Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-12 13:49:35
DİM-də imtahan cavabları  belə yoxlanılır, bu cür emal edilir - AzEdu.az-da özəl reportaj - I Hissə  

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi  yeni təhsil proqramları üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun respublikanın 26 şəhər və rayonunda sınaq imtahanları keçirib.

Yeni modelə uyğun olaraq, hər blokda 3 imtahan fənni mövcuddur. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Artıq fevralın 11-dən etibarən, DİM-də İctimai Şura üzvlərinin nəzarəti altında imtahan materiallarının emalı prosesinə başlanılıb.

Prosesdən öncə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin iştirakı ilə İctimai Şuranın iclası keçirilib. İclasda bir sıra vacib məqamlara toxunulub və yeni model qəbul imtahanlarının yoxlanılması prosesində şəffaflığın təmin olunması üçün Şura üzvlərinə materialların emalı prosesinin bütün mərhələlərini izləmək təklif olunub.

Prosesi izləyənlər arasında AzEdu.az-ın əməkdaşı da yer alıb.

AzEdu.az DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi və İctimai Şura üzvlərinin iştirakı ilə imtahan materiallarının emalı prosesindən hazırlanan reportajı təqdim edir:

Nəzəri hissə...

DİM sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov yeni test tapşırıqlarının yoxlanılması barədə ətraflı məlumat verərək, cavabların təkcə skanerlə yox, ekspert-markerlərin qiymətləndirilməsilə də aparılacağını bildiriblər.

Yazı işlərinin yoxlanmasında insan faktorunun qiymətləndirməyə hər hansı təsir göstərə bilməyəcəyi xüsusilə vurğulanıb. Qeyd edək ki, qapalı tipli tapşırıqlar optik oxuyucu, yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqlar isə markerlər tərəfindən qiymətləndirilir.

On minlərlə abituriyentin taleyinin həll olunduğu mərtəbəyə doğru…

Direktorlar Şurasının rəhbərliyi ilə sınaq imtahanlarında cavab kartlarının gətirildiyi və nəticələrin emal olunduğu şöbəyə yaxınlaşdıq. Diqqətimizi çəkən əsas məqam, şöbənin qapısının bağlı olması və buraya bir mərtəbə aşağıda çalışan DİM işçisinin belə daxil ola bilməməsi idi. Otaqlara, yalnız xüsusi buraxılış kartına malik işçilər daxil ola bilərlər.

XATIRLATMA: Şöbə ali məktəblərə qəbul imtahanlarında materialların emalı prosesinin aparıldığı yerlərdən biridir.

Otaqların təsviri..

Otağa daxil olduqda, çox sayda bağlı qutularla qarşılaşdıq; hansı ki, bu qutularda sınaq imtahanına qeydiyyatdan keçən 28337 nəfərin “cavab vərəq”ləri (açıq tipli tapşırıqlarının cavabları əks olunan) və cavab kartları var idi.

Qutuların hər birinin üzərində hansı rayon ərazisindən və binadan göndərildiyi qeyd olunmuşdu.

Məleykə Abbaszadənin tapşırığı ilə  xüsusi möhürlə bağlanmış qutular açıldı və imtahan materiallarının emalı İctimai Şuranın üzvlərinin nəzarəti altında start götürdü.

Qutular açıldıqdan sonra dəyirmi masa ətrafında əyləşən çoxsaylı xanım işçi 28 mindən çox “cavab vərəqi”ndən hər dəfə ən azı 1000 ədəd seçərək, onları “scan” olunması üçün hazır vəziyyətə gətirdi.

“Yoxlama otağı...”

Bütün“cavab vərəqi” və cavab kartları bu otaqda “scan olunaraq nəticələr açıqlandıqdan sonra abituriyentlərin “imtahan nəticələrinə dair şəxsi səhifə”lərində əks olunur.

Sözügedən otaqda, eyni zamanda qapalı tipli test tapşırıqları xüsusi skanerlər vasitəsilə oxunaraq yoxlanılır. Bu o deməkdir ki, Azərbaycanda əksər insanın iştirak etdiyi imtahan nəticələri, məhz bu otaqda qiymətləndirilib.

Nəzərinizə çatdıraq ki, qapalı tipli tapşırıqların oxunma prosesi daha sürətlə həyata keçirilir. Cavab kartında hər hansı dəyişiklik və ya zədələnmə baş verərsə, qurğu həmin kartı qəbul etməyərək xüsusi sahəyə ötürür.

Video-müşahidə

Otaqda ümumilikdə bütün görünüş rejimlərini təmin edən 4 kamera quraşdırılıb və burada baş verən ən xırda proses belə fasiləsiz olaraq daim nəzarətdə saxlanılır.

Bu gün materialların “scan” olunub şifrələnməsi yekunlaşacaq və yazı işlərinin proqram vasitəsilə kəsilmə prosesinə başlanılacaq.

AzEdu.azsınaq imtahanlarınınyoxlanılma prosesini yaxından izləyərək hər kəsin marağında olan məqamları silsilə yazılarla təqdim etməyə davam edəcək.... (ardı var)

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları