Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 16:54:00
BMU-da tələbələrin yaradıcılıq sərgisi keçirilib - FOTO  

Bakı Mühəndislik Universitetinin Memarlıq və inşaat kafedrasının təşkilatçılığı ilə 2018/2019-cu tədris ilinin payız sessiyasının nəticəsi olaraq Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan tələbələrin Yaradıcılıq–hesabat sərgisi keçirilib.

AzEdu.az xəbər verir ki, sərginin açılış tədbirində universitet əməkdaşları ilə yanaşı,  Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli vəKİV rəhbərləri iştirak ediblər.

Universitetin rektoru, professor Havar Məmmədov rəsmi qonaqlarla birgə sərginin açılış lentini kəsib və qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir, yeni innovativ texnologiyalı istehsalat müəssisələri açılır. Bakı Mühəndislik Universiteti də “Sahibkar Universitet” olmaq istiqamətində fəaliyyət göstərir. Universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına mühüm diqqət yetirilidiyini diqqətə çatdıran rektor əlavə edib ki, digər universitetlərdən fərqli olaraq, Bakı Mühəndislik Universitetində Memarlıq, Şəhərsalma və Dizayn ixtisasları üzrə tələbələr qabiliyyət imtahanı vermədən universitetə qəbul olunurlar. Buna baxmayaraq, müəllimlərin zəhməti nəticəsində əldə olunmuş nailiyyətlər təşkil olunan sərgidə öz əksini tapıb.

Qonaqları sərgi ilə tanış edən Memarlıq və inşaat kafedrasının müdiri, əməkdar memar,professorSabir Orucov sərgini BMU-da olan mühitin, əsasən də tələbə–müəllim münasibətinin bəhrəsi kimi xarakterizə edib. İnkişafımızın təməl prinsipləri kontekstində sərgidə Memarlıq və inşaat kafedrasının müəllimlərinin və tələbələrinin yaradıcılıq işləri nümayiş olunur. Sərgi əsasən memarlıq layihələndirilməsi və onun əsasları, dizaynın əsasları, kompüter qrafikası, rəsm və rəngkarlıq sahələri üzrə təşkil olunub. Bakı Mühəndislik Universitetində təşkil olunan sərgidə Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarında təhsil alan tələbələrin ümumilikdə 200-ə yaxın işi nümayiş olunub.

Qeyd edək ki, Memarlıq və inşaat kafedrası yarandığı gündən etibarən ana istiqamətlərdən biri olaraq mütəmadi şəkildə hər semestrin sonu tələbələrin yaradıcılıq hesabat sərgisini keçirir. İxtisas fənlərinin tədrisi fərdi, qrup və kollektiv yanaşma üzərində qurulur ki, bu da sərgidə nümayiş olunan layihələrdə öz əksini tapıb. Kollektiv əməyin məhsulu kimi Bakı Mühəndislik Universiteti şəhərciyinin gələcək inkişaf konsepsiyası layihəsi – maketi bunun bariz nümunəsi sayıla bilər. BMU-da bünövrəsi yeni qoyulan Memarlıq, Şəhərsalma və Dizayn ixtisaslarının təşkilində Memarlıq və inşaat kafedrasının formalaşan kollektivi milli-mənəvi dəyərlərimizlə yanaşı, sürətlə inkişaf edən dünyamızın ən yeni standartlarını da nəzərə almağı qarşısına məqsəd qoyub.