Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 12:43:00
Qarlı hava bu bölgədəki məktəbə ziyan vurub: “Qazanxana sıradan çıxıb”

 

Ölkə ərazisində hazırda da davam edən qarlı hava şəraiti Şimal rayonları və dağlıq ərazilərdə daha çox müşahidə edilib. 

Ötən gecə qar örtüyünün hündürlüyü Ağdərədə 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusarda, Xınalıqda 7, Qrızda 6, Mərəzədə 3, İsmayıllıda 1 sm olub.

AzEdu.az ucqar ərazilərdəki qarlı hava şəraitinin məktəblərdə təchizat və davamiyyətə  nə dərəcədə təsir etdiyini öyrənmək üçün müxtəlif bölgələrin təhsil şöbələri ilə əlaqə saxlayıb.

İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun sözlərinə görə, qarlı hava şəraiti demək olar ki, məktəblərdə ciddi problem yaratmayıb:

“Cəmi bir kəndin elektrik xətləri sıradan çıxıb. Onu da bərpa etmişik. Məktəblərdə isə qazanxana və kombi sistemində problem yaranıb. Bir məktəbdə artıq istilik bərpa edilib. Digəri isə İsmayıllının dağ kəndidir. Mütəxəssislər artıq onu bərpa etmək üçün yola düşüblər. Hər biri ilə əlaqə saxlamışıq. Başqa bir problem yoxdur. Şagirdlərin davamiyyətinə isə ümumiyyətlə, təsir göstərməyib. Onların əksəriyyəti dərsdədir”.

Quba Rayon Təhsil Şöbəsindən isə həm davamiyyət, həm də təchizatla bağlı məktəblərdə heç bir problem olmadığını bildiriblər.

Qeyd: AzEdu.az gün ərzində mövzunu müxtəlif bölgələr üzrə davam etdirəcək

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları