Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 16:29:00
Xətainin “Divan”ının mətni Əlyazmalar İnstitutuna hədiyyə edilib

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, görüşdə direktor, akademik Teymur Kərimli son zamanlar bu elm müəssisəsində türkdilli əlyazmaların kataloqlaşdırılması, tədqiqi və elektronlaşdırılması sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Cihan Özdemir türkiyəli mətnşünas və ədəbiyyatşünas alim, professor Muhsin Macitin dünyanın müxtəlif ölkələrinin kitabxana və arxiv fondlarında qorunan əlyazma nüsxələri əsasında hazırladığı Şah İsmayıl Xətainin “Divan”ının redaktə olunmuş mətnini instituta hədiyyə edib. Bildirib ki, bu kitabın hazırlanmasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmalardan da istifadə olunub. Cihan Özdemir professor Muhsin Macitin adından Xətai “Divan”ının bəzi Şərq ölkələrində mövcud əlyazma nüsxələrinin sürətlərinin əldə olunmasında göstərdiyi dəstəyə görə Əlyazmalar İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra Türkiyə Respublikasında Azərbaycan müəlliflərinin və Azərbaycanla bağlı əlyazmaların surətlərinin vahid mərkəzdən – Süleymaniyə Kitabxanasından Əlyazmalar İnstitutuna gətirilməsi perspektivləri müzakirə olunub.

Görüşdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli də iştirak edib.