Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-15 14:39:00
Deputatdan təqaüdlərin artırılmasına reaksiya: "Bu qərarı rəğbətlə qarşılayıram"
 
"Cənab Prezidentimiz İlham Əliyevin  ali və orta ixtisas təhsili  müəssisələrində, AMEA-nın magistratura səviyyəsində əyani təhsil alan şəxslərə verilən təqaüdlərin artırılımasına dair imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Bir daha təsdiq edir ki, dövlətimiz təhsil alanlara xüsusi diqqət yetirir və onların ailələrinin qayğılarını yüngülləşdirməyə çalışır"
 
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, təqaüdlərin artırılması həmin kateqoriyadan olan şəxslərin sosial vəziyyətin yaxşılaşdırılmasına, diqqətlərini başlıca olaraq təhsilə yönəltmələrinə, dərslərə daha yaxşı hazırlaşmalarına, elm və təhsilimizin keyfiyyətinin artırılmasına imkan verəcək:
 
"Ali məktəblərə dövlət sifarişli yerlərin sayının artırılması təhsilin hamı üçün əlçatan olmasından ötrü cənab Prezidentimizin liderliyində dövlətimizin yürütdüyü siyasətin mühüm tərkib hissələrindən biridir. Sirr deyil ki, bəzən yüksək bal toplayan, lakin ailənin imkanlarının aşağı olması ucbatından təhsil haqqını ödəyə bilmədiyi üçün ali məktəbləri tərk edən gənclərimiz var. Bu qərarlar həmin halların qarşısını alacaq. Dövlətimiz belə bir addımı atmaqla təhsil almaq istəyən gənclərə qucaq açır. Bütün vətəndaşlarımızın qərarları rəğbətlə qarşıladığı qənaətindəyəm."