Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 14:00:00
Sınaq imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 10-da keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

AzEdu.az xəbər verir ki, hər abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.
 
Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 28337 abituriyentdən 211 nəfəri imtahana gəlməyib.

Xatırladaq ki, imtahanın yoxlanma prosesində ictimai nəzarətin təşkili, eləcə də görülən işlərin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura üzvləri DİM-ə dəvət olunublar.

Fevralın 11-dən etibarən, Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin və İctimai Şura üzvlərinin nəzarəti altında imtahan materiallarının emalı prosesinə başlanılıb.

Prosesi izləmək üçün dəvət olunanların arasında AzEdu.az saytının əməkdaşı da yer alıb. Əməkdaşımız cavab kartlarının yerləşdirildiyi qutuların açılması anından yazı işlərinin markerlər tərəfindən yoxlanılmasına qədər bütün prosesləri yaxından izləyib.

Məleykə Abbaszadə proseslərin gedişatı boyunca yeni test tapşırıqlarının yoxlanılması barədə ətraflı məlumat verərək, şura üzvlərini ümumi mənzərə ilə tanış edib.

DİM-in rəsmi nümayəndələri növbəti günlər ərzində tapşrıqların xüsusi möhürlə bağlanması, materilların “scan” olunub şifrələnməsi və sözügedən yazı işlərinin proqram vasitəsilə hər tapşırıq üzrə ayrılması prosesini əyani şəkildə izah ediblər.

İctimai Şura üzvlərinə etalonların seçilməsi və kalibrləmə üçün materialların hazırlanma mərhələsi barədə də ətraflı məlumat verilib.

Əsas yoxlama prosesində subyektiv amillərinin aradan qaldırılma yollarının və marker müəllimlərin seçiminin əhəmiyyəti barədə söz açılıb.

Prosesi izləyəndən sonra öz təəssüratlarını bölüşən şura üzvləri imtahanların bütün mərhələlərində ictimai nəzarətin təşkilini, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını və imtahan prosesində şəffaflığının təmin edilməsini müsbət dəyərləndirdiklərini bildiriblər.  

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları