Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 13:56:50
Elmi boşluqlara hiddətlənən gənc tədqiqatçıdan effektli metod –Təklif  

“Dövlət, müəyyən ixtisaslar üzrə xaricdə təhsil alıb mütəxəssis kimi formalaşan sosioloq və ya mühəndislərin tapılmasında maraqlı olmasa da, buna ehtiyac olduğu faktdır. Ümumiyyətlə, dövlət, boşluq olan sahələr üzrə vakansiyalar yarada və həmin sahələri ölkəmizdə inkişaf etdirə bilər. Məsələn, mühəndislik istiqamətində hansısa şirkətlərin açılması və yaxud da kadrların mövcud müəssisələrdə yüksək əmək haqqı qarşılığında işlə təmin olunmasını nümunə göstərmək olar”İnqilab Şahbazov

İnqilab Şahbazov Azərbaycan Elm Assosiasiyasının həmsədridir. O, həmçinin, bazar tədqiqatları həyata keçirən SİAR Social and Marketing Research şirkəti,  İqtisadi və Sosial İnkişaf Mərkəzinın (İSİM) tədqiqatçısıdır.

Gənc tədqiqatçı qeyd edir ki, elm sahəsindəki əsas problem humanitar elmlərin əksəriyyəti, eləcə də dəqiq elmlərdən bir neçəsinin ölkəmizdə, ya ümumiyyətlə ya da kifayət qədər inkişaf etməməsidir:

“Nümunə olaraq, humanitar sahədən başlasam, sosiologiya, kriminologiya və onların altbudaqları, eləcə də hüquq və iqtisadiyyatın müəyyən sahələrini misal gətirərək deyə bilərəm ki, müşahidələrimə əsasən, bu istiqamətlər olduqca zəif inkişaf edib. Düzdür, bu sahədə ixtisaslaşan, kifayət qədər böyük, hətta dünya çapında faydalı işlərgörən mütəxəssislər var, amma inkişaf etməkdə olan bir neçə ölkə ilə müqayisədə hələki geri qalırıq.

Azərbaycanda ümumi əmək haqqı səviyyəsi çox aşağıdır, əlavə olaraq, həmin sahə üzrə ixtisaslaşanların iş tapmaq imkanları da yoxdur və ya məhduddur. Bundan başqa, həmin sahələr üzrə tələb olmadığından Azərbaycanda, təəssüf ki, müstəqil iş qurmaq çətindir.  Xaricdə, müvafiq sahələri oxuyub ixtisaslaşmış şəxslər müəyyən sifarişləri yerinə yetirir, qarşılığında gəlir əldə edir. Bizdə isə tədqiqat sifarişləri bazarı inkişaf etməyib. Hətta Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrlə müqayisə də belə geri qalırıq və bu bazarın böyüməsinə olduqca çox ehtiyac var.

Dəqiq və texniki elmlərə gəldikdə isə, dünya ölkələrində prioritet olan bir çox sahələr, yenə də ölkəmizdə inkişafdan qalır. Misal üçün, avtopilot sistemi ilə özünü idarə edən avtomobillər, kriptovalyutalar və s. bu kimi istiqamətlərdə texnoloji nailiyyətlər əldə etmiş ölkələr kifayət qədər olsa da, bizdə bunlar elm formasında deyil, olduqca məhdud səviyyədə araşdırılır. Bu kimi elmi yeniliklərin Azərbaycanda tədqiqi və tətbiqi istiqamətində işlər görülmür”.

İnqilab Şahbazov, sadalanan problemlərdən çıxış yolu kimi əmək haqqı səviyyəsinin qaldırılmasını təklif edir.Onun sözlərinə görə, qeyd edilən sahələr üzrə ixtisaslı kadrlara olan tələbatı dövlət sektoru ödəməyə maraqlı olmasa da, bu tələbat var:

“Yəni, dövlət, həqiqətən də müəyyən ixtisaslar üzrə xaricdə təhsil alıb mütəxəssis kimi formalaşan sosioloq və ya mühəndislərin tapılmasında maraqlı olmasa da, ehtiyac olduğu faktdır. Ümumiyyətlə, əvvəlcə,dövlət boşluq olan sahələr üzrə vakansiyalar yarada və həmin sahələri ölkəmizdə inkişaf etdirə bilər. Məsələn, mühəndislik istiqamətində hansısaşirkətin açılması və yaxud da mövcud müəssisələrdə işlə təmin olunması ola bilər. Bu gün Azərbaycanda müqayisə aparanda şahidi oluruq ki, neft-qaz sahəsində və maliyyədə olan orta aylıq əmək haqqı səviyyəsi, adını çəkdiyim humanitar istiqamətlərdən qat-qat yüksəkdir. Bu da, təbii olaraq insanları cəlb edir.

Başqa bir təklif kimi isə beyin və tədqiqat mərkəzlərinin yaradılmasınınsürətləndirilməsini qeyd edə bilərəm. Sahibkarlar tərəfindən yaradılan müəssisələrin bir neçə istiqamətdə dəstəklənib, təşviq olunması mütləqdir. İnkişaf etmiş ölkələrdə sosiologiya üzrə təhsil alanlar dövlətdən sifarişlər qəbul edən tədqiqat mərkəzlərində işləyirlər. Həmin müəssisələr, adətən, vergi öhdəliyindən azaddırlar və yaxud da kiçik dərəcədə öhdəliyə cəlb olunurlar. Bizdə də belə şəraitin yaradılmasına ümid edirik”.

Son olaraq, qənaətcil olduğu qədər də effektiv metod barədə:

 “Qeyd etmək istərdim ki, boşluq hiss edilən elm sahələri üzrə xaricdə, dövlət ya da öz hesabına təhsil alan məzunların Azərbaycan universitetlərinə gətirilməsi və münasib əmək haqqı qarşılığında işə cəlb olunmasını mütləq hesab edirəm. Çünki həmin insanlar, artıq xaricdə ixtisaslaşıb və biliklərini yerli tələbələrlə bölüşə bilərlər. Bununla da dalğa effekti yaranar, belə bu, qənaətcil olduğu qədər də effektiv metoddur. Çünki bir nəfərin beyin məhsulu ilə onlarla, hətta yüzlərlə insana fayda vermiş olarıq. Beləcə, elmdə olan həmin boşluqlar da yavaş-yavaş doldurula bilər”.