Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 11:26:40
DİM  imtahan tarixlərinin dəyişdirilmə səbəblərini açıqladı -ÖZƏL

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edib.

Dəyişikliyin hansı səbəbdən baş verdiyini öyrənmək üçün DİM-in mətbuat xidməti ilə əlaqə saxladıq.

Sektor müdiri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlaması zamanı bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, iyunun 30-da keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə yay qəbul imtahanı iyunun 23-də keçiriləcək:

"I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanın mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər. Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün, digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları