Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 11:59:04
“Xüsusi nümunəli attestat şagirdi bütün fənləri oxumağa məcbur edəcək” - EKSPERT  

Yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi uzun müzakirələrdən sonra fevralın 19-u qəbul olunub. Qanun layihəsi bir sıra dəyişikliklərlə yadda qalıb.

Dəyişikliklərdən biri də ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli attestat, eləcə də müxtəlif səbəblərdən orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə arayış verilməsi ilə bağlıdır. Çoxlarına bu attestat və arayışın şagirdə hansı üstünlük verəcəyi maraqlıdır.

“Xüsusi növ attestatlar münasibətləri daha ədalətli edəcək”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Anar Məmmədov məsələyə illər əvvəl qurulmuş sistemdən başlayaraq münasibət bildirib. O qeyd edib ki, tədrisini əla başa vuran şagirdlər əvvəl fərqlənmə attestatı, qızıl medalla mükafatlandırılırdı:

“Amma bunun üçün müəyyən meyarlar da tələb olunurdu. Şagird fərqlənmə attestatı almaq üçün fərqli addımlar atmalı, fənn olimpiadasında beynəlxalq və ya dövlət səviyyəsində yer tutmalı, qiymətləri əla olmalıdır. Tədbirlərdə sosial fəallıq və xarakteristikanın müsbət olması da vacib idi. Etiraf edək ki, məktəb üzrə bu tip şagirdlər azlıq təşkil edir. 70-80 məzunu olan məktəb II, III yerləri tutan neçə məzun verə bilər?

Amma yer tutmasa da,  fənnlər üzrə qiymətləri əla olan şagirdlər var. Onlar yüksək potensiala malik olur, digərləri ilə müqayisədə fərqlənirlər. Əvvəl  onlar arasında fərq qoymurduq. İndi isə bu fərqləndiriləcəklər. Xüsusi növ attestatlar münasibətləri daha ədalətli edəcək və şagirdlərdə böyük motivasiya verəcək.Yəni, olimpiadaya getmədən, yüksək nəticələr göstərmədən də fərqlənmə attestatı alacaqlar. Bu, həm də məktəblər arasında böyük rəqabət yaradacaq. Məktəb rəqabətə qoşulanda uşaq motivasiya olur. Şagird motivasiya olanda isə müəllimlərdə ciddi canlanma başlayır”.

Ekspert bildirib ki, çox vaxt yuxarı sinif şagirdlərini bir çox fənlərdən məhrum etmiş oluruq:

“Yüksək bacarıqlı uşağın bütün fənnlərdən əlaçı olması mümkün deyil. O, yalnız seçəcəyi peşə üzrə maksimal biliklərə malik olmalıdır. Bununla belə, biz bəhanələrlə yuxarı sinif şagirdlərini bir sıra fənlərdən məhrum etmiş oluruq. Şagird deyir ki, mən II fənn blokuna hazırlaşıram və mənə filan fənn lazım deyil. Seçdikləri fənn bloklarından asılı olaraq fənn sayını azaldırlar. Bu, bir tərəfdən normal qəbul edilə bilər. Digər tərəfdən isə şagirdə dünyagörüşü, vətəndaşın götürə biləcəyi minimal bazanı ötürməliyik. Fərqlənmə attestatlarının verilməsi nəticəsində şagirdlər özləri bütün fənləri oxumaqda maraqlı olacaqlar. Əvvəl onların motivasiyası yalnız universitetə qəbul olunmaqla bağlı idi. İndi isə ümumi baza biliklərinə yiyələnməyə çalışacaqlar”.

Orta məktəbi yarımçıq tərk edən şagirdlərə arayış verilməsi məsələsinə gəlincə isə Anar Məmmədov düşünür ki, bu, şagirdin çəkdiyi zəhməti əks etdirən sənəd olacaq:

“Sizcə bu, ədalətli deyilmi? Bu, o demək deyil ki, həmin minimal sənəd gələcəkdə şagirdə kifayət edəcək. O, sadəcə şagirdin çəkdiyi zəhməti əks etdirən sənəddir. Əvvəl belə şagirdlərə məktəbdən arayış verirdilər. İndi həmin sənədin sadəcə forması dəyişib. Kifayət qədər ədalətli və labüd qərardır.

Əvvəl IX sinfi bitirən şagirdin əlində təhsil haqqında  sənəd var idi. Amma VII sinifdən çıxan şagirdə bu verilmirdi. İndi də VII sinfi bitirənə tam orta təhsil haqda sənəd verilməyəcək. Sadəcə məktəblinin VII sinfi bitirdiyini göstərəcək. Gələcəkdə şagirdin bu sənəd əsasında nə dərəcədə işləyə bilib-bilməməsi isə sonranın işidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları