Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 15:23:00
“İcma məktəbləri”nin müəllimləri ilə müzakirə: ” 3 yaşlı uşaqlarla işləməkdə çətinlik çəkirik”  

Quba rayonunda 3 kənd (Qəçrəş, Nügədi, Çartəpə) məktəbində İcma əsaslı Uşaq Təhsil Mərkəzləri yaradılıb. Fevralın 13- ü Qəçrəş və Nügədi  kənd məktəblərində təşkil olunan həmin mərkəzlərə Mediatur təşkil olunub.

Əvvəlcə qonaqlar şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzi ilə tanış olublar.

Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəzdə məşğələlərə 22  uşaq cəlb olunub.

Layihəyə uyğun olaraq, mərkəzdə dərslər  hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir.  Aktiv valideynlər həmin mərkəzlərdə fəaliyyətə cəlb olunur. 

Məktəbin direktoru Həbib Hacıyevdir. 2 həftədir məktəbə direktor təyin olunub.

Direktor Həbib Hacıyev:

“1972-2015-ci illər aralığında İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbinin şagirdlərindən cəmi 2 qız ali təhsil alıb”.

-Məktəbdə şagird, müəllim və valideynlərin müxtəlif təklif, tövsiyyə və problemlərini rahat şəkildə bildirmək üçün şərait varmı?

-Məktəbimizin foyesində “Şikayət və Təkliflər” qutusu asılıb. Gün sonunda yoxlanılır. (Həmin qutunu göstərir)

Həbib müəllim Azedu.az portalının facebook səhifəsində canlı bağlantı vasitəsilə İcma əsaslı Uşaq Təhsil Mərkəzinin Qəçrəş kənd tam orta məktəbində yaradılması ilə bağlı təəssüratını bölüşüb.

“ Rayonun 3 ümumtəhsil məktəbində bu hazırlıq qrupları yaradılıb. Onlardan biri də bizim məktəbdir. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Uşaqlar nə qədər erkən yaşdan təhsilə cəlb olunsalar, onların sonrakı illərdə uğurlu nəticə əldə etməsi asanlaşır.

-Həbib müəllim, məktəbinizdə gənc müəllimlər də çalışır. Digər gənc həmkarlarınıza nə məsləhət görərdiniz?

-2014-cü ildən başlayaraq 13 nəfər gənc müəllim məktəbimizdə fəaliyyətə cəlb olunub. Gənc müəllimlərin olması şagirdlər üçün stimuldur. Son 2 ildə ali məktəbə qəbul olan şagirdlərimizin sayında artım var. Bu işdə gənc müəllimlərin əməyi danılmazdır.

İcma əsaslı Uşaq Təhsil Mərkəzinin müəllimi Əlsumanova Fidan: “Hazırda mərkəzimizdə 22 uşaq təhsilə cəlb olunub. Əsasən, 3-4 yaşlı uşaqlardır”.

-Uşaqlar sistemli təhsilə uyğunlaşa bilirmi?

-Uşaqların erkən yaşda təhsilə cəlb olunması gələcəkdə peşə fəaliyyətinə çox faydalı olacaqdır. 3 yaşlı uşaqlarda biraz çətinlik çəkirik. O da zamanla həll olunacaq. 2018- ci il yanvarın 3-dən bu mərkəz fəaliyyətə başlayıb. Avqust ayının əvvəlinədək davam edəcək. Hər gün 2 növbətçi valideyn təyin olunur. Onlarla birgə çalışırıq.

Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən Gənc müəllimlərdən Nigar Bəşirova tarix fənnini tədris edir. Nigar müəllimə Bakıda yaşayır. Tədris ili ərzində Qubada məskunlaşır.

Qısa avtobioqrafiya: Nigar Bəşirova 1995-ci ildə anadan olub. 2013-2017-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 2017-ci ildə MİQ imtahanında 52 bal toplayaraq Qəçrəş kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb.

-Ənənəvi sual- Niyə məhz bu məktəb?

-Ucqar kənd məktəblərində gənc müəllimlərə daha çox ehtiyac var. Gənc müəllimlər getdiyi məktəblərə yeni nəfəs gətirirlər.

Hələki burada müəllimlik fəaliyyətimi davam etdirməyi düşünürəm. Növbəti illərdə magistr təhsili almağı düşünürəm.

-Gəncsiniz(yuxarı sinif şagirdlərindən çox da fərqlənmirsiniz) , şagirdlərlə münasibət qurmaqda çətinlik çəkirinizmi?

-Heç çətinlik çəkmirəm. Şagirdlər müəllimlərə çox hörmət edirlər.

-Bakıya hansı aralıqda gedib-gəlirsiniz?

-Ayda 1 dəfə Bakıya gedirəm. Məktəbdən çox da uzaq olmayan evdə kirayə qalıram.

Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır. 

Firayə Allahverdiya