Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-04 06:22:27
Cümhuriyyətin həyatı boyu təhsil alan, elmə vurğun maarif naziri

AzEdu.az Azərbaycan təhsil və elm tarixindən silsilə yazılarını davam etdirir. 2018-ci ilin  həm “Xalq Cümhuriyyəti” ili olduğunu nəzərə alaraq, ADR təhsilinin görkəmli nümayəndəsi, ömrünü öyrənməyə həsr edən nazir Həmid bəy Şahtaxtinski haqqında yazını təqdim edirik:

1918-ci il sona yetdi və yeni – 1919-cu ilə Azərbaycan ingilis generalı Tomsonun general-qubernatorluğu altında, rəsmi tanınmamış respublika qismində daxil oldu. Lakin o, artıq müəyyən dərəcədə dövlət atributlarına – parlament, bayraq və orduya malik idi.

Düzdür, o zaman ölkədə bir deyil, tam üç ordu var idi. Yerli və ingilis ordusu ilə yanaşı, ölkədə Biçeraxova tabe olan qoşun yerləşirdi. Baxmayaraq ki, o, rəsmi olaraq Denikinin qoşununun tərkibində idi, sonuncunun Biçeraxovdan o qədər də xoşu gəlmirdi və onun təkidi ilə yanvarın 14-də L.Biçeraxov vəzifəsindən kənarlaşdırıldı.

Yanvarın sonu o ailəsi ilə birlikdə Bakıdan İngiltərəyə göndərildi. Denikinin qoşunlarına Bakıda Prjevalski başçılıq etdi. Prjevalski ilə ingilis komandanlığı arasında Xəzər dənizində hərbi gəmilərə rəhbərlik mövzusunda konflikt yarandı.

Yanvarın 22-də problemi həll etmək üçün general Erdeli Bakıya gəldi. Tomsonun ona verdiyi məlumatda deyilirdi: “İngilislərin işğal zonasında rus könüllülərinin hərbi hissəsinin formalaşdırılması və dayanması yolverilməzdir”.

Bu, o demək idi ki, tez bir zamanda, Prjevalskinin rəhbərliyi altında yerdə qalan hissələr Azərbaycanı tərk etməli idilər.

İngilis qoşununda da konfliktlər yaranırdı. Britaniya qoşunlarının qərargahının əmri ilə 8 yanvar 1919-cu ildə V Ali İbtidai Məktəb zəbt olunur, əmlakı həyətə çıxarılır. Bu barədə şəhər rəhbərliyi və şəhər idarəçiliyi xəbərdar edilmir, baxmayaraq ki, idarəçiliyin nümayəndəsi qərargahın razılığı ilə Britaniya qoşunlarının yerləşdirilməsi Komitəsinə daxil idi.

Müxtəlif konfliktlərə baxmayaraq, yanvarın 22-də Qafqazda və Balkanlarda Böyük Britaniyanın nümayəndəsi və Britaniya baş komandanı, general C.Miln üçün təntənəli qəbul təşkil olunur.

Yerli ordunun yaradılması davam edirdi. S.Mehmandarovun hərbi nazir kimi əsas məqsədlərindən biri hərbi təhsili sisteminin yaradılması idi. Ən böyük problem hərbi kadrların çatışmaması idi.

Hərbi kadrların biliklərinin genişləndirilməsi üçün yanvarın 22-də o, 12 gənci Tbilisiyə – yay məktəbinə göndərdi. Elə həmin gün o, rota feldşerlərinin hazırlanması üçün feldşer məktəbinin yaradılması haqqında sərəncam imzaladı.

Ordunun digər problemi çağırış idi. Mobilizasiya haqqında elanlara baxmayaraq, əhali hərbi hissələrə könülsüz daxil olurdu. Mehmandarov tək ailə üzvlərinin və xalq müəllimlərinin hərbi mükəlləfiyyətdən azad edilməsi haqqında qərarı təsdiq etdi.

Qeyri-sabit vəziyyətə görə Zəngəzur mahalından çağırışın formalaşdırılmasını təxirə salmaq zərurəti yarandı. Bundan sonra hərbi hissələrin heyətini inkişaf etdirmək üçün komissiya yaradıldı. Üç gündən sonra alayların adları və nömrələri təyin olundu.

Əsgərləri narahat edən məsələləri müəyyənləşdirmək lazım idi. Qarnizon üsyanının səbəblərini öyrənmək üçün Ağdama bir komissiya göndərildi. “Ağdamdakı qarnizonun dörddə bir hissəsi narahatdır”, çünki “insanlar döşəmənin üstündə uzanırlar. Yataq dəsti hamıda yoxdur”.

Zabitlər də eyni problemlə üzləşdiyinə görə vəziyyət çətinləşirdi. İş o yerə çatmışdı ki, nazir əsgərlərə verilmiş yeməklərin tərkibinə müdaxilə etməli olurdu.

Beləliklə, 29 yanvarda nazirin fərmanı dərc edildi. Fərmanda deyilirdi: “Bir çox hissədə yeməklərə pəhriz yağı qatılır və hətta plov pəhriz yağı ilə verilir. Müsəlmanların pəhriz yağını sevmədiyi və buna görə də qidaya vurulmaması nəzərə alınsın”.

Təhsil sahəsində müəyyən islahatlar davam etdirilirdi. Bakı Şəhər Şurası yeni gimnaziya tikintisini müzakirə edirdi. Hökumət isə bu zaman Salyan Realnı məktəbini milliləşdirdi, Balaxanı Realnı məktəbinə vəsait ayırdı, qadın seminariyasını kişi seminariyasına çevirdi.

Zamanla parlamentin fəaliyyəti öz axarına düşürdü. Baxmayaraq ki, parlament 7 dekabr 1918-ci ildə fəaliyyətə başlamışdı, yanvarda hələ də millət vəkillərinin mandatı yox idi. Bu səbəbdən parlament heç bir qanun qəbul edə bilmirdi. Mandatların təsdiqi ilə parlament, nəhayət, tamhüquqlu fəaliyyətə başladı.

Yanvar ayında beş görüşlər (8, 16, 25, 27 və 28 yanvar) keçirildi. Yanvarın 8-də – parlamentin elə ilk iclasında Cinayət qanunları toplusunun 129-136, 262-272, 273, 2731, 275, 276, 280, 281, 286, 318-328, 987, 9871, 1358, 13581, 13582, 13593, 135910 maddələrində nəzərdə tutulan əməllərə görə məhkum edilmiş şəxslərin əfv qərarı qəbul edildi.

Özəl meşə sahibinə vurulmuş zərərin ödənilməsi öhdəliyi, dünya hakimləri tərəfindən təyin edilən Cəzalar haqqında Nizamnamə istisna olmaqla, Cinayət islah işləri haqqında Cəzalar Toplusunun 292, 33, 394, 484, 485, 512, 513, 514, 572, 578, 395, 58-59, 591, 61-63 (I və II hissələri), 1422, 155-168-ci maddələri qəbul edildi.

Maraqlıdır ki, dekabrın 7-dək yuxarıda göstərilən maddələrə müvafiq törədilmiş cinayətlərin “dayandırılması və əbədi unudulması” qərarı qəbul edildi.

Siyasi məhbuslar barədə qəbul olunan qərar 7 dekabr 1918-ci il tarixinədək siyasi və dini səbəblərə görə cinayət törətmiş şəxslərə, təyin edilmiş məhkəmə qərarları qarşısında onlar üçün amnistiya istəyi hüququ verdi. Bu xahişlər sərəncamverici iclaslarda həll oluna bilərdi.

Yanvarın 27-də iclas yetərsay olmadığı üçün (82 deputatdan yarısı) ləğv edildi. Parlamentinin yanvarın 28-də baş tutan son iclasında rus icmasına ayrılmış yerlər hesabına bir deputat yerinin Ukrayna Milli Şurasına verilməsi qərara alındı.

“İttihad” fraksiyası parlamentə sorğular göndərdi:

  1. Ağ və qara neftin ticarəti alverçilərin əlinə keçib və tacirlərin mənfəəti ilə müqayisədə dövlət cüzi gəlir əldə edir (onlar bildirirdilər ki, kerosinin 1 pudunun 10 rubl olmasına baxmayaraq, Bakı sakinləri onu 20 rubla, Gəncə sakinləri isə hər pudunu 120 rubla əldə edirlər). Bu, hökumətə məlumdurmu və əgər məlumdursa, buna qarşı hansı tədbirlər görülüb?
  2. Hökumət adından əhalidən yığılan taxıl administrasiya tərəfindən mənimsənilir. Bundan hökumətin xəbəri varmı? (Fraksiyasının rəhbəri bildirib ki, Quba və Qazax rayonlarında toplanan buğda talan edilib).
  3. Tağıyev fabrikində hökumətin icazəsi ilə ucuz qiymətə bez buraxılır, lakin bu bez tacirlər tərəfindən bazarda yüksək qiymətə satılır.

Hökumət ətrafında bez fəaliyyəti ilə məşğul olan bu şəxslər spekulyasiya ilə məşğul olurlar (buraxılan bezin arşını 5 rubldur, lakin bazarda onu 17 rubla almaq mümkündür). Bu, hökumətə məlumdurmu və əgər məlumdursa, onlar buna qarşı hansı tədbirlər görüb?”

Tağıyev fabriki ilə bağlı başqa problem də var idi. Belə ki, ümumi tətildən sonra işçilərin tələbləri Tağıyev fabrikində də qəbul edilmiş, lakin tətil rəhbərləri işdən çıxarılmışdı.

Əmək naziri onların işə bərpasına dair əmr vermişdi, ancaq zavod rəhbərliyi buna qarşı idi. Parlamentin Sosialist fraksiyası yanvar ayında bu məsələni parlamentin iclaslarında üç dəfə qaldırdı.

Əliheydər Qarayev çıxışında bildirib: “İşçiləri həbsxanaya salırlar. İstismarçıların saraylarda, digərlərinin isə Bayılda oturmalarına yol verə bilmərik. İşçilər yox, Tağıyevlərin yeri Bayıldadır...” Lakin bu məsələyə yanvar ayının sonuna qədər baxmaq mümkün olmadı.

Yanvarın 28-də Əliheydər Qarayevin çıxışı zamanı bəzi millət vəkilləri zalı tərk etdilər və məsələ növbəti iclasa keçirildi. Tətil məsələsi parlamenti o qədər qorxutdu ki, Rusiya imperiyası zamanı ticarət şirkətlərinə verilən sazişlərin vaxtının uzadılması haqqında qanun tələsik qəbul olundu.

Kollektiv müqavilənin bir sıra maddələri istisna olmaqla, uzadılmasına qərar verildi. Bununla bərabər, parlament (16 yanvar) deputatların olmaması haqqında, üzvlüklə dövlət işinin üst-üstə düşməməsi haqqında (deputatların nazir vəzifələrindən başqa vəzifə tutmaq hüququ yoxdur), Bakı və Gəncəyə yatalaq epidemiyasına qarşı mübarizə üçün ssuda verilməsi və hökumətə 20 milyon rubl (hamısı yanvarın 25-də) verilməsi haqqında qanun qəbul etdi.

Parlamentin səylərinə baxmayaraq, iqtisadiyyat hələ də pis vəziyyətdə idi. “Azərbaycan” qəzeti fransız iş adamları ilə “İqtisadiyyatının inkişafı üçün nə etmək lazımdır?” sualı ətrafında müzakirə apardı və yanvarın 10-da çıxan nömrədə onların təkliflərini dərc etdi. Onlar xarici kapitalın verilməsi üçün güzəştlərin təmin olunmasını təklif etdilər.

Hər şey kağız üzərində qaldı. Əhali isə yüksək qiymətlərdən şikayətlənməkdə davam edirdi. Buna görə neft sənayesi sahiblərinin qurultayı işçilərə əlavə müavinətlər (ailəli olanlara 60 rubl, tələbə və yetkinlik yaşına çatmayanlara 180 rubl ) ödənilməsi haqqında qərar qəbul etdi.

Hökumət ümidlərini yalnız xarici ticarətə bağlamışdı. Belə ki, yanvar 2-də siyənək ixracı üçün rüsum qaldırıldı, yanvarın 4-də İranla əmtəə mübadiləsi haqqında düşünmək nəzərdə tutuldu, yanvarın 11-də mallar müsadirədən azad edildi, yanvarın 25-də ölkədən konyak və tut arağının çıxarılmasına (aksizdən asılı olmayaraq, qradusa görə 50 qəpik, hər şüşəyə 4 rubl rüsum) icazə verildi.

Bununla yanaşı, hökumət ölkənin daxili iqtisadiyyatını da stimullaşdırırdı. Yanvarın 27-də üşur natural vergisi ləğv edildi (kənd təsərrüfatı məhsullarından alınan 1/10 vergi).

Həmin vaxt Bakıda təkcə iqtisadi vəziyyət deyil, hətta sanitariya vəziyyəti də pisləşirdi. Buna görə yanvarın 11-də ingilis həkimin rəhbərliyi altında Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Şəhər İdarəçiliyi, konqres, neft sənayesi sahiblərinin Qurultayı və “Sentrodom” nümayəndələrinin də daxil olduğu Mərkəzi Sanitariya Bürosu yaradıldı.

Büro epidemiya ilə mübarizədə hədsiz səlahiyyətə malik idi. “Sentrodom”un və ingilislərin fikrincə, şəhərin əsas təhlükələrindən biri müxtəlif zöhrəvi xəstəliklərin yayılması idi.

Regionlarda da vəziyyət yaxşı deyildi. Qarabağda böyük problemlər müşahidə edilirdi. Bakı təxminən hər gün Şuşa qəzasının sədrindən və ya Gəncə qubernatorundan Qarabağda olan müxtəlif konfliktlər, toqquşmalar haqqında raportlar alırdı. Buna görə ingilislər Qarabağa bu bölgənin taleyi həll olunanadək fəaliyyət göstərəcək general-qubernator təyin etmək qərarına gəldilər.

Beləliklə, 15 yanvar 1919-cu ildə Xosrov Paşa bəy Sultanov “Britaniya komandanlığının razılığı ilə müvəqqəti olaraq, Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının general-qubernatoru təyin edilir. Göstərilən ərazilərin taleyi aidiyyəti sülh konfransında həll olunacaq”.

Onun təyinatı erməni əhalisinin narazılığına səbəb oldu, lakin Tomsonun sözlərinə görə, o, “qabiliyyətli və nüfuzlu insan” olduğu üçün seçildi. Ayın sonunda isə bu təyinat ölkə hökuməti tərəfindən də təsdiqləndi.

Müxtəlif münaqişələr tək Qarabağda deyil, Hacıqabul və digər bölgələrdə də baş verirdi. Onların bir çoxu parlamentin sessiyalarında müzakirə olunmuşdu.

Millətlərarası məsələləri nəzərə alaraq, hökumət yanvarın 27-də Azərbaycan ərazisində törədilən “oğurluq, adam öldürmə, qadınlara qarşı zorakılıq və bu kimi hərəkətlərlə müşayət edilən” millətlərarası münaqişələrin təqsirkarlarını “ölüm cəzası da daxil olmaqla, yüksək cəza tədbirləri görülməklə hərbi-səhra məhkəməsinə verilməsinin” zəruriliyi barədə qərar qəbul etdi.

Hökumət hələlik qonşuları ilə əlaqələrini möhkəmləndirirdi. Sazişlərin bir çoxu bu və ya digər sahə ilə əlaqəli idi. Belə ki, 3-4 yanvar tarixlərində Gürcüstanla poçt və teleqraf əlaqəsinin qaydaya salınmasına dair müqavilə imzalandı, yanvarın 9-da isə Dağlılar Respublikası ilə qida haqqında saziş təsdiq edildi.

Sazişə əsasən, Dağlılar Respublikası Azərbaycana hər puduna görə 60 rubl dərhal ödənilməklə, 50 vaqon taxıl gətirməli idi.

Ancaq bu vaxt ən əhəmiyyətli məsələ Paris Sülh Konfransına göndəriləcək heyətin formalaşdırılması idi. Yanvarın əvvəlində Əlimərdan bəy Topçubaşov (başçı), M.Q. Hacınski, A. Ağayev və A. Şeyxülislamovun daxil olduqları nümayəndə heyətinin tərkibi təsdiqləndi.

  1. Məhərrəmov, M.Y. Mehdiyev və C.Hacıbəyov isə məsləhətçilər kimi təsdiq olundular. C. Hacıbəyov yanvarın 9-da “Azərbaycan” qəzetinin baş redaktoru kimi oxuculara məktubla müraciət edərək bildirdi ki, ölkəni Avropada təmsil etmək üçün o, nümayəndə heyətinə qoşulmağa və öz vəzifəsindən getməyə məcburdur.

Daha bir problem İrəvan əyalətində müsəlmanların vəziyyəti ilə bağlı idi. Hələ yanvarın 7-də A. Ziyadxanov Ermənistan hökumətinə nota göndərdi:

“İrəvan quberniyasının müsəlmanları çoxsaylı erməni silahlı qüvvələri tərəfindən zorakılığa məruz qalırlar, öldürülürlər, qarət olunurlar, kəndlərdə və şəhərlərdə müsəlmanların silahları əllərindən alınıq, onları tabeçiliyə məcbur edirlər”.

O bildirirdi ki, təkcə ermənilərin təqibindən qaçarkən Araz çayında boğulan müsəlmanların sayı 300 nəfərə çatır. Ziyadxanov Əlimərdan bəy Topçubaşova “Qafqazın müsəlmanlar yerləşən ərazisində “status-kvo”nun saxlanılması üçün təcili addım atmaq zərurəti” olduğunu qeyd etdi.

Yanvarın əvvəlində Bakı şəhərində yaradılan İrəvan müsəlmanlarının icması Ermənistan əleyhinə fəallıq tələb edirdi. Nəticədə, 31 yanvar 1919-cu ildə icmanın sədri Məmməd Xan Təkinski Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi təyin edildi.

Baxmayaraq ki, Naxçıvan və onun ətraf ərazisi Azərbaycanın tərkib hissəsi idi, lakin hakimiyyət heç bir şəkildə yerli hökumətə təsir edə bilmirdi. Buna görə 17-18 yanvar tarixlərində Türkiyənin yardımı ilə Qarsda 100-ə yaxın nümayəndə toplaşaraq, mərkəzi Qars olmaqla “Cənub-Qərbi Qafqaz Respublikası”, həmçinin mərkəzi Naxçıvan olmaqla, Şərqi və yaxud “Araz Türk Respublikası”nın təntənəli elan edilməsi qərarını qəbul etdi.

Müvəqqəti hökumət formalaşdırıldı. Rəsmi olaraq, Osmanlı bayrağını qəbul etdilər, Acarıstandan Fars sərhədinə qədər olan sahəni isə öz əraziləri elan etdilər.

Onlar D.Lloyd Corca, Puankare və V.Vilsona məktub göndərərək, onların Qars, Ərdahan, Batumi və digər rayonlara olan hüquqlarını qəbul etmələrini tələb edirdilər, həmçinin qeyd edirdilər ki, bu bölgədə müsəlmanların sayı üç milyon nəfərdir, lakin erməni və yunanlar əhalinin cəmi 10 faizini təşkil edirlər.

Onlar özlərinin 5-6 min nəfərlik ordularını yaratdılar. Bununla yanaşı, başa düşmək lazım idi ki, orada hələlik respublikanın fəaliyyətinə mane olmayan ingilislər var idi.

Düzdür, Qarsın ingilis hərbi başçısı, polkovnik K.Timberley bildirirdi ki, “bu təşkilatın ürəyi Şövkət paşadır. O, bu mərkəzləri yaradıb, hansı ki, silahla, zabitlərlə və instruktorlarla, həmçinin tərxis olunmuş əsgərlərlə təmin olunur”.

Həmid bəy Xəlil oğlu Şahtaxtınski
(1880-1944)

Həmid bəy Şahtaxtınski 12 mart 1880-ci ildə Naxçıvanın Şahtaxtı kəndində anadan olub. İbtidai təhsilini kənd mollaxanasında alıb, sonra isə Naxçıvanda üçsinifli şəhər məktəbini bitirir.

1890-cı ilin ikinci yarısında o, İrəvan Müəllimlər Seminariyasına daxil olub, 1899-cu ildə oranı bitirib. Həmin il seminariyada müəllim kimi fəaliyyətə başlayıb. O, Azərbaycan və rus dilləri üzrə müəllim idi. İrəvanda ictimai işlərlə fəal məşğul olmağa başlayıb, yerli müsəlman xeyriyyə cəmiyyətinin üzvü olub.

Rus inqilabından sonra o, Odessada Novorossiysk Universitetinin hüquq fakültəsinə daxil olur. Təhsil aldığı dövrdə yerli Azərbaycan icmasına başçılıq edir. 1912-ci ildə təhsilini başa vurduqdan sonra Yelizavetpola (indiki Gəncə) köçür və dairə məhkəməsində köməkçi vəzifəsinə işə düzəlir.

Fevral inqilabını Bakıda qarşılayır. Elə həmin vaxt “İttihad” partiyasına (o zaman “Rusiyada müsəlmanlıq”) daxil olur. 29 avqust 1917-ci ildə Zaqafqaziya təhsil komissarlığına, komissar vəzifəsinə təyin olunur. Azərbaycan Milli Şurasının fəal üzvü olur.

Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra, o, təhsil sahəsində çalışıb. II, III, IV və V kabinetlərdə maarif naziri vəzifəsini tutub. V kabinetdə onun səlahiyyətinə dinlə münasibət də daxil idi.

5 mart 1920-ci ildə istefa verib, fikrini parlament və universitet fəaliyyətinə cəmləşdirib. Maarif naziri vəzifəsində işləyərkən, ölkə ərazisində ali təhsil müəssisələrinin yaradılmasında böyük rol oynayəıb.

Məhz onun dəstəyi ilə 1918-ci ildə F.Köçərli Qazax Müəllimlər Seminariyasını yarada bildi.

Şahtaxtınski Bakı Dövlət Universitetinin yaradılması üçün Razumovskini şəxsən çağırmış və onunla görüşmüşdü. Yarandıqdan sonra isə onun prorektoru vəzifəsində çalışmışdı. Bununla yanaşı, o, yeni dərsliklərin hazırlanmasında, Azərbaycan dilinə tərcümə edilməsində və bir çox işlərdə iştirak edib.

Sovet hakimiyyətinin yaranmasından sonra o, öz fəaliyyətini BDU-nun prorektoru və müəllimi kimi davam etdirib. Maraqlıdır ki, o, demək olar ki, bütün həyatı təhsil almaqla keçib. Son təhsilini Tiflisdə Zaqafqaziya Universitetində alıb.

1928-ci ildə universitetin tibb fakültəsini bitirib. Bundan sonra Xalq Maarifi Komissarlığının tərkibində ikiillik müəllimlər məktəbində işləyib və 1940-cı ilədək Azərbaycan Dövlət Tibb İnstitutunun professoru olub.

Repressiyaya kimi o, dərsliklərin hazırlanmasında, elmi terminlərin Azərbaycan dilinə tərcümə edilməsində fəal iştirak edib və Azərbaycan əlifbasını tərtib edənlərdən biri olub. O, əlifba haqqında təkliflərini hələ 1918-ci ildə irəli sürüb, lakin onda bu məsələyə baxılması başqa vaxta keçirilib.

1941-ci ildə həbs olunub və sürgünə göndərilib. 1944-cü il fevralın 3-də Arxangelsk vilayətində – sürgündə vəfat edir. (oxu.az)