XƏBƏRLƏR

18.02.2019 15:26
Mendeleyev cədvəlini modernləşdirən azərbaycanlı: “AMEA-da tanışbazlıq yığışsa, hər şey gözəl olar” - MÜSAHİBƏ  

“Təkmilləşmə nəticəsində, şagirdlər cədvəldəki kimyəvi elementlər barədə daha dolğun məlumatlar əldə edə bilərlər.  Kimyəvi elementlərin mövcud dövri cədvəlində elementlər, bir qayda olaraq, atomun quruluşuna uyğun s-, p-, d-, f- elementlər olmaqla təsnif olunub. Mənim tərtib etdiyim cədvəldə isə elementlər təsnif olunarkən metallar, qeyri-metallar və amfoter metallar olmaqla üç qismə bölünüb. Bu, cədvəlin əsas üstünlüklərindən biridir”.

Bu sözlər Mendeleyev cədvəlinin yeni tərtibatını hazırlayan Firudin Quliyevə aiddir.

DOSYE: Firudin Quliyev 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-red.) Kimya fakültəsində ali təhsil alıb. Universiteti bitirdikdən sonra 1981-2014-cü illərdə AMEA-nın kimya profilli institutunda elmi fəaliyyətlə məşğul olub. 1984-1986-cı illərdə AMEA-da aspiranturada təhsilini davam etdirərək elmi iş üzərində

işləyib və 1999-cu ildə “Dixlorhidrat-dimin efirlərinin alınma texnologiyasının işlənib hazırlanması” mövzusunda namizədlik işini müdafiə edib və kimya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

F.Quliyev 18 elmi əsərin, 3 müəllif şəhadətnaməsinin və iki patentin müəllifidir. 1997-ci ildən etibarən, Bakı şəhəri Fizika-riyaziyyat və informatika təmayüllü liseyində pedaqoji fəaliyyət göstərir.

O, işlədiyi müddətdə öz fənnini şagirdlərə sevdirməyi bacarıb, kimyəvi təcrübələrin, praktik işlərin aparılmasına daha çox üstünlük verib. Firudin müəllim ali məktəblərə hazırlaşanlar üçün 3 hissədən ibarət olan “Kimyadan test bankı” kitabının müəllifidir.

AzEdu.az F.Quliyevlə müsahibəni təqdim edir.

Mendeleyev cədvəlinin ənənəvi tərtibatı haqqında:

Kimyəvi elementlərin dövri sistemi - elmə məlum olan bütün elementləri müəyyən bir nizama görə təsnifləşdirən və araşdırmağı asanlaşdıran  sistemdir. İlk olaraq, 1867-ci ildə Con Nyuland elementləri artan atom kütlələrinə görə sıralamış və bir elementin özündən sonrakı səkkizinci elementlə bənzər xüsusiyyətlərə malik olduğunu göstərən Oktavalar qanununu ortaya qoymuşdu.

Daha sonra 1869-cu ildə Dmitri İvanoviç Mendeleyev, bənzər xüsusiyyətlər daşıyan elementləri arxa-arxaya düzdüyündə, atom kütləsinə dayanan bir cədvəl əldə etmiş və o zamanlar bilinməyən bəzi elementlərin (skandium, qallium və germanium kimi) varlığını, hətta xüsusiyyətlərini təxmin edə bilmişdi.

Mendeleyev cədvəlinin yeni tərtibatı haqqında Firudin Quliyevin dilindən:

Həyat inkişaf edir, təkmilləşir... Uzun müddət elmi-pedaqoji fəaliyyətlə məşğul olduğum üçün bilirdim ki, şagirdlərin Mendeleyevin elementlerin dövri cədvəlini daha dərindən mənimsəməsi üçün bu cədvəlin təkmilləşdirilməsinə ehtiyac var. Təkmilləşmə nəticəsində, şagirdlər cədvəldəki kimyəvi elementlər barədə daha dolğun məlumatlar əldə edə bilərlər.  Kimyəvi elementlərin mövcud dövri cədvəlində elementlər, bir qayda olaraq, atomun quruluşuna uyğun s-, p-, d-, f- elementlər olmaqla təsnif olunub. Burada hər bir elementin yerləşmə ardıcıllığı bütün mövcud qaydalara uyğun şəkildə həyata keçirilib və qanunauyğunluq qorunub saxlanıb. Mənim tərtib etdiyim cədvəldə isə elementlər təsnif olunarkən metallar, qeyri-metallar və amfoter metallar olmaqla üç qismə bölünüb. Bu, cədvəlin əsas üstünlüklərindən biridir. Bu yenilik, demək olar ki, Respublikanın bütün təhsil müəssisələrində müzakirə edilib, mütəxəssislər tərəfindən bəyənilib və müsbət qiymətləndirilib. Mendeleyevin Elementlərin Dövri Sistemi cədvəlinə qeyd etdiyim dəyişiklik Rusiya və Avropada nəşr olunan kimya elminə aid jurnallarda da yer alıb.

“Evraziyskiy soyuz uçenıx” (ESU) (Ejemesyaçnıy nauçnıy jurnal № 9(54)/2018) jurnalının “Ximiçeskiye nauki” bölməsində, “Nauka seqodnya faktı, tendençii, proqnozı” jurnalıdır. Həmin jurnalın 27 iyun 2018-ci il tarixli nömrəsinin “Ximiçeskiye  nauki” bölməsində və “Voprosı obrazovaniya i nauki”  jurnalında məqalə “Modern view on periodi table” adı ilə dərc edilib.

Cədvəlin, tədris müəssisələrində, ümumən kimyanın inkişafına öz töhfəsini verəcəyinə inanıram. Ümid edirəm ki, əlaqədar təşkilatlar da bu məsələ ilə bağlı öz sözünü deyəcək”.

“Uşaqlıq arzusu”

“Ümumiyyətlə, uşaqlıqdan arzum olub ki, nəsə ixtira edərək yaddaşda qalım. Həmişə bu arzularnan yaşamışam... Hələ orta məktəbdə oxuduğum illərdən bəri kimya elminə qarşı həvəsim, digər elmlərdən qat-qat çox olub. Atam Tarix müəllimi olub, yəni bu fənnə həvəsim özümdə daxildən gələn bir istəkdi. Məhz güclü istək məni bu səviyyəyə çatdırdı”.

“Respublikamızda Nobel mükafatı almaq üçün şərait yoxdur”.

Firudin Quliyev qeyd edir ki, şəraitlə bağlı olmasına sübut, dünyanın müxtəlif ölkələrində - Fransa, Rusiya, İngiltərədə çalışan azərbaycanlı alimlərimizin olmasıdır:

“Güman edirəm ki, onlar, misal üçün, elə fizik Tural Xudiyevi Nobelə layiq görürəm.Bu alim, hazırda dünyanın ən çox istinad edilən alimlərindən biridir.

Ümumən, Azərbaycan intellekt baxımından həddən artıq zəngindir. Elə bir sahə yoxdur ki, Respublikada həmin istiqamətdə güclü intellektə sahib gənclər olmasın. Hər bir sahədə güclülər, mütləq ki, var. Belə bir misal yerinə düşərdi: toxum eyni toxumdu, biri düşür münbit torpağa, göyərir; o biri düşür quru torpağa və göyərmir”.

“Respublikada yeganə adamam ki, uşaqlara praktiki işlərdə bu qədər çox kömək edirəm”.

F.Quliyev bildirir ki, şagird olduğum vaxtlarda təcrübələrə həsrət qalmışdım. Onun sözlərinə görə, məhz bu səbəbdən, indi şagirdləri ilə həvəslə təcrübəsini bölüşür:

“Uşaq var ki, X-XI sinfi qurtarır, lakin bir dənə təcrübə görmür. Ancaq mən VII sinif şagirdlərimə 7-8 təcrübə göstərirəm.

Bir alim kimi şagirdlərlə işləmək mənə heç vaxt bəsit görünməyib. Əgər alim öz biliyini, təcrübəsini şagirdləri ilə bölüşə bilirsə, bu, onun xoşbəxtliyidir. Alim təkcə laboratoriyadakı işi ilə kifayətlənməməlidir.

Dövlət son illərdə  təhsilin inkişafına ciddi diqqət göstərir. Buna baxmayaraq, orta məktəblərdə kimya fənninin geniş tədrisi üçün laboratoriyalar olsa da, güclü avadanlıqlar yoxdur. Əksər məktəblərin laboratoriyaları bu cəhətdən problem yaşaması reallıqdır. Biz bir çox məsələlərə hələ tam hazır deyilik”.

Son olaraq... Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə:

“Azərbaycan Milli Elmlər Akademiyasında qohumbazlıq, tanışbazlıq kimi hallar yığışdırılsa, hər şey gözəl olacaq. Elmdə bu kimi neqativ hallar olmamalıdır, elm ideallığı sevir. AMEA-da onsuz da əmək haqqı çox aşağı səviyyədədir, bu səbəbdən onların özlərini maliyyələşdirəcəklərinə inanmıram, çünki müasir tələblərə cavab verən heç bir avadanlıqları yoxdur”.