki elmi-nəzəri jurnal çap edilməyə başlandı, onlarla dərs vəsaitləri, monoqrafiyalar və s. nəşr olundu. Ulu Öndərimizin qayğısı nəticəsində hal-hazırda istifadədə olan möhtəşəm bina institutun istifadəsinə verildi. Əlamətdar haldır ki, Bakı Dövlət Universitetindən sonra respublikada universitet adı məhz İncəsənət İnstitutuna verilərək, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti adlandırıldı. Universitet ilk dəfə olaraq Avropa İncəsənət Universitetləri Liqasının üzvü seçildi. Bir çox ölkələrin ali məktəbləri ilə əlaqələr qurduq. 30-dan artıq protokol imzaladıq. Yüzlərlə dərs vəsaitləri çap etdirdik. Ən əsası, bütün ali məktəblərin göstəricisi olan məzunlarıdır. Bu dövrdə Firəngiz Mütəllimova, Bəsti Cəfərova, indi nə qədər kino, televiziya sahəsində operatorlar, müxtəlif rejissorlar varsa, onlar son 25 ildə yetişən həmin universitetin məhsuludur. Hələ sovet dövründə biz bu ixtisasları açmasaydıq - kino dizayn sahəsində 40-a yaxın ixtisas açmışdıq - müstəqillik dövründə bu sahələr üzrə kadr məsələsi çətin olardı. Moskvada oxumağa hamın imkanı çatmırdı. Moskvanın Qorki İnstitutunda yazıçılıq, ssenarist hazırlayırdılar. Mən ilk dəfə ssenari yazan ekran dramaturgiyası ixtisası açdım. Ora Aydın Dadaşov və digər peşəkar mütəxəssisləri cəlb elədim. İndi oranın yaxşı buraxılışları var. Bizim televiziya kanallarında, elə jurnalistlərin çoxu da oranın məzunlarıdır.

- Pedaqoq kimi dəvət etdiyiniz bəzi mədəniyyət adamlarının pedaqoji bacarığı necə idi?

- Böyük sənətkar olmaq hələ yaxşı pedaqoq olmaq demək deyil. Təbii məsələdir ki, cəlb elədiyim adamların içərisində əksəriyyəti çox gözəl pedaqoq kimi də fəaliyyət göstərə bilirdi. Məsələn, kino sahəsində Eldar Quliyev, Tofiq İsmayılov, Oqtay Mirqasımov; teatr sahəsində isə Həsənağa Turabov, Əlabbas Qədirov, Rasim Balayev, Vaqif İbrahimoğlu, rəssamlıq ixtisası üzrə xalq rəssamları Fərhad Xəlilov, Ağəli İbrahimov, Salxab Məmmədov, xalçaçı rəssam Kamil Əliyev və başqaları universitetə dəvət olundular. Bu sənətkarlar universitetin Elmi Şurasının da üzvləri idi. Demək olar ki, rəssamlıq ixtisasına aid bütün ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığını həyata keçirirdik. Nəticə etibarı ilə Ulu öndərimizin fərmanı ilə universitetin Rəssamlıq fakültəsinin bazasında Rəssamlıq Akademiyası yarandı. Bu, bizim böyük qələbəmiz idi. Hal-hazırda həmin akademiyada çalışanlar da universitetin yetirmələridir.

IMG_7757.JPG
- Bu qədər işlər görüldü. 27 il sonra oradan ayrıldınız. Bu sizin və oradakı tələbə, müəllim, kollektiv üçün nə dərəcədə çətin idi?

- Kollektiv mənim doğma kollektivimdir, 40 il orada çalışmışam. Əlbəttə, əlaqəm var, bayramlarda zəng edib təbrik edirlər. Hal-hazırda rektoru olduğum akademiyaya gəlib-gedirlər. Universitetin hazırkı rektoru Fərəh xanımla münasibətimiz çox yaxşıdır, gözəl ziyalı ailənin nümayəndəsidir.

Xatirələrim çoxdur, ələlxüsus Rza Təhmasib, Mehdi Məmmədov, Mikayıl Abdullayev, Həsənağa Turabov, Tofiq İsmayılov, Lətif Kərimov, Böyükağa Mirzəzadə və bir çox başqa görkəmli adamlarla xatirələrimi yazıram, bəzilərini artıq çap etdirmişəm.

- Bu gün oradakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Açığı deyim, oradakı vəziyyəti izləməyə vaxtım yoxdur və buna lüzum da görmürəm. Çünki universitetin öz rektoru var. Hər bir rektorun da öz idarəçilik metodu var. Dediyiniz dəyişikliklərdən də xəbərim yoxdur. Ancaq uğurlar arzu edə bilərəm.

- Artıq üç ildir ki, Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinə rəhbərik edirsiniz. Bu tədris müəssisəsinə rəhbərliyə nədən, hansı islahatlardan başladınız?

- Burada işləri sıfırdan başlamışam. Akademiyanın maddi-texniki bazası yeniləndi, peşəkar professor-müəllim heyəti akademiyanın fəaliyyətinə cəlb olundu. Akademiyada ali təhsil pilləsinin bütün səviyyələri (bakalavriatura, magistratura, doktorantura) ilə yanaşı həm tam orta məktəb, həm kollec fəaliyyət göstərir ki, bu da onun unikallığına dəlalət edir. Akademiyanın təsis etdiyi “Sənət Akademiyası” elmi-nəzəri jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına əlavə olunmuşdur. Fəaliyyət dövrü ərzində akademiya “Xoreoqrafiya sənətinin aktual problemləri” mövzusunda respublika elmi-praktik, “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi-nəzəri, “Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət” mövzusunda respublika elmi-praktiki, “Azərbaycançılıq fəlsəfəsi və qloballaşma dövründə mədəniyyətlərin dialoqu” mövzusunda elmi konfranslar keçirilmişdir.

Bakı Xoreoqrafiya Akademiyası qarşısında duran ümdə vəzifələrdən biri də xoreoqrafiya sənəti ilə yanaşı, xoreoqrafiya təhsilinin bütün istiqamətləri üzrə məqsədyönlü fəaliyyət göstərmək, ardıcıl tədbirlər, layihələr həyata keçirmək və bütün bu fəaliyyətlərin əsasını təşkil edən dərs vəsaitləri, tədris proqramları və dərsliklərin tərtib olunub nəşr etdirilməsidir ki, bu sahədə artıq önəmli tədbirlər görülmüş, yalnız xoreoqrafiya sənəti deyil, instrumental ifa, səhnəqrafiya tarixi və digər sahələr üzrə də dərs vəsaitləri, fənn proqramları, monoqrafiyalar nəşr olunmuşdur.

Akademiyanın üç ilik fəaliyyəti dövründə xoreoqrafiya sənəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi üçün 10-dan artıq peşəkar mütəxəssislərin ustad dərsləri təşkil olunmuşdur. Onların arasında Rusiya Federasiyasının xalq artistləri Vladimir Vasilyevin, Nikolay Tsiskaridzenin, əməkdar artistlər Sergey Moxnaç, Vitaliy Axundovun və digərlərin səfərini xüsusi ilə qeyd etmək istəyərdim. Akademiyanın tələbələrinin gücü ilə T.Bakıxanovun “Şərq poeması”, P.Çaykovskinin “Şelkunçik”, Q.Qarayevin “Yeddi gözəl” baletləri eyni zamanda milli rəqs tədris tamaşaları ölkənin qabaqcıl səhnələrində tamaşaya qoyulub. Ötən ilin dekabr ayında akademiyanın instrumental ifaçılıq ixtisası üzrə təhsil alan magistr tələbələri Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə klassik fortepiano konsertləri ilə çıxış etmişlər. Hal-hazırda L.Minkusun “Don Kixot” baletinin və Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının musiqisi əsasında rəqs tamaşanın səhnələşdirilməsi sahəsində işlər görülür.

Akademiyanın tələbələri böyük uğurla beynəlxalq müsabiqə və festivallarda iştirak edir, birinci dərəcəli laureat və diplomant adlarını qazanırlar. Əlbəttə ki, yalnız akademiyanın deyil, mən deyərdim ki, Azərbaycan incəsənət tarixinin ən əlamətdar hadisələrindən biri isə ilk dəfə olaraq Qəmər Almaszadə adına I Beynəlxalq rəqs müsabiqəsinin akademiya tərəfindən təsis olunmasıdır. İlk müsabiqədə ABŞ, Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan, Litva kimi 10-dan artıq ölkənin nümayəndələri iştirak etmişdir. Böyük müvəffəqiyyətlə keçən müsabiqənin hər iki ildən bir keçirilməsi qərar alınmışdır.
Bu akademiyanın uğurlarının bir hissəsidir. Fəaliyyətimiz yüksələn xətt üzrə davam etməkdədir və artıq bu ilin iyun ayının 25-27-si tarixlərində Bakı şəhərində Qəmər Almaszadə adına II Beynəlxalq rəqs müsabiqəsinin keçirilməsinə hazırlaşırıq. Qarşıda daha böyük layihələr, daha böyük işlər var.

- Hazırda Akademiyaya şagird-tələbələrin göstərdiyi maraq, etdiyi axın hansı vəziyyətdədir?

- İldən-ilə hiss olunur ki, gənclərimiz istər klassik balet, istərsə də milli rəqsə maraq göstərir. Xüsusən də milli rəqsi və rəqs müəllimliyi ixtisaslarına maraq həddən artıq çoxdur. Akademiyada tam orta təhsil pilləsi fəaliyyət göstərir. Burada uşaqlar həm ümumtəhsil fənləri, həm musiqi, həm də xoreoqrafiya üzrə dərslər keçirlər. Biz respublikada həyata keçirilən sosial layihələri nəzərə alaraq, tam orta məktəbə müxtəlif internat məktəblərindən istedadlı uşaqları da cəlb edirik. Bəzən istedadlı və klassik rəqsin tələblərinə cavab verən uşaqları milli rəqs şöbəsindən klassik şöbəyə cəlb edirik. Ümumiyyətlə, klassik şöbəyə hələ ki meyl o qədər də çox deyil. Amma ildən-ilə həvəs artır. Biz bunu qəbul prosesində ərizələrin sayından hiss edirik. Akademiyanın orta ixtisas (kollec) və bakalavr təhsil pillələrində də klassik, modern rəqslə yanaşı rəqs müəllimliyi və ona qohum ixtisaslar da vardır. Musiqi ixtisasları, sənətşünaslıq, teatrşünaslıq və incəsənətin digər sahələri üzrə təhsilin bütün pillələrində kadr hazırlayırıq. Bizim məqsədimiz həm kadr hazırlamaq, həm də nəzəri bazanı gücləndirməkdir.


- Timuçin müəllim, akademiyada xüsusi istedada malik şagird və tələbələrin sayı yetərincədirmi?

- Şübhəsiz ki, Akademiyada təhsil alan istedadlı şagird və tələbələrimizin sayı kifayət qədərdir. Dediyim fitri istedad Tanrı tərəfindən verilir, - təhsil müəssisəsi istedad yetişdirmir. Təhsil müəssisəsinin başlıca vəzifəsi istedadı qoruyub, düzgün istiqamət verməkdir. Təsəvvür edin ki, Xoreoqrafiya Akademiyası 5-10 il ərzində bir istedadı Qəmər Almaszadə və ya Əlibaba Abdullayev kimi peşəkar sənətkar kimi yetişdirsə, bu Akademiyanın böyük uğuru və hətta qələbəsi olar. Necə ki, Bakı Musiqi Akademiyası 5-10 ilə Üzeyir Hacıbəyli yetişdirsə, o da BMA-nın qələbəsi olar. Müəllimin başlıca vəzifəsi tələbədə bu istedadı görüb, düzgün düzgün istiqamətləndirməkdir.

- Yəqin ki, tədris prosesində müəyyən problemlər də var. Bu barədə nə deyə bilərsiniz?

- Problemlərimiz çoxdur. Əvvəla, yeni tədris korpusuna, yataqxanaya və tələbələrin yaradıcılıq laboratoriyası olan tədris teatrına gərək var. Bununla yanaşı yüksəkixtisaslı pedaqoji və sənət kadrlarına da ehtiyac duyulur. Vəziyyətdən çıxmaq üçün xaricdən 15-ə yaxın görkəmli sənətkarları ustad dərsləri keçmək üçün akademiyaya dəvət etmişik və bu proses davam edir. Əlbəttə, maliyyə çatışmazlığı olmasaydı, çox istərdik ki, 5-6 müəllimimizi xaricə ixtisasartırmaya göndərək. Bundan başqa, bəzi sənət ixtisasları, o cümlədən musiqi ifaçılığı, rəssamlıq və s. adambaşı maliyyələşmə 5000 manat olduğu halda, xoreoqrafiya üzrə adambaşı maliyyələşmə 1300-1800 manat cıvarındadır. Göründüyü kimi bu böyük ədalətsizlikdir, çünki xoreoqrafiya sahəsi (geyim, puanta, rəqs ayaqqabıları və digər aksesuarlar) daha çox xərc tələb edir.

Problemlərdən biri də ondan ibarətdir ki, bəzən xoreoqrafiya üzrə təhsil alan istedadlı tələbə tədris-yaradıcılıq prosesində zədə alır və ifaçılıq üzrə təhsilini davam etdirə bilmir. Onun nəzəri ixtisasa keçməsində böyük çətinliklər və əngəllər yaranır. Beynəlxalq təcrübədə, ələlxüsus da bizə yaxın olan Moskva və Sankt-Peterburq xoreoqrafiya akademiyalarında belə bir qayda var ki, müvafiq ixtisasa qəbul olmuş tələbə zədə nəticəsində və ya müəllim bir müddət sonra onun tələbəsinin ixtisasa yararsız olduğunu hiss edərsə, onu təhsildə həvəsdən salmamaqdan ötrü digər və daha çox nəzəri ixtisaslara yönəldərək, tələbənin yeni ixtisas seçməsinə yardım edir, ali təhsil müəssisəsi isə ixtisasdan ixtisasa keçməsini müstəqil olaraq təmin edir.

Problem ondadır ki, bu istiqamətdə Təhsil Nazirliyinin müəyyən yanaşma mexanizmi var: ali təhsil müəssisələrində bir ixtisasdan başqasına keçmək məhz nazirliyin icazəsi ilə olmalıdır. Amma incəsənət təmayüllü məktəblərdə məsələn, tələbənin qolu sınıb, travma alıb və ya istedadı yoxdursa, onun bacarıq və bilik səviyyəsi imkan verirsə, sənətini nəzəri cəhətdən yaxşı bilirsə, həmin tələbə sənətşünaslıq və digər aidiyyəti ixtisaslara keçə bilər. Baletin tarixini öyrənər. Amma qüvvədə olan qaydalar tələbənin Təhsil Nazirliyinə onlayn müraciət etməsini tələb edir. Nazirliyik də xeyli müddət keçdikdən sonra müraciət edən tələbənin istedadını və zahiri keyfiyyətlərini görmədən təkcə qiymət göstəricilərinə əsasən qərar çıxarır. Bədii təhsildə buna bürokratik yanaşmaq olmaz. Ancaq ali məktəbin Bədii və Elmi Şuraları qərar verə bilərlər ki, bu və ya digər tələbə təhsilini hansı ixtisas üzrə davam edə bilər. Lakin nəzəri cəhətdən də tələbənin bilik səviyyəsi qənaətbəxş deyilsə, həmin tələbə bir qayda olaraq ali məktəbdən xaric olunur.

Akademiyanın mütəxəssisləri 300 il tarixi olan Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Sankt-Peterburqun Rus Baleti Akademiyasının tədris planları əsasında ixtisas fənləri üzrə milli xüsusiyyətlərimiz nəzərə alınmaqla tədris planlarını hazırlayıb müvafiq olaraq Bədii və Elmi şuralara təqdim edir. Bədii və Elmi şuralar isə öz növbəsində onları təsdiq edir. Amma indi Bədii və Elmi Şuralar təsdiqləyəndən sonra Təhsil Nazirliyinə, orada yaradılmış xüsusi bölməyə təhsil standartları nəzərə alınmaqla baxılmağa göndərilir. Lakin təhsil standartlarını təsdiq edən bölmədə xoreoqrafiya üzrə bir mütəxəssis belə yoxdur. Paradoks vəziyyətdir. Yaxşı olar ki, Təhsil Nazirliyi Akademiyanın Elmi və Bədii Şuralarının qərarlarına hörmətlə yanaşsın.


- Bu gün balet tamaşalarına maraq necədir?

- Mənə elə gəlir ki, bu gün xalqımızın balet tamaşalarına, milli rəqslərimizə marağı az deyil. Əlbəttə, balet tamaşalarının öz tamaşaçısı var. Lakin arzu edərdim ki, bu sənətə ziyalılarımızla yanaşı xalqımızın bütün nümayəndələri maraq göstərsinlər. Hazırda nümayiş etdirilən balet tamaşalarına heç də yerli teatrlarla müqayisədə az tamaşaçı gəlmir. Bu saat tamaşaçı böyük problem olsa da, xeyli tamaşaçı kütləsi var. İnternet, televiziya və digər kütləvi informasiya vasitələrinin inkişaf etməsi canlı tamaşaçı-səhnə ünsiyyətini azaldır. Bununla belə, mənə elə gəlir ki, hazırda Azərbaycanda baletə maraq normal vəziyyətdədir. Avropa ölkələri ilə müqayisə etmək istəmirəm. Orada təkcə klassik balet deyil, onun bir çox cərəyanları da inkişaf etmişdir. Məsələn, step-balet, modern balet. Dünyanın inkişaf etmiş ölkələrində bu kimi konsert və tamaşalara bilet tapmaq qeyri-mümkündür. Biz də dünyanın sənət nəbzini tutmaq və mədəniyyətlərarası inteqrasiyanı reallaşdırmaqdan ötrü klassik baletlə yanaşı müasir rəqs və modern balet sahələrinin də tədris prosesinə tətbiq etməyi qarşımıza məqsəd qoymuşuq.

- Sizə elə gəlmirmi ki, sənət ali məktəblərinə, xüsusən də akademik ixtisaslara (balet, aktyorluq, bəstəkarlıq, rəngkarlıq və s.) maraq bir qədər azalıb?

- Açıq deyim, sualınızda müəyyən qədər həqiqət var. Bunun da əsas səbəbini mən, orta məktəblərdə incəsənət təmayüllü dərslərin az keçilməsində görürəm. Təhsil müəssisələrində dərnəklər, o cümlədən dram, ədəbiyyat, musiqi, rəssamlıq, xor və s. dərnəklər fəaliyyət göstərmir. Bəyənmədiyimiz Sovet dövründə xüsusi klublar fəaliyyət göstərirdi və bu klublarda qeyd etdiyim dərnəklər fəaliyyət göstərirdi. Orada yetişən sənətkarlarımız da kifayət qədər çoxdur. Hazırda nə klub var, nə də ki, dərnək. Hətta mənim özüm belə, məktəbdə oxuyanda dram dərnəyində daim iştirak etmişəm. Yaratdığım obrazlar indi də yadımdadır. Lütfi Məmmədbəyovun rejissor-aktyor dərnəyi Xəqani bağının yanında idi. Milli teatrımızın nə qədər orta yaşlı məşhur aktyorları varsa onların 80%-i həmin dərnəyin yetişdirmələridir.

- Bu gün İlyas Əfəndiyevi xatırlamasaq düzgün olmazdı. 1987-ci ildə rektor təyin edilmisiniz. İlyas müəllim 1996-cı ildə dünyasını dəyişib. Sizə fəaliyyətinizlə bağlı nə kimi tövsiyələr verirdi?

-Əvvəla mən Bakının Hüsü Hacıyev küçəsindəki məşhur yazıçılar evində böyümüşəm. Hər gün təmasda olduğumuz görkəmli şair və yazıçılardan Bəxtiyar Vahabzadə, Qabil, İsa Muğanlı, Əhməd Cəmil, Hüseyn Abbaszadə, Əliağa Gürçaylı və başqaları haqqında olan xatirələri saatlarla danışmaq olar. Əlbəttə, evimizdə yalnız yazıçılar yox, həmçinin atamın dostları olan görkəmli bəstəkarlarımız Soltan Hacıbəyov, Səid Rüstəmov, rejissorlar Tofiq Kazımov, Mərahim Fərzəlibəyov, alimlər Cəfər Cəfərov, Məmməd Cəfər, Kamal Talıbzadə, riyaziyyatçı alim Əmir Həbibzadə, rəssamlar Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və digərləri qonağımız olardı. Təbii ki, söhbət ədəbiyyatdan, teatrdan, ümumilikdə mədəniyyət və incəsənətdən olardı. Bəzən mübahisələr də olurdu. Mənim bir insan, bir ziyalı və alim kimi formalaşmağımda bu söhbətlərin və atamın kitabxanasının böyük rolu olub. İlyas Əfəndiyev böyük yazıçı və dramaturq olmaqla yanaşı əvəz olunmaz bir ata idi. O, bizə, mənimlə qardaşım Elçinə həm atalıq, həm də analıq edib. Biz uşaq olarkən anamız dünyasını dəyişib. Atam çox savadlı və alicənab adam idi. Dünya ədəbiyyatının gözəl bilicisi idi. Bir sözlə, ədəbiyyat, teatrla yaşayan insan idi.

Əsmər Qabil
Elmin Nuri

Bu bölməyə aid digər xəbərlər
2020-03-04 12:01:00
2020-02-07 09:12:00
2019-06-18 12:39:00
2019-04-09 12:43:00
2019-03-14 15:00:00
2018-08-31 09:56:19
2018-07-24 11:42:51
2018-07-23 14:40:00
2018-07-23 11:45:00
2018-04-05 11:29:57