Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 16:45:00
Bu şəkildə Dədə Qorqud siqaret çəkir? - İddialara cavab

Xalq dastanının qhərəmanı Dədə Qorqudun 5-ci siniflər üşün “Azərbaycan tarixi” dərsliyinin üz qabığında təsvir olunmuş şəkli sosial şəbəkələrdə ciddi səs-küy yaradıb. Məsələ burasındadır ki, həmin şəkildə sol əlinin barmaqlarını çənəsinə tutan Dədə Qorqud sanki siqaret, ya da siqar şəkirmiş kimi baxır.

Sosial şəbəkə istifadəçiləri Dədə Qorqudun həmin rəsmini tənqid atəşinə tutublar. Və buna görə əsərin müəllifi qığa tuş gəlib.

AzEdu.az saytı məsələnin rezonansını nəzərə alaraq, dərsliyi çap edən “Təhsil NP” MMC ilə əlaqə saxlayıb.

“Təhsil NP” nəşriyyatından Modern.az-ın sorğusuna cavab olaraq narazılığa aşağıdakı kimi reaksiya verilib:

“5-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyinin üz qabığında xaqımızın qürur mənbəyi, ədəbiyyatımızın qədim və dəyərli yazılı abidəsi olan “Dədə Qorqud dastanları”nın baş qəhrəmanı Dədə Qorqudun obrazını əks etdirən əsər təqdim olunub. Bu əsərin müəllifi Azərbaycanın Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Altay Hacıyevdir. O, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin rənglərdə canlanan obrazlarını yaradıb, onlara “Xalqımızın ulduzları” adını verib. Bu rəsmlər uzun illər müxtəlif nüfuzlu sərgi salonlarında nümayiş etdirilib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu mənada Azərbaycanımızı, onun qəhrəman keçmişini tanıtdıran və təbliğ edən sənətkarlar arasında Altay Hacıyevin adı xüsusi hörmət və ehtiramla çəkilir”.

Nəşriyyat-dan bildirilib ki, əsərin müəllifi iradların absurd olduğunu deyir:

“Təsadüfi deyil ki, dərsliyin içərisində də yeri gəldikcə, Altay Hacıyevin yaradıcılığına müraciət edilib. Dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır. “Kitabi-Dədə Qorqud dastanları” xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini sübut edən ən tutarlı dəlillərdən biridir. Çox təəssüf doğuran haldır ki, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilən bu əsər haqqında gülünc iradlar eşidirik. Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.

Rəssam Altay Hacıyev 1931-ci ildə dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsüdür.

Rəssamın bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri keçirilib.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.

Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib.