Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 12:07:37
“Biz niyə zootexniki, aqrotexniki Hollandiyadan çağırmalıyıq?” - “Yaxşı”, “pis” İXTİSASLAR

May ayında  ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək. Hər il bu imtahanlardan sonra müəyyən ixtisaslar üzrə daha çox abituriyent ərizə təqdim edir. Yəni, abituriyentlər bəzi ixtisaslara xüsusi maraq göstərirlər. Bəzən tələbat o qədər çox olur ki, həmin ixtisasların keçid balları da avtomatik qalxır.

Bəs tələbatın ildən-ilə artdığı  ixtisaslar hansılardır və bu ixtisaslara şagird axının səbəbləri nələrdir?

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov bildirib ki, DİM-in statistikasına əsasən “Riyaziyyat”, “Fizika”, "Neft-qaz mühəndisliyi", “İqtisadiyyat və idarəetmə”, "Maliyyə", "Müalicə işi", "Xarici dil müəllimliyi (ingilis dili üzrə) ən çox seçilən ixtisaslardır:

412144535.jpg

“Bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Bununla belə ixtisas saçimində müəyyən məqam və nüanslar var ki, bunu da seçimin məhz abituriyentin sırf maraq və istəkləri ilə əlaqələndirmək düzgün olmazdı. Belə ki, arzu və istəklərin fərqli olması, gənclərin ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verməsi, valideyn və repetitor reaksiyası və təsiri, ödənişin olub-olmaması və ya azlığı, çoxluğu, regional xüsusiyyətlər, gələcəkdə işlə təmin olunmaq, erkən karyera qurmaq perspektivləri, keçid balının əlçatanlığı, plan yerlərinin limiti və digər şərtlər də abituriyentin ixtisas seçiminə təsirsiz ötüşmür. Ümumiyyətlə, bizdə valideynlər övladlarının nüfuzlu ali məktəblərə və nüfuzlu fakültələrə qəbul olmağı ilə fəxr edirlər. Hamı hüquqşünas, diplomat, həkim, mühəndis olmaq üçün can atır. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, xüsusilə son illərdə “Dövrün tələblərinə uyğun olmayan ixtisaslar”, “lazımsız ixtisaslar”, “nüfuzlu ixtisaslar”, ”ən nüfuzlu ixtisaslar”, “nüfuzsuz ixtisaslar” və s. bu kimi fikirlərə geniş yer verilir. Belə mövqelər açıqlanır ki, məsələn elektrik mühəndisliyi, gəmiqayırma, maşınqayırma, meteorologiya mühəndisliyi, geodeziya və xəritəçilik kimi xeyli ixtisas var və onlar artıq müasir dövrün tələblərinə uyğun deyil. Texnoloji yeniliklər bu ixtisasların əhəmiyyətini azaldıb. Baytarlıq, aqronomluq, meşəçilik, zootexniklik, kimi ixtisaslara da hazırda əmək bazarında demək olar yer yoxdur”.

Ekspert ixtisasların “nüfuzlu” və “nüfuzsuz” kateqoriyalarına bölünməsinin tam əleyhinə olduğunu vurğulayıb:

“Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Axı niyə biz meyvə bağlarımıza aqrotexniki xidmət göstərilməsi sirlərinə yiyələnmək üçün Hollandiya və ya digər başqa bir ölkədən mütəxəssis cəlb etməliyik? Bəzi insanlar bəzi ixtisasların aktuallığının tamamilə itirdiyini və bu istiqamətdə kadr hazırlığına ehtiyac qalmadığını düşünürlər, vəziyyət isə başqadır. Bir çox ixtisaslar üzrə həm peşə məktəblərində, həm kolleclərdə, həm də ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilir və bu zaman əlavə təkrarçılığa və əlavə məsrəflərə yol verilir. Elə ixtisaslar var ki, buna yiyələnmək üçün təhsilin elə bir pilləsi, aşağı-peşə və ya orta ixtisas-kollec təhsili də kifayət edər. Bu həm də peşə məktəblərində, kolleclərdə canlanma yaradar. Nəticədə ali məktəblərimizin xidmətinə ehtiyac duyulmayan işsizlər ordusu yetişdirməsinə də ehtiyac qalmaz. Texnologiya nə qədər inkişaf etsə də, robotlar insan işini görsələr də yerli mütəxəssisin bir işə can yandırmağı başqa məsələdir. Ekspertimiz də elə onu deyir. “Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Nə vaxta qədər neftdən, qazdan asılı qalmalıyıq? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Bunun üçün kifayət qədər müxtəlif üsul və vasitələr, habelə stimullaşdırıcı imkanlar axtarıb tapmaq olar. Bununla belə, bütün hallarda tələb və təklif prinsipi əsas götürülməlidir”.

Şagirdlərin müəyyən ixtisasa axın etməsinin əsas səbəblərindən biri də psixologiya ilə sıx bağlıdır. Valideyn təzyiqi abituriyentlərin psixologiyasına birbaşa təsir edən nüans hesab olunur.

Psixoloq Elnur Rüstəmov deyib ki, dünyanın bir çox ölkələrdində peşə seçimi psixoloji diaqnostika, psixoliji testlər vasitəsilə həyata keçirilir:

elnur_rustamov.jpg

“Şagirdin humanitar və ya dəqiq elmlərə marağı olduğu hələ orta məktəbin yuxarı siniflərində müəyyən olunur və şagird yönləndirilir. Bu proses Azərbaycanda tam şəkildə olmasa da, müəyyən qədər tənzimlənir. Valideynin arzusu uşağını həkim görməkdir və məcbur edir ki, sən 4-cü ixtisas qrupuna hazırlaşmalısan. Bu kimi hallar şagirdlərə ağır zərbə vurur. Nəzərə almaq lazımdır ki, hər bir insanın konkret potensialı var. Orta məktəbin yuxarı siniflərində ixtisas müəyyənləşməli və peşə seçimi edilməlidir. Belə olduğu təqdirdə biz gələcəkdə kadr potensialını daha yaxşı formada inkişaf etdirə  bilməklə yanaşı, şagirdlərin psixoloji travma almasının qarşısını ala bilərik. Valideynlərin zorla ixtisas seçdiyi uşaqlar sabah nə işindən məmnun olacaq, nə də həyatından. Sabah da dönə-dönə təkrarlayır ki, mən buranı istəmirdim, məni bura sən göndərdin. Valideynlər uşaqlarının öz ixtisas seçimini egolarına qurban verməməlidirlər. Bütün sənətlər yaxşıdır, pis sənət yoxdur. Yetər ki, mütəxəssis kimi yetişəsən”.

Psixoloq onu da qeyd edib ki, qəbul imtahanları ərəfəsində şagirdlərin psixoloji dəstək alması mütləqdir:

“Abituriyentin real bal potensialı var. Bəzən 500-600 bal yığa biləcək şagird  sınaqda 300 bal yığır. Bunun kökü psixoloji problemlərdən qaynaqlanır. Belə ki, ya vaxtı çatdıra bilmir, iki cavab arasında qalır, ya  özünü itirir, sualı sona qədər oxumur. Bu həmin abituriyentin psixoloji dayanaqsızlığı ucbatından baş verir. İmtahan ərəfəsində müddət ərzində şagirdlərə psixoloji dəstək göstərilsə, çox yaxşı olar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları