Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-18 17:26:00
Tələbələr yanvar təqaüdlərini alıblar? - “Sabahdan  hesablara köçürüləcək” – Şad xəbər

Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə  doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdləri artırılıb.

Bəs, görəsən ali təhsil müəssisələri arasında tələbə təqaüdlərin verilməsi prosesində hansısa çətinliklər varmı?

AzEdu.az məsələnin aktuallığını nəzərə alaraq bir sıra ali məktəblər arasında qısa sorğu keçirib.

Məlum oldu əksər universitetlərdə yanvar ayının təqaüdləri tələbələrin hesabına köçürülsə də, bəzilərində hələ bu proses başa çatmayıb.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rzayev onlarda təhsil alan tələbələrin yanvar ayı üçün təqaüdlərin köçdüyünü deyib:

“Yanvar ayının təqaüdləri artıq tələbələrin hesabına köçürülüb. Hazırda fevral ayının köçürülməsi ilə bağlı aidiyyati şöbədə sənədləşmə işləri aparılır”.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova LDU-nun tələbələrinin sabahdan yanvar ayının təqaüdünü alacaqlarını deyir:

“Təhsil Nazirliyi  yanvar ayının hesabını fevral ayının 15-də açıb. Artıq sənədlər hazırlanıb, tələbələr sabahdan təqaüdlərini alacaqlar”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli yanvar ayının təqaüdlərinin hələ qaldığını hazırda sənədləşmə işlərinin getdiyini deyib:

“ADU-də tələbələrin yanvar ayı üçün təqaüdləri hələ hesablarına köçürülməyib. Hazırda sənədləşmə gedir. Tələbələrin təqaüdləri 3 günə onların kartlarına köçürüləcək”.

Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov isə tələbələrin hətta fevral ayının təqaüdlərini alacağını bildirib:

Bizdə təqaüdlər elə həmin ayın 20-si tarixlərində verilir.  Yanvarın təqaüdü ayın sonunadək ödənilib. Gələn həftə fevral ayının təqaüdü ödəniləcək”.

Rəna Nəbi