XƏBƏRLƏR

10.02.2019 18:00
Rafiq Əliyevin təsirli  məktəb xatirələri - "Aldığım yaranın izi  hələ də dizimdədir"- FOTOLAR

Bu gün dünya çapında tanınan alim, dahi Lütfi Zadə elmi irsinin varisi və onun ən böyük davamçısı sayılan professor Rafiq Əliyevin 77 yaşı tamam olur. 

AzEdu.az saytı bu sətirlərin müəllifinin professordan vaxtilə aldığı müsahibəni təqdim edir:

Çox “tüstü”lü kəndimiz

Mən Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşam. “Vikipediya”dan tutmuş bütün internet resurslarında, kitablarımdakı məlumat hissəsində hər zaman Novruzlu kəndinin adını fəxrlə yazdırmışam ki, dünyada da həmin kəndi tanısınlar. Kəndimiz Ağdamım mərkəzindən 9-10 kilometr aralıda, Qarqar çayının sahilində  yerləşirdi.  Böyüklüyünə gəldikdə, məncə, hər hansı bir ölkənin, bölgənin, hətta kəndin də böyüklüyü onun ərazisi ilə yox, yetişdirdiyi, bəşəriyyətə bəxş etdiyi insanlarla ölçülür. O dünya və bu dünyalıq dostum Məhəmməd Əsədov ötən əsrin 80-ci illərində XIX əsrin sonlarında Peterburqda nəşr olunan bir kitabı göstərdi. Orada çar Rusiyasına daxil olan bütün yerlərin, hətta kəndlərin belə xarakteristikası verilmişdi. O zaman bir kənddə əhalinin sayını tüstü ilə ölçürlərmiş. Yəni bu kəndin neçə evindən, neçə bacasından tüstü qalxır. Novruzluda 96 tüstü olub. Amma başqa kəndlərdə əsasən 30, 40, 50 tüstü olarmış. Bu da elə o zamandan Novruzlunun böyüklüyünü göstərib. Amma yenə də deyirəm, kəndin böyüklük göstəricisi onun “tüstü”ləri yox, yetişdirdiyi böyük insanlarla ölçülməlidir. 



“Babamın koması”

Babamın tikdirdiyi ikimərtəbəli evimiz var idi. Təxminən 5-6 otaqdan ibarət idi. Böyük həyəti, babamın saldığı bağ da öz yerində. Amma kəndin ən böyük və ən yaxşı evi sayılan  üçmərtəbəli bir ev var idi. O da Azərbaycanın böyük alimi Xudu Məmmədovun anasıgilin evi idi. O vaxtı Novruzlunun yeganə üçmərtəbəli evi elə o idi. Çünki hər adam bu cür evlər tikə bilmirdi. Mən XIX əsrin sonu XX əsrin əvvəllərindən danışıram. Çünki babam da, Xudu müəllimgilin anası da o evləri bu zamanda tikmişdilər. Kəndimizin Rusiyada oxuyub gələn, bir neçə dil bilən Mirzə Çıraq adlı bir ziyalısı da var idi. O, həm mənim atama, həm də Xudu müəllimin anasına qohum idi. Elə qohumum Xudu müəllimin də, başqa insanların da yetişməsində o insanın rolu böyükdür. Bayaqkı söhbətimə yenə qayıdaraq deyə bilərəm ki, Novruzlunun böyüklüyünü göstərmək üçün bircə Xudu Məmmədovun adını çəkmək bəs edərdi. Təbii, başqaları da var. Sizə dərs deyən, Cahangir Məmmədli, mənim xalam oğlu Əli Əmirli. Anar bir dəfə bağda mənə Əli Əmirlini təriflədi. Dedim ki, o qohumum olduğuna görə belə deyirsiniz? Dedi, “qətiyyən bunu bilmirdim. O bu gün bizim əsas dramaturqumuzdur”.

Məndən köçməyən xatirələr

O zaman barama qurdu saxlayırdıq.  Barama hasil edib dövlətə təhvil verərdik və əvəzində özümüzə dəftər-kitab alardıq. Siz yəqin ki, onu görməmisiniz. Baramalıq tut yeməli olmurdu. Odur ki, yarpağını, budağını qırmağa icazə verirdilər. İş vaxtı dəhrə düz dizimə dəydi. Sürətlə qan axırdı. Bibim də siqaret çəkən idi. Tez dezinfeksiya məqsədilə cunasını yandırdı və siqaretin külünü mənim dizimə basdı. Qan kəssə də, göyərti hər zaman dizimdə qaldı. Bu saat da dizimdə o göy yer var. Mən hər zaman ona həyat mayakım kimi baxmışam. O mənim üçün əsl zəhmətin və həmin zəhmətlə yüksək nailiyyət qazanmağın, şəxsiyyət kimi formalaşmağın göstəricisi olub.   


Hər şey məktəb yolundan başladı

Uşaq çağının yaddan çıxmayan bir xatirəsi  birinci sinfə getməyimlə bağlıdır. O zaman ancaq 7 yaşı olanlar birinci sinfə gedə bilərdilər. Mənim də 6 yaşım var idi. Gördüm uşaqlar gedir, mən də onlara qoşulub məktəbə getdim. Məni məktəbə qoymadılar, dedilər ki, uşaqsan. Bir dəfə, iki dəfə, axırda müəllim dedi ki, a bala nə istəyirsən, axı sənin yaşın çatmır, bunlarla ayaqlaşa bilməzsən? Dedim, heç olmasa sinifdə oturum. Gördülər ki, mümkün deyil, elə o vaxtdan adımı jurnala yazdılar. O məktəbdə 6 ay oxudum. Sonra atamın işi ilə əlaqədar Ağdamın mərkəzinə köçdük. Atam Ağdamda zavod direktoru idi. Ailəvi ora köçdük və mən Ağdamın məşhur bir nömrəli məktəbində oxudum. Novruzludakı məktəbimiz 8-10 otaqdan ibarət birmərtəbəli, palçıqdan hörülmüş bir “bina” idi. Biz də o məktəbdə oxumuşuq, amma bina elə vəziyyətdə 1988-ci ilə qədər qaldı. 1980-ci illərdə rəhmətlik Famil Mehdi ilə Novruzluya getmişdim. Gördüm, yenə həmin o birmərtəbəli torpaqdan salınan məktəb qalır. Nəyə gücüm çatırdısa etdim, əlaqələrimdən, imkanlarımdan yaralanaraq təşəbbüs göstərdim, nəticədə 1990-cı illərin əvvəllərində  Novruzlu kəndində nəinki Ağdamda, Qarabağda, hətta Azərbaycanda nümunə ola biləcək  ikimərtəbəli məktəb binası tikildi. 600 şagirdlik məktəbin iki idman zalı və hətta kompüter otağı da var idi.

İlk universitet: evim, atam və anam  

Atamla aramızda hər zaman qalın bir pərdə olub. Mən nə ata, nə də ana silləsi görmüşəm. Ailədə demokratik bir ab-hava hökm sürərdi. Sizə bir əhvalat danışım. Bayaq dediyim dizdəki göy nişanə kimi o da mənim həyat mayakımdır. Deməli, həyətdə uşaqlarla oynayırdıq. Oyun üçün kiçik komandalara bölünmək lazım gəlirdi. Bu zaman bir uşaq qabağa gəlib dedi ki, kim mənim komandamda olmaq istəyir. İrəli çıxdım, bir başqası da özünü təqdim etdi. Sən demə, anam da pəncərədən bizi seyr edirmiş. Oynayıb qurtarandan sonra evə gəldim. Anam o zaman mənə cəmi bir cümlə dedi: “Oğlum, heç vaxt  “mən kiminlə olacağam demə, kim mənimlə olacaq de”.

Bütün həyatım boyu hara getdimsə çalışdım ki, bu fikir də mənimlə olsun. Dünyanın bir çox universitetlərində dərs dedim. Orada liderlik dərsi keçirilirdi. Anamın dediyi fikir, sən demə, həmin dərslərin əsas nüvəsi imiş. Bütün liderlər ancaq bunu düşünməlidir: mən nə etməliyəm ki, başqaları mənimlə olsunlar, mən onlarla yox! Siz gəncsiniz, həm sizə, həm də siz yaşda oxuculara demək istəyirəm ki, liderliyə gedən yolda hər hürən itə əyilib daş atsan, ora gedib çata bilməzsən. Liderlik yolunu tutmusansa, onsuz ora çatacaqsan. Amma hər dəfə əyilib, daş götürüb atsan, bu mümkün olmaya bilər.

Çörəkdən çox  yediyimiz - məhrumiyyətlər, əzab və dərd

Ailədə 12 uşaq olmuşuq. Amma o uşaqlardan yalnız 6-sı qalıb. İndi ikimiz qalmışıq: bacım və mən. Qardaşlarım da ali təhsil aldılar, öz ziyalılıqları ilə seçilən insan odlular. Təkrarçılıq kimi çıxmasın, mən yenə o dizdəki göy yaraya qayıdıram və deyirəm ki, gül-çiçək içində böyüyən insandan heç zaman şəxsiyyət ola bilməz. İnsanı insan edən, şəxsiyyət kimi formalaşdıran, adını böyük hərflə yazdıran məhz zəhmət və üzləşdiyi məhrumiyyətlərdir. Hə, yadıma düşmüşkən, bir də dərdidir. İnsanın dərdi olmasa, vallah, o, şəxsiyyət ola bilməz. Ola bilər ki, bu sözümü kimsə qəbul etməsin, amma özəl fikrimdir. Əziyyət, dərd insanı yetişdirir, insanı insan edir. Müharibənin və müharibədən sonrakı illərin əziyyətini görmüşəm. Müharibədən sonrakı illərdə - təxminən 1948-49-cu illərdə - çörək bişirən sexə gedib gecədən maşınlara yük vurardıq ki, bizə növbədən kənar bircə çörək versinlər. Çünki çörək üçün o zaman gecədən böyük növbələr düzəlirdi. İnanın, bu cür çətinliklərdən çıxan adam çox şeylərə sinə gərə bilər.

Müəllimlərim: “Yaxşı ki, o kişi olub”

Novruzluda mənə birinci sinifdə dərs deyən Qərənfil müəllimə var idi. O hər zaman xatirimdədir. Onu heç vaxt unutmadım. Amma sonradan əlaqəmiz itdi. Bir dəfə, tədbirlərin birində çıxış etdim və mənə cəmi 4 ay dərs deyən o müəllimənin də adını çəkdim. Sonda bir nəfər mənə yaxınlaşdı. Dedi, mən Qərənfil müəllimənin oğluyam, o, bu gün də durur. Bu məni çox sevindirdi. Daha çox minnətdar olduğum bir müəllimim də var, onun haqqında hər zaman danışmışam. Onuncu sinfi qurtaranda hamı elə bilirdi ki, mən universitetin filologiya, yaxud buna oxşar fakültəsinə daxil olacağam. Çünki o zaman qəzetlərdə, jurnallarda ara-sıra şeirlərim çıxırdı. Təbii ki, Ramiz Rövşənin şeirlərindən deyildi. Həvəskarın yazdığı şeirlər idi. Hərdən qəzəl də yazardım, daha doğrusu, oxşadardım. Amma müharibə görmüş fizika müəllimim Kamal müəllim məni istiqamətləndirdi.  Dedi ki, sənin potensialın ədəbiyyatdan çox kibernetikaya uyğundur. Halbuki, o zaman kibernetika qadağan edilmişdi. Onu “sarı iblis” adlandırırdılar. Çünki o zaman Vinnerin kibernetikaya aid sarı cildli kitabı çıxmışdı. Mən bu seçimə görə o müəllimimə bu gün də minnətdaram. Yenidən şansım olsaydı, bir daha bu sahəni seçərdim. Ona görə ki, özümü burada daha yaxşı tapıram.

Gah qopduğum,  gah da içində yaşadığım səslər

Ən birinci eşitdiyim və vurulduğum səs Qarqar çayının səsi olub. Bir az Bakıdan aralanıb təbiətlə təmasda olan kimi görürsən ki, orada sənə stress verən heç nə yoxdur. Çünki Allah təbiətdə stress verəcək heç nə yaratmayıb. Çayların şırıltısı, quşların səsi, mehin hənirtisi, hətta xəzəlin belə xışıltısı insana rahatlıq gətirir.  Mən “Azadlıq” radiosunda bir dəfə dedim ki, şair Musa Yaqub kimi şəffaf, dağ suyu kimi təmiz bir adam tanımıram. Ona görə ki, o, elə təbiətin özüdür.

Bir də süni səs var idi. Siz gəncsiniz, yəqin patefon görməmisiniz? O vaxtı bizim evdə patefon olardı. Mən Qədir Rüstəmovun “Sona bülbüllər”ini ,  Arif Babayevin oxuduğu bir çox xalq mahnılarını hələ o zaman, yəni 1940-cı illərdə Səyyarə Hüseynovanın ifasında “plastinka”da dinləmişəm. Onlar Qədirin, ya Arifin gətirdikləri deyil. Bir də çox maraqlı idi ki, o zaman biz radioda ancaq İran dalğalarını tuta bilirdik. Mən onsuz da muğamı sevirdim, o mənim üçün hər şeydir. Onu dinləyərkən tamam başqa dünyalara gedirəm. Amma muğamı sevməyimdə İran radio dalğalarının da rolu olub. Hə, bir də onu deyim ki, Xan Şuşinskiyə “Xan” adını bizim kənddə - Novruzluda veriblər. Bu yüz faiz dəqiq məlumatdır. Bu ahqda eşitmişdim, sonradan yaşlı kəndçilərimdən biri bu barədə danışdı. İranda Xan deyilən məşhur bir xanəndə var imiş. Bir gün Şuşinski Novruzluda oxuyanda kəndin sayılıb-seçilən bir ağsaqqalı ayağa durub deyib: “Əşi, əsl xan elə bu imiş ki!”. Beləcə, bu ad elin də dilinə düşüb. 


Orada qoyub gəldiklərim

Ən birinci torpaq. Özü də müqəddəs bir torpaq. O torpağı qoyub gəldim. Bir əhvalat danışım. Əsl ziyalı və həqiqi qələm adamı Sadıq Murtuzayevin Ağdamın raykom katibi olan vaxtlar idi. Onun Ağdamın ziyalıları ilə görüşmək kimi bir şakəri var idi. Mənim Ağdama gəldiyimi eşidib görüşməyə gəlmişdi. Abdal Gülablıda tikdirdiyi böyük sanatoriyada görüşdük. Dedi ki, hansı ziyalı gəlirsə, ərk edərək bir istəyini bildirir. Amma siz nə zaman gəlmisinizsə, heç nə deməmisiniz. Dedim, hələ ki hər şey yaxşıdır, lazım olsa deyərəm. Amma israr etdi. Çox çək-çevirdən sonra dedim ki, Novruzlu qəbiristanlığına su çəkdirsəniz, yaxşı olar. 20 gündən sonra artıq hər şey hazır idi. Qəbiristanlıqla bağın arasında bir çəpər var idi. Çəpərin bağ olan hissəsində bir artezian quyusu qazdırdı. Həmin quyudan qəbiristanlığa beş bulaq çəkdirdi. Dedim ki, bulaqlar mənim ata-anamın qəbrinə yaxın olmasın. Sonra elə bilərlər ki, mən bu məqsədlə xahiş etmişəm. Bax, orada qoyub gəldiyim ən böyük itkim o qəbiristanlıqdır. Atamın, anamın məzarları oradadır. Sizi qəmgin notlara kökləyəcəyəm. Amma nə edək, bu həyatın reallığıdır. Mən namizədlik dissertasiyasını müdafiə edən günü oğlum rəhmətə getdi. Onu da o qəbiristanlıqda dəfn etmişik.

Mənə çox arzular və təbriklər olub. Amma bilmirəm yaşla, yaxud nə ilə bağlıdırsa, jurnalist Qabil Abbasoğlunun bir təbriki daha çox yadımda qalıb. Dedi ki, sizə ən böyük arzum odur ki, övladlarınızın çiynində Novruzlu qəbiristanlığına gedəsiniz. Bu, böyük arzudur.  


Tikdim ki, izim qala

Kəndimizlə Ağdam arasında yazın əvvəllərində gediş-gəliş kəsilərdi. Qarqar çayı daşardı və çox böyük daşqınlar əmələ gələrdi. Həmin selin azı 5-6 nəfəri necə aparması bu gün də hafizəmdədir. Çünki gözlərimin qarşısında olub. Bir lal var idi, nə qədər başa salmaq istədik ki, sel güclüdür, girmə ora, qulaq asmadı. Girən kimi onu sel apardı. Bir aya qədər, demək olar kəndlə şəhər arasında əlaqə tamam kəsilərdi. Sonra bəzi  imkanlarım yarandı. İctimai əlaqələrdən istifadə edib Qarqarın üzərindən o regionda ən böyük bir körpü saldırdım. Bu gün də bəzi ədəbiyyatlarda bu barədə yazılıb. Körpü Novruzlu qəbiristanlığından başlamış ta Ağdam hava limanına qədər Qarqarın üzərindən uzanırdı. Ən böyük xeyri o oldu ki, mənfur qonşular Ağdamı tutanda insanlar bu körpü vasitəsilə daha rahat və tez qaçıb xilas ola bildilər. Sevinirəm ki, kəndim üçün həm bunu, həm də məktəbi tikdirə bildim.

“Darıxmaq da sözdür...”

O kənd üçün çox darıxıram. Orada olmaq üçün hər şeyi qurban verərdim. Allah sizə hallı bir qocalıq nəsib etsin. Görəcəksiniz ki, insan qocaldıqca torpaqlaşmaq istəyir. Yaş ötdükcə, insan daha çox nostalgiyaya dalır. Deyərdim ki, hələ darıxmaq da çox azdır. Bu nədirsə, çox ağrılı bir hissdir.

İlin gənc müəllimi-Müraciət formu