Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-14 12:27:00
Dərs üçün hər gün Sumqayıtdan Qubaya gedən müəllim: “Atam məni  iş vaxtı bitənədək məktəbdə gözləyir”-SÖHBƏT   

Gənc müəllimin etirafı - “Həftənin 4 günü Sumqayıtdan Qubaya gəlirəm, dərsim bitdikdən sonra Sumqayıta qayıdıram” 

Proloq xatirinə...

İbrahim Şahmərdanov adına Quba rayon  Qəçrəş kənd tam orta məktəbində 409 şagird təhsil alır. 38 müəllim müxtəlif fənləri tədris edir. Məktəbdə təkcə Qubadan deyil,  Bakı,Sumqayıt, Şəmkirdə yaşayan gənc müəllimlər də çalışır. Onlardan biri Azərbaycan Dillər Universitetinin magistrantı alman dilini tədris edən Yusifova Maraldır.

İndi keçək mətləbə...

...Daha doğrusu, müsahibəyə... AzEdu.az  əməkdaşı Təhsil Nazirliyinin Qubadakı məktəblərə təşkil etdiyi mediatur çərçivəsində bu  ən “marafonçu” müəllimə ilə ayaqüstü də olsa söhbətləşməyə macal tapıb.  Özünü qısaca təqdim edir:

 

-Azərbaycan Dillər Universitetində son kurs magistr tələbəsiyəm.2017-ci ildə MİQ imtahanında yüksək bal toplayaraq(45 bal), bu məktəbdə fəaliyyətə başladım.

-Niyə məhz Qəçrəş kənd tam orta məktəbi? 

- Rayonda yaşayan şagirdlərin alman dilini dərindən öyrənməyə ehtiyacı var.Düşündüm ki, gənc müəllimolaraq bunun öhdəsindən gələrəm. Hazırda 22 saat dərs yüküm var. 

-Bundan əvvəl harada çalışmısınız? 

-Universiteti bitirdikdən sonra abituriyent hazırlığı kurslarında işləmişəm. Bu məktəbdə 7-11-ci siniflərə alman dili tədris edirəm.

-Şagirdlərin bilik səviyyəsi sizi qane edirmi? 

-İlk gəldiyim dönəmdə şagirdlərdə zəifliyi görürdüm. İndi isə almanca xeyli söz ehtiyatına malikdirlər.Nəzəri və praktik olaraq inkişaf var. Bir  iş günü ərzində ən az 5 saat dərsim olur. 

İkinci etiraf... Amma bu dəfə daha böyük: “Atam həftənin 4 günü məni dərsə özü gətirir və dərsimin bitməyini gözləyir. Dərsim bitdikdə onunla Sumqayıta qayıdıram” 

-Gəncsiniz, evinizdən xeyli uzaqda müəllim işləməyinizə ailənizin münasibəti necə oldu? 

-Ailə dəstəyi çox önəmlidir. Onların dəstəyi olmasa idi, burada işləyə bilməzdim. 

-Magistratura təhsilinizi bitirdikdən sonra şəhərdə ya burada işləməyi düşünürsünüz? 

-Mənə işləmək üçün müxtəlif universitetlərdən təkliflər gəlir. Ancaq buradakı işimdən ayrılmaq  istəmirəm. 2 ildir bura çox öyrəşmişəm. Mənə çox doğma gəlir. Şagirdlərim məni çox istəyir, mən də onları. 

-Sonda Gənc müəllimlərə nə demək istəyirsiniz?

-Heçnədən çəkinmək lazım deyil. Rayonda işləmək insana zövq verir. Buranın mənzərəli təbiəti, insanları, müəllim kollektivi- bir sözlə, hər cəhətdən məsləhətlidir.

Firayə Allahverdiyeva