Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-20 15:00:00
“Ceyhun  Bayramovun Türkiyə səfəri təhsilimizə çox fayda verəcək” – Şahlar Əsgərov  

“Əvvəlki  təhsil nazirlərimiz vəzifəyə gəldikdən sonra  daha çox Avropa ölkələrinə gedirdilər”. 

Bunu AzEdu.az-a açıqlamasında ictimai-siyasi xadim, təhsil üzrə ekspert  Şahlar  Əsgərov deyir. O, eyni zamanda, Türkiyənin Avropa ilə birbaşa əlaqələri olduğundan bu səfərin faydalı nəticələr verəcəyini bildirib. 

“Bizim təhsil nazirlərimiz vəzifəyə gəldikdən sonra Avropa ölkələrinə çox gedirlər. Amma çox sevindirici haldır  ki, Ceyhun Bayramov səfərini məhz Türkiyəyə edib. Bunun səbəbləri var: Türkiyə ilə biz ümumi dəyərlərə,  tarixə, mədəniyyətə malikik.

Türkiyə təhsil sistemində  elə universitetlər var ki, onlar  dünyanın ən güclü 200 ali məktəbi sırasına daxil ola bilib. 

Türkiyənin yüksək səviyyəli təhsil verən universitetləri çoxdur. Buna görə mən Təhsil naziri Ceyhun Bayramovun Türkiyəyə səfərini bəyənirəm.  İnanıram ki, Azərbaycan üçün kifayət qədər vacib ideyalarla qayıdacaq və bu ideyaların tətbiqi Azərbaycan təhsilinə fayda verəcək.   

Ali və orta məktəblər bir-biri ilə sıx bağlıdır. Ali məktəb elə  təhsil pilləsidir ki,  onun sol tərəfində həmişə orta məktəb dayanır. Orta məktəblərdə verilən təhsilin səviyyəsi  yüksək olmasa, ali məktəblərdən böyük uğurlar gözləmək olmaz. 

Türkiyənin orta təhsili, Avropanın, bizimki isə  rus  təhsilinə yaxındır. Türkiyə təhsili birbaşa Avropa ilə əlaqəli  olduğu  üçün səfərin faydalı nəticələr çox olacaq”.

Xatırladaq ki, Təhsil Naziri Ceyhun Bayramov Türkiyə təhsil nazirinin dəvəti ilə bu ölkədə səfərdədir. Nazir Ceyhun Bayramov səfər çərçivəsində Ankarada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. 

Nazir Türkiyə hökuməti tərəfindən nüfuzlu ali təhsil müəssisələrində azərbaycanlı gənclərə ayrılan yerlərdə oxuyan bir qisminin ölkəmizə qayıdaraq cəmiyyətimizin fəal hissəsinə çevrildiyini, digər hissəsinin isə Türkiyədə qalaraq öz bilikləri ilə qardaş ölkəyə fayda verdiklərini, eyni zaman da, Vətənimizin maraqlarını qoruduqlarını diqqətə çatdırırıb.

Qeyd edək ki, səfər fevralın 20-nə kimi davam edəcək.

Rəna Nəbi