Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-12 13:15:00
Beynəlxalq olimpiadaların 19 yaşlı müəllimi: “Müəllimlərimiz koreyalıların təvazökarlığını öyrənməlidirlər” - MÜSAHİBƏ

Koreyada oxuyan gənc: “Təhsilimizdə bunu tətbiq etsək, hər şey daha da pisləşər” 

“Gənc yaşda müəllim olmağın hansısa çətinliyini görməmişəm. Sadəcə,təbii ki, şagird üçün cavan və yaşlı müəllim eyni deyil. Onların gözündə fərqli görünə bilərəm, bəzən ciddiyə almaya bilərlər. Amma bu, çox da hiss olunmur”.

19 yaşlı gənc müəllim, Fizika olimpiadaçısı, Koreyanın KAİST universitetinin tələbəsi Səbuhi Mikayılovöncə, müəllimlik peşəsini  belə izah edir.

2-3 il əvvəl özü olimpiadalara qatılan və uğur qazanan Səbuhi Mikayılov hazırda Beynəlxalq Olimpiada Mərkəzində IX sinifləri Fizika olimpiadasına hazırlaşdırır. Dediyinə görə, Koreyada təhsil aldığından yalnız tətildən-tətilə dərs demək imkanı olur. Koreya Qabaqcıl Elmlər və Texnologiya İnstitutunda Mexaniki mühəndisliyi fakültəsinin II kurs tələbəsidir. Respublika olimpiadasında 2 qızıl və 1 gümüş, dünya Fizika olimpiadasında isə bürünc medalın sahibidir.

“Burada bütün imkanlar olsa, Bakıdan kənara addım atmaram. Şəxsən mənim xarici ölkədə iş imkanlarından başqa marağım yoxdur”-deyən Səbuhi AzEdu.az-a  müsahibəsində, xarici ölkələrdəki olimpiada sistemi, olimpiadaçı şagird və müəllimlərimizin intellekti, Koreya təhsilinin çətinlikləri kimi bir sıra maraqlı məsələlərə toxunub.

AzEdu.az onunla müsahibəni təqdim edir:

-Səbuhi bəy, müsahibəyə Koreya təhsil sistemi, onun Azərbaycandan fərqləri ilə başlayaq:

-Koreya təhsil sisteminin özülüsırf uşaqları ifrat yükləmək üzərində qurulub. Orada şagirdə də, tələbəyə də həddindən çox tapşırıq verirlər. Dərs yükü buradan qat-qat çoxdur. Dərs vaxtları qısa, hətta 4 aydan azdır. Yəni, orada bizdən fərqli olaraq, az vaxtda çox şey öyrətməyə çalışırlar. Koreyalı uşaqlar çox oxumaq, çalışmaları ilə məşhurdurlar. Bu, məktəb, universitet, hətta iş yerlərində də belədir. Rəqabət böyükdür və buna görə də insanlar çox çalışırlar.

“Görünüşcə çox bənzədiklərinə görə, qrup yoldaşlarımı səhv salıram”

-Fərqli mədəniyyət sahibi olan ölkədə təhsil alırsınız. Mədəni cəhətdən buna öyrəşmək çətin olmadı ki?

-Düzü, Koreyaya getməzdən öncə oranın Çin kimi bir yer olduğunu düşünürdüm. Lakin gözlədiyimdən daha yaxşı yer olduğunu anladım. Öncə çox sıxılsam da, sonradan öyrəşdim.

Əvvəl universitetdə oxumağın asan olacağını düşünürdüm. Çünki Azərbaycanda hamını elə görmüşdüm. Amma tam fərqli oldu. Orada hətta hər qaibə görə qiymət birazaşağı düşür. Davamiyyətə diqqət etməli, çox çalışmalı olursan.

Ümumiyyətlə, çoxları koreyalıları mentaliteti olmayan, neytral insanlar kimi tanıyır. Bu ölkədə hər kəsə hörmət var. Bura yeni gedəndə mədəni cəhətdən uyğunlaşmaq çətin olmadı. Çünki demək olar ki, mədəniyyətimizə əks birşey yoxdur.

Əsas çətinliyim yeməklərə öyrəşmək oldu. Yeməklərin bişirilmə tərzi bizdən çox fərqlidir. Müəyyən vaxtdan sonra dadına da öyrəşmək olur.  Buna uyğunlaşmağım bir  il çəkdi. Amma yeni gəlib, cəmi bircə  aya Koreya yeməklərini sevənlər də az deyil.

Bir də görünüşcə çox bənzədiklərinə görə, qrup yoldaşlarımı səhv salıram. Bununla bağlı da az çətinlik yaşamamışam. Bəzən bir qrupa düşdüyüm tələbəni yeməkxanada görürəm. Düşünürəm ki, görəsən, salam verim, ya yox. Çünki tanımayıb, başqası ilə səhv sala bilərəm. Yeni başlayanda bu hal daha çox olurdu. İndi onları 70% fərqləndirə bilirəm.

-Koreya və Azərbaycan universitetləri arasında əsas  hansı fərqləri  müşahidə etmisiniz?

-Deyərdim ki, bu fərqlər çox deyil. Sadəcə, onlarda dərs yükü ağırdır. Azərbaycandakı tələbələr daha rahat olurlar. Fikirləşirlərki, tələbə oldularsa, hər şey bitdi. Yəni, əsas məqsəd universitetə qəbul olunmaqdır. Amma orada belə deyil, hər şey elə qəbul olunandan sonra başlayır.

Məsələn, mənim qardaşım burada təhsil alır. Heç vaxt dərs oxumur. İmtahandan bir gün əvvəl vərəqə baxmaqla, 90 bal alır. Koreyada isə bu, mümkünsüzdür. İmtahana 3 həftə qalmış gecə-gündüz oxumağa başlayırıq. Çox tələbə yaxşı qiymət alıb laboratoriyada çalışmaq istəyir. Çünki bunun gələcək iş həyatı üçün vacibliyini dərk edirlər. Orada ali təhsili daha ciddiyə alırlar. Müəllimlər dərsləri praktiki keçməyə çalışırlar. Azərbaycanda tələbə sualları əzbərləyir, sonra imtahana girir. Orada isə belə bir şey yoxdur.  90% imtahanlar açıq sistemdə olur.

Koreyada ilk semestr ixtisas dərsləri keçirilmir. Biologiyadan tutmuş, proqramlaşdırmaya qədər əlaqəsiz qeyri-ixtisas fənləri tədris olunur. Bir də orada ən maraqlı cəhət dərs cədvəlini tələbələrin hazırlamasıdır. Ümumi qrup üçün standart cədvəl yoxdur. Bir dərs 2-3 vaxtda olur. Tələbələr də buna uyğun seçim edirlər.  İlk ildə III kursun, III kursda  isə         I kursun dərslərini götürə bilərsən.

Müəllim adətən dərsini keçib gedir. Tələbə ilə oqədər də əlaqəsi olmur. Çünki orada müəllimin köməkçiləri var. Tələbənin sualını onlar cavablayır, imtahana hazırlaşdırırlar. Müəllim sadəcə, dərs keçir.

-Belə çıxır ki, Azərbaycanda müəllim olmaq daha çətindir...

-Demək olar, elədir. Bizdə müəllimlər daha çox işləyir, uşaqla əlaqədər olurlar. Amma orada müəllim yalnız dərsini deyib, daha sonra öz araşdırması ilə məşğul olur.

“Sırf orta məktəbdə çalışan müəllimin biliyi olimpiada üçün yetərli olmaz”

-Yeri gəlmişkən, bir qədər də müəllimlik fəaliyyətiniz haqqında danışaq. 19 yaşında müəllim olmaq çətin deyil ki?

-Düzü, hansısa çətinliyini görməmişəm. Sadəcə, təbii ki, şagird üçün cavan və yaşlı müəllim eyni deyil. Onların gözündə fərqli görünə bilərəm, bəzən ciddiyə almaya bilərlər. Amma bu, çox da hiss olunmur.

Müəllim bir proqram əsasında dərs keçir. Amma mənim kimi müvəqqəti müəllimlər kiçik mövzu ətrafında şagirdlərə suallarıişlədirlər. Uşaqlara yeni mövzu keçmirəm. Çünki başa salmaq qabiliyyətim çox da yaxşı deyil. Yalnız testlər işləyir, bilmədiklərini izah edirəm. İlk dərsimi xatırlayıram, özüm də vaxtilə o şagirdlərin yerində olduğuma görə, onları yaxşı anlamışdım.

-Sizcə,  şagirdləri olimpiadaya hazırlaşdıran müəllim hansı keyfiyyətlərə malik olmalıdır?

-Məncə, bunun üçün xüsusi bacarıq tələb olunmur. Amma məsləhətdir ki, bu şəxs ya universitetdə dərs deyən, ya da olimpiada təcrübəsinə sahib biri olsun.

Sırf orta məktəbdə çalışan müəllimin biliyi bunun üçün yetərli olmaz. Çünki suallar orta məktəb materialından çox çətindir. Üstəlik, tipləri də fərqlidir. Orta məktəb müəllimi çətin sual və fərqli proqramla qarşılaşa bilər.

-Azərbaycanın beynəlxalq olimpiadalardakı uğurlarını nə dərəcədə qənaətbəxş hesab edirsiniz?

-Yaxşı nəticələrimiz var. Azərbaycan kimi çox da böyük olmayan ölkə üçün məncə, heç də pis nəticə deyil. Amma daha da yaxşı etmək olar. Məsələn, Gürcüstandan daha çox uğur qazanmışıq. Türkiyədə yaxşı olsa da, öz potensiallarından aşağıdır. Məncə, bu, sadəcə düzgün rejimin nəticəsidir. 

Koreyada olimpiadanı daha ciddiyə alırlar. Uğurları da bunun nəticəsidir. Onlar olimpiadada olmayan mövzulara belə hazırlaşırlar. Proqramları daha geniş məzmunu əhatə edir. İsraildə uşaqlar bir neçə aylıq kurslarda hazırlaşırlar. Bunlara “kamp” deyilir. Kifayət qədər qızıl və gümüş medalları var. Özü də Koreyadakı kimi ağır yükün altına girmədən, sadəcə, yüngül rejimlə.

Xüsusi tip suallar var ki, onlar sırf mövzu biliyini yoxlayır. Çox sual işləməkdənsə, ən əsas sualları seçib işləmək yaxşıdır. İsrailli olimpiada üçün 50 sual işləyib uğur qazanırsa, çinli şagird 100-nü işləməli olur. Fizika olimpiadası 2 turdan ibarətdir: eksperimental və teorik. Azərbaycan eksperimentdə zəif nəticə göstərir. Teorik də isə əksinə. Çünki bizdə laboratoriya hazırlıqları zəifdir. Nəzəriyyə daha güclüdür.

-Bir şagird olimpiadada uğur qazanmaq üçün nələrə riayət etməlidir?

-Məncə, əsas məsələ xeyli vaxt sərf etmək və onu düzgün bölüşdürməkdədir. Çünki olimpiadaya adətən X, XI sinif şagirdlərihazırlaşırlar. Bu, həm də onların ali məktəbə qəbul vaxtıdır. Çalışmalıdırlarki, ikisini balanslaşdırsınlar.

“Altından çıxa bilməyəndən sonra, yük çox  mənasızdır”

-Heç koreyalı və azərbaycanlı şagirdlərin intellektual bacarıqlarını müqayisə etmisiniz?

-İntellekt baxımından onlarla bizim aramızda çox fərq olduğunu düşünmürəm. Sadəcə,Koreyadakı insanlar daha çox çalışdıqlarına görə irəlidə olurlar.

-Yəqin, onların belə uğur qazanması da dərs yükünün ağırlığından irəli gəlir. Sizcə, bu ağır dərs yükü Azərbaycanda da tətbiq edilsə, nəticə necə olar?

-Məncə,bunun vasitəsi ilə müəyyən qədər irəliləmək olar. Amma fikrimcə, Koreyadakı sistemi dəçox yaxşı hal hesab etmək olmaz. İnsanlara lazım olduğundan da daha artıq yük verir, stressə salırlar. Ölkəmizdə bunu tətbiq etsələr, yaxşılaşdırmaq əvəzinə, hər şeyi daha da pisləşdirərlər. Altından çıxa bilməyəndən sonra, bu yük çox mənasızlaşar.

“Bizdəki orta məktəb proqramı olimpiada üçün kifayət deyil”

-Bəlkə digər ölkələr kimi saysız-hesabsız qızıl medal qazanmağımıza mane olan elə dərsliklərdir? Sizcə, ölkəmizdəki dərsliklər olimpiadada uğur qazanmaq üçün kifayət edir?

-Dərsliklərimiz  bunun üçün qətiyyət kifayət deyil. Həmişə olimpiadaya xarici mənbələrdən hazırlaşmışıq. Uğur qazanmaq istəyən şagird rus, türk, ingilis dilli kitablardan yararlanır. O kitabların bəzilərini hazırda Beynəlxalq Olimpiada Mərkəzi tərcümə edir. İstifadə etdiyimiz dərsliklər universitet kitablarıdır. Yəni bunun üçün bizdəki orta məktəb proqramı kifayət deyil. Problem akademik mənbələrin az olmasıdır. Məsələn, Koreyada gördüyüm bütün ingilisdilli kitabların yerli  dildə tərcüməsi var. Onlar çox rahat şəkildə öz dillərində oxuya bilirlər.

Onu da qeyd edim ki, buranın kitabxanaları çox zəngindir. Axtardığım kitabların 90%-ni tapa bilirəm. Lazım olduğundan daha çox kitab var. Kitabxanada hətta yatmaq üçün də yerlər var.

-Dil biliyi məsələsinə toxundunuz. Koreyada təhsil alan tələbə ingilis dilinə nə dərəcədə güvənə bilər? Yoxsa, mütləq Koreya dilini öyrənməli olacaq?

-Məncə, Koreya dilini öyrənmək bir azərbaycanlı tələbə üçün asandır. Çünki bu dilin qrammatikası bizimki ilə çox oxşardır. Hətta bizdən daha sadədir. Yalnız söz əzbərləməklə bu dili öyrənmək mümkündür. Mən özüm yalnız ingilis dilini bilirəm. Elə ingilis sektorunda da tədris alıram.Universitet daxilində ingilis dili ilə idarə etmək olur. Amma buradan kənarda Koreya dilində bəzi sözləri öyrənməyə məcbursan.

“Həmişə düşünmüşəm ki, bizim şagirdlər niyə zəifdirlər?”

-Şagirdlə daim ünsiyyətdə olursunuz. Azərbaycan şagirdlərinin əsas çatışmazlığını nədə görürsüz?

-Əslində, bu sual məni çox maraqlandırıb. Həmişə düşünmüşəm ki, bizim şagirdlər niyə zəifdirlər? Amma cavab tapmamışam. Bəlkə də onlar dərsi daha az ciddiyə alırlar. Üstəlik, olimpiada iştirakçılarını həvəsləndirmək çox önəmlidir. Əvvəl medalçılar xaricdə təhsil şansı qazanırdılar. Dövlət proqramında olimpiada nəzərə alınırdı. İndi isə belə deyil. Dərs dediyim uşaqlar arasında olimpiadaya çox da marağı olmayanlar var. Məsələn, mənim məqsədim xaricdə təhsil idi və bilirdim ki o medala çox ehtiyacım var. Beləcə daha əzmlə çalışırdım.

Qısası, uşaqları həvəsləndirmək lazımdır. Koreyada universitetə qəbulda medal rol oynayır. Əksər ölkələrdə medalçıların xaricdə təhsili dövlət tərəfindən qarşılanır.

“Orada uşağın aşağı qiymət alması çox pis hal sayılır”

-Bəlkə bu problemi elə valideyn müdaxiləsinə bağlayaq? Sizcə, Azərbaycanda valideynlər övladının öz sevdiyi sahədə uğur qazanmasına mane olmurki?

-Bizdə şagirdə valideyn müdaxiləsi çox olur. Uşaqlara çox basqı edir, istədikləri peşəyə yönəldirlər. Beləcə, uşaq təhsil alsa da nə üçün oxuduğunu bilmir. Universitetə gedəndə ayılır ki, mən nə edirəm?  Uşaqlar məqsədi olmadan yetişdirir. Uşaq öz planını özü cızmalı, onlara sərbəstlik verilməlidir.

-Xatırladım ki, Koreya, Yaponiya kimi ölkələrdə yeniyetmələrin intiharına az rast gəlinmir. Bunu da valideyn mühafizəkarlığına da bağlamaq olar. Oradakı valideynlərin təfəkkürü azərbaycanlılardan nə ilə fərqlənir?

-Koreyada yeniyetmələrin fikir azadlığı var. Amma valideyn uşağı hansı sahəni seçir seçsin, onun üçün əlindən gələni etməyə çalışır. Orada uşağın aşağı qiymət alması çox pis hal sayılır. Valideyn diqqət edir ki, orta məktəb şagirdinin qiyməti yaxşı olsun.

-Çoxları düşünür ki, bizdə valideyn təfəkkürü müəyyən qədər rüşvət hallarına yol açır. Qəribə də səslənsə, Koreya universitetində rüşvət halı ilə rastlaşmısız?

-Qətiyyən. Orada “rüşvət” anlayışı belə yoxdur.

“Məncə, Azərbaycan müəllimi koreyalılardan sadəcə təvazökarlıq götürsün”

-Koreyada universitet rektorları Azərbaycandakından nə ilə fərqlənirlər? Bizdə çoxları rektorun əlçatan olmamasından gileylənir...

-Koreyada universitet sistemi pillə kimi qurulub: altda tələbə, sonra müəllim köməkçiləri, professor, daha sonra isə rektor gəlir. Tələbələrin yalnız professor köməkçiləri ilə əlaqələri olur. Düzünü desəm, KAİST-də heç çoxları rektoru tanımır. Çünki əlaqəmiz olmur. Sistem belə qurulub. Mən onu 5-6 aydan sonra tanımışdım.

Koreyada müəllimə hörmət böyükdür. Oradakı uşağa da, böyüyə də maksimum hörmət var. Təvazökardırlar. İnsanların özlərini digərlərindən üstün hesab etmək, özünü göstərmək kimi maraqları yoxdur.

-Koreyalı müəllimlərdə gördüyünüz hansı keyfiyyətin azərbaycanlı müəllimlərdə də olmasını istərdiniz?

-Məncə Azərbaycan müəllimi koreyalılardan sadəcə təvazökarlığı götürsün. Oradakı müəllimlər çox şeylə maraqlanmır, yalnız öz işlərini görürlər.

“2 ildir orada olsam da, koreyalı dostum yoxdur”

-Son olaraq, gələcək planlarınız nədir? Ümumiyyətlə, gələcəkdə də uşaqları olimpiadaya hazırlaşdırmağıdüşünürsüzmü?

-Magistratura təhsilimi Koreyada almamaq üçün çalışıram. Almaniya və ya İtaliyadaoxumağı düşünürəm. Sadəcə,Koreyada qalmaq istəmirəm. Ölkədə hər şey yerində olsa da, ora bağlana bilmirəm.Artıq 2 ildir, Koreyada olsam da, koreyalı dostum yoxdur. Bu, bəlkə də mədəniyyət fərqinə görədir. Xarakterin uyğunlaşmamasından irəli gəlir. Tam fərqli şeylər düşünürük

Üstəlik, insanlarında çox böyük fərq var.Ordakılar adətən, hər şeyi qəbul edən olurlar. Onlardan “pis baxdığın nəsə var?”-deyə soruşsanız, cavab tapa bilməyəcəksiniz. Hər şeyi normal qəbul edirlər. Mentalitet baxımından məhdudiyyətləri yoxdur. Çox sərbəstdirlər. Dindarlar azdır. Robot kimidirlər.

Koreyada feminist qüvvələr çox güclüdür. Ölkədə qadına önəm verilir. Qadınları mühafizə edən xüsusi qaydalar var. Parlamentdə qadın hüquqlarını qoruyanlar çoxdur.  Qadınlara qarşı cinayət daha çox cəzalandırılır. Düzdür, bu, bəzən ekstrim hallara aparır, getdikcə böyük problem yaradır. Amma mən, bundan narazı deyiləm. Tam da leyhinəyəm.

-Maraqlıdır... Belə çıxır ki, Koreyada təhsil alan qız tələbənin şansı oğlandan daha çoxdur...

-Yox, qətiyyən. Sadəcə qadınların əleyhinə olan haqsızlıq daha çox səs-küy yaradır. Amma bu, təhsil imkanına təsir etmir. Hər bir halda gələcəyimi başqa ölkədə düşünürəm...

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları