XƏBƏRLƏR

11.02.2019 16:15
Bakı Dövlət Universitetində yubileylə bağlı işçi qrupu yaradıldı    

Bakı Dövlət Universitetnin 100 illik yubileyi ilə bağlı Təşkilat Komitəsi və işçi qrupu yaradılıb.

Bu barədə AzEdu.az-a  Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 noyabr 2017-ci il tarixli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2018-ci il tarixli Sərəncamı, Təhsil nazirinin 14 iyun 2018-ci il tarixli əmrini əsas tutaraq “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə Təşkilat Komitəsi və işçi qrupunun yaradılması haqqında əmr imzalayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli mərasimin, universitet məzunlarının Forumunun, BDU-nu ötən illərdə bitirmiş məzunlar arasında “BDU xatirələrdə” adlı yazı müsabiqəsinin, ali təhsil müəssisələrində Universitetin 100 illiyi münasibətilə tədbirlərin, silsilə elmi-praktiki konfransların, BDU-nun nəzdindəki Gənc istedadlar liseyinin bazasında respublika liseyləri şagirdləri arasında fənn olimpiadalarının və yubileylə bağlı müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, “Azərbaycan tarixi” muzeyində Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması, universitetin tarixini əks etdirən kitabların hazırlanması və nəşr olunması, universitet haqqında sənədli filmin çəkilişi, “Xatirə Yubiley” medalının, döş nişanlarının buraxılması, rəsm və foto şəkil müsabiqəsi, Bakı Şəhər Təhsil İdarəsi ilə birgə tədbirlərin, universitet tələbələri üçün liderlik və innovativ sahibkarlıq tədris proqramlarının təşkili və keçirilməsi də 100 illik yubileylə bağlı görüləcək işlərə daxildir.

İlin gənc müəllimi-Müraciət formu