Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 13:56:00
Tələbələrin 14 fevral “planları”: “Mənasız gündü, biraz yatıb, sonra evi yığışdıracağam”- SORĞU  

“14 fevralı sevgilisi olanlar qeyd edir, sevgilisi olmayanlar isə sevgili tapacağı  günü gözləyir”.

Müqəddəs Valentin günü-“Sevgililər günü” Avropada XIII əsrdən, Amerikada 1777-ci ildən, MDB ölkələrində isə XX əsrin 90-cı illərindın qeyd olunur.

Bizdə rəsmi şəkildə  qəbul edilməsə də, cəmiyyətdə bu tarixi özəl gün kimi yaşayanlar var.

AzEdu.az  əməkdaşı tələbələr arasında sorğu keçirib. Onların  “Sevgililər günü”   ilə bağlı fikirlərini təqdim edirik:

Bakı dövlət Universiteti III kurs tələbəsi Nilufər Novruzlu  14 fevralda hədiyyələrin ancaq oğlanlar tərəfindən alınmasına razı deyil:

“14 fevrala münasibətim yaxşıdı. Artıq illərdir, Azərbaycanda fevralın 14-ü  “Sevgililər günü” kimi qeyd edilir. Təbii ki, sevgilisi olanlar qeyd edir, olmayan da oturub,  sevgilisi olacağı günü  gözləyir.

Adətə görə, bu gün  sevgililər bir-birinə hədiyyələr verirlər. Amma bəzən hədiyyəni yalnız oğlanlar  qızlara alırlar. Bu, düzgün deyil. Sevgilisizsə,  bu yolda bir addımlayırsızsa, hər şey qarşılıqlı olmalıdır, elə hədiyyələr də.

“Bir də sevginin günü yoxdur, sevənə hər gün sevgililər günüdü” fikriylə də qətiyyən razı deyiləm. 14 fevralda verilən hədiyyənin öz gözəlliyi var. İnsana özünü fərqli hiss etdirir.

O ki qaldı 14 fevralda nə edəcəyimə,  evdə ailəmlə oturub, sosial şəbəkələrdə paylaşılanlara baxacam”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin  III kurs tələbəsi Nərgiz Bağırova deyir ki, insanların bir-birinə dəyər verməsi üçün belə özəl günlərin sayı  çox olmalıdır:

“Məncə, belə günlərin sayı çox olmalıdır ki, insanlar bir-birlərinin qədrini bilsinlər.

Həmin  gün üçün xüsusi bir planım yoxdu. Yəqin ki, anama hədiyyə alacağam.

Azərbaycan Dillər Universiteti III kurs tələbəsi Nərmin Budaqlı 14 fevralda rəfiqələri ilə olacağını bildirib:

“Sevgililər gününə münasibətim pis deyil. Sevgilisi olanlar üçün xüsusi gündür. Mənim kimi sevgilisi olmayanlar üçün isə sıradan bir gün.

14 fevralda, yəqin ki, rəfiqəmlə bir yerdə olacağam”.

Bakı 1 saylı Tibb Kollecinin II kurs tələbəsi Aytən Süleymanlı  14 fevralda evdə ailəsi ilə bir yerdə olacağını deyir:

“14 fevrala münasibətim pis deyil. Sevənlər bir-birinə hədiyyələr alır, xoş gün keçirirlər.

14 fevralda xüsusi bir planım yoxdur. Həmişəki kimi evdə oturacam”.

BDU-nun IV kurs tələbəsi Həqiqət Pirməmmədovaya görə Sevgililər günü lazımsız israfa səbəb olan mənasız bir gündür:

“Açığını deyim, məncə çox mənasız gündü. Sevgili, nişanlı, ya evli olanlar onsuz da il dönümlərini qeyd edirlər. Sevgililər gününə nə ehtiyac var ki?! İsrafdan başqa heç bir mənası yoxdu. 14 fevralda xərclənən hədiyyə  pulları ilə ehtiyacı olanlara yardım edilsə daha yaxşı olar

O gün üçün  xüsusi bir planım yoxdur. 13 fevral necə, 14 fevral da elə. Kursa gedib, evə qayıdacağam, vəssalam”.

AMİU-nun başqa bir  III kurs tələbəsi Orxan Mirzəyevin Sevgililər günü üçün xüsusi bir planı yoxdur:

“Sevgililər gününə münasibətim hamı kimidir. Açığı, xüsusi bir planım yoxdu. Amma sevgilim olsaydı, həmin insana məxsus xüsusi sürprizlər hazırlayardım”.

Polis Akademiyası I kurs tələbəsi Kənan Məşədiyev hazırda sevgilisindən uzaqda olduğu üçün bu  günü tək qeyd edəcək:

“Hazırda tətil olduğundan ailəmin təkidi ilə rayondayam, sevgilim isə Bakıda. Buna görə də 14 fevral planımda televizor, çay, bir da arada rayona getmək var. Əgər Bakıda olsaydım, onunla şəhəri gəzərdik; “Sahil”, “Tarqovu”, İçərişəhər və s. Planım çoxdu, amma təəssüf ki bir yerdə deyilik”.

Qərbi Kaspi  Universitetinin  magistri  Günay Babazadə evli olsa da, bu günü hər il qeyd edir:

“14 fevrala münasibətim çox yaxşıdır. Hazırda evliyəm və həyat yoldaşımla hər il Sevgililər gününü qeyd edirik, bir birimizə hədiyyələr veririk”.

 Xəzər Universiteti III kurs tələbəsi Yaşar İsmayılov üçün 14 fevralın elə bir əhəmiyyəti yoxdur: 

“Sevgililər günü ilə bağlı  nə mənfi, nə də müsbət fikrim yoxdur. 14 fevralın  mənim üçün xüsusi bir əhəmiyyəti yoxdur. Digər günlər necə14 fevral da elə”. 

Azərbaycan Neft və Sənaye Universitetinin II kurs tələbəsi Aytac Mərdanova bu gün evdə olacağını və təmizlik işləri ilə məşğul olacağını deyir: 

“Sevgililər gününə münasibətim elə də pis deyil. Sevənlər üçün xüsusi gündür.

14 fevrala elə bir planım yoxdur. Yəqin ki evdə olacağam, yataram ya da evi yığışdıraram”. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin III kurs tələbəsi Çingiz Pirməmmədov 14 fevrala xüsusi bir planı yoxdur: 

“Evdə bişən yeməkdən yeyib TV-ə baxacağını söyləyir: 

“14 fevralın başqa günlərdən fərqi yoxdur. Fevralı 3-ü, 5-i necə, 14-ü də elə. Harasa gedəcəyimi düşünmürəm. Yəqinki evdə olaram. Bişən yeməkdən yeyib TV-ə baxaram”.

Rəna Nəbi