Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-21 09:15:00
Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, Seymur Nəsirov tələbələrə Azərbaycan ilə Misir arasında tarixi, mədəni əlaqələrdən danışıb və son illər bu əlaqələrin daha da genişləndiyini söyləyib. Buna nümunə olaraq o, iki ölkənin yüksəkvəzifəli şəxslərinin qarşılıqlı səfərlərini, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaranmasını diqqətə çatdırıb.

Diaspor rəhbəri Xocalı soyqırımı haqqında həqiqətlərin Misir ictimaiyyətinə çatdırılmasında, eləcə də Azərbaycanla bağlı bütün əlamətdar günlərdə keçirilən tədbirlərdə tələbələrin daha fəal olmalarının zəruriliyindən söhbət açıb.

Birliyin sədri Misirdə vətənimiz Azərbaycanı təbliğ etmək yolları haqqında öz tövsiyələrini verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

Tələbələrin istəyi ilə onlar üçün diaspora mərkəzində ərəb dili kursları təşkil olunub. Diaspor rəhbəri, həmçinin onları vətəni təbliğ etmək və Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması məqsədilə sosial şəbəkələrdə fəal olmağa çağırıb.

Qeyd edək ki, hər il Misir Mədəniyyət Mərkəzi tərəfindən bu ölkəyə təhsil üçün göndərilən tələbələr diaspor tərəfindən qarşılanır, onlara yerləşmək, sənədlərini qaydaya salmaq və təhsil almaqda bütün lazımi köməklik göstərilir.

Hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 18 ölkəsindən 180-dan çox tələbə ödənişsiz müxtəlif ixtisaslar üzrə təhsil alır.