Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-17 11:57:00
Fəlsəfə doktoru üzrə doktorantura hazırlığı necə aparılır? – QAYDALAR

Doktorantura ali təhsil bazasında elmi və elmi-pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrinin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili ali təhsilin ən yüksək səviyyəsi olaraq ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalar (hərbi təhsil müəssisələrində adyunkturalar) vasitəsilə həyata keçirilir.

Bu təhsil səviyyəsi müvafiq elmi dərə­cə­lərin (elm sahələri göstəril­məklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

AzEdu.az Fəlsəfə doktoru üzrə doktorantura hazırlığı barədə məlumatları təqdim edir:

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutu­lan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Doktoranturanın tam kursunu bitirən şəxs eyni ixti­sas üzrə təkrarən doktorantu­raya qəbul oluna bilməz.

Doktoranturaya qəbul üçün hansı sənədlər lazımdır?

İlkin olaraq, doktoranturanın fəaliy­yət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na ərizə yazılmalıdır. Bundan əlavə, kadrların şəxsi-qeydiyyat vərəqi; tərcümeyi-hal; 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə); iş yerindən xasiyyətnamə (iş stajı olanlar üçün əmək kitabçasından çıxarış); çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat; ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə); şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq elan verilir.

Doktoranturaya qəbul hər il keçirilir, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə təşkil olunur.

-Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.

-Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər­­ müsahibə keçirir və rəhbərliyi həyata keçir­mək barədə razılıq və ya im­ti­na qərarını yazılı surətdə qəbul komissiya­sına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.

-Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında im­tahan­la­ra buraxıl­maq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoran­tura­nın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.

-Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dil­dən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uy­ğun olma­lıdır) və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həc­­­mində qəbul im­ta­han­­ları verirlər.

-Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.

-İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təh­sil müəssisəsinin və elmi təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.

-Komis­siya­nın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elm­lər doktoru və ya professor ol­ma­lı­dır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər. Komis­­­siya­nın sədri ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri, yaxud elmi işlər üzrə müavini təyin edilir. Müstəsna hallarda, bəzi ixtisaslar üzrə elmlər doktorları və professorlar olma­dıq­da, komissi­ya­nın tərkibinə fəlsəfə doktorları (elmlər namizədləri), do­sent­lər, xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi ol­mayan təcrübəli mütə­xəs­sislər daxil edilə bilər.

-Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.

-Ali təh­sil müəssisələrində və ya elmi təşkilatlarda yaradılmış qəbul komiss­­iyaları imtahan­ların nəticələri əsasında müvafiq qərar qəbul edirlər.

-Ali təhsil müəssisələri və elmi təşkilatların elmi şu­ra­ları doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olun­­­­maları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.

-Doktoranturaya qəbul təsdiq edilmiş plan əsasında ali təhsil müəssisələrinin və ya elmi təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.

-Doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işə götürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.

-Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu müəs­si­səyə və ya elmi təşkilata təqdim edilir.

-Doktoranturaya qəbul haqqında qərarda (əmrdə) doktorantın dissertasiyanın mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) gös­tərilir və onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya pro­fes­sor olur.

-Müstəsna hallarda, ali təhsil müəssisələrinin və elmi təşkilatla­rın elmi şuralarının qərarı əsasında müvafiq ixtisasa malik fəlsəfə doktor­ları (elmlər namizədləri) da doktorantlara elmi rəhbərlik işinə cəlb oluna bilərlər.

-Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apa­rar­kən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. On­lardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.

-Elmi rəhbər doktoranta elmi iş üzrə məsləhətlər verir, doktorantın təsdiq edilmiş fərdi iş planına (tədris proqramına) uyğun fəaliyyətinə rəhbərlik edir və disserta­siya işinin müəyyən olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.

-Bir elmi rəhbərə təhkim olunan doktorantların sayı 5 nəfərdən artıq olmamaq şərtilə, ali təhsil müəssisəsi və elmi təşkilatların elmi şuraları tərəfindən müəyyən olunur və ali təhsil müəssisələrinin və ya elmi təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.

-Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.

-Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəs­si­sə­sinin və elmi təşkilatın elmi şurası tərə­fin­dən təs­diq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.

-Doktorantların bir ali təhsil müəssisəsindən, elmi təşkila­tdan başqasına, həmçinin əyani təhsildən qiyabiyə və ək­sinə keçirilməsi ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şuralarının qərarı ilə həmin müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən Nizamnaməyə (Əsasnaməyə) uyğun ola­raq həyata keçirilir.

Qeyd edək ki, doktoranturaya sənədlərin qəbulu üçün doktorantu­ranın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təş­kilat­­ın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qə­bul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, la­bo­ratoriya rəhbərlə­­rindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalı­dır.