XƏBƏRLƏR

06.02.2019 11:10
İntizamli direktorun iradları: “Valideynlər elə geyimdə gəlirlər ki, onları dəhlizə buraxmaq belə olmaz”-MÜSAHİBƏ    

“Şagird, müəllim və valideyn  gözləmə otağında dayansa, öncə birincini dinləməyərəm”

AzEdu.az Bakı Şəhər Təhsil İdarəsi ilə ortaq layihəyə start verərək, orta məktəb direktorları ilə silsilə müsahibələrə başlayır. Bu sözləri də elə layihə çərçivəsindəki ilk həmsöhbətimiz - Bakı şəhər 283 saylı orta məktəbin direktoru Tünzalə Zeynalova deyib.

O, AzEdu.az-a müsahibəsi zamanı məktəb idarəetməsinin qaydaları, şagird, valideyn, müəllim təbəqəsi ilə yaşanan praktiki hallardan söz açıb:

“Uzun müddət vəzifədə qalmağın tərəfdarı deyiləm”

-Tünzalə xanım, icazənizlə, müsahibəyə bügünəcən olan fəaliyyətiniz, məktəb üçün gördüyünüz işlərdən danışmaqla başlayaq...

-Bizim nəsildə müəllim yoxdur. Mənsə, hələ orta məktəbdən müəllimliyi arzulayırdım. Çünki məktəb həyatını sevmişdim. Yadıma gəlmir ki, müəllimlərimdən biri haqda hansısa mənfi düşüncəm olsun. Məni indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə də məhz bu peşəyə vurğunluğum gətirdi. Elə məzun olan kimi müəllimlik fəaliyyətinə başladım. Qeyd edim ki, ADPU-nu ayrı-ayrı vaxtlarda 2 dəfə bitirmişəm: bir dəfə İbtidai təhsil, bir dəfə isə Tarix müəllimliyi üzrə. 12 il ibtidai sinif, 12 il Tarix müəllimi, 12 il də direktor müavini işləmişəm. Təcrübəmdə adətən, çətin siniflərə üstünlük vermişəm. Çünki bir az diqqət, sevgi göstərsən, çətin şagirdləri də yola gətirmək olur. Nəticəni görəndə sevinirəm ki, faydalı olub, hansısa uşağın həyatında dönüş etdim.

Bu vəzifəyə isə 2015-ci ildə təyinat aldım. Öncə təbii ki, çətinliklər oldu. Çünki məndən əvvəl bu məktəbə 30 ilə yaxın eyni şəxs rəhbərlik edib. Qaydaları birdən-birə dəyişmək asan deyildi. Buna görə də uzun müddət vəzifədə qalmağın tərəfdarı deyiləm. Bir idarəedicinin 20-30 il rəhbər işləməsinin effektini görə bilmirəm. İslahat bir müddətə qədərdir. Onlar yerinə yetiriləndən sonra yeni islahatlara ehtiyac yaranır.

Təyinat alandan sonrakı ilk addımım müəllimlərin şəxsi işləri ilə maraqlanmaq oldu. Onların tərcümeyi-halı, Diaqnostik Qiymətləndirmədən topladıqları balla tanış oldum. Məktəbdə ixtisasdan maksimum bal toplayanlar var. 35-dən  yuxarı bal toplayanlar 44-45 % təşkil edir. Düzdür, gənc kadrlar azdır. Amma yaşlılar olmasa, gənclərə yol göstərən də tapılmaz.

Məktəbi inkişaf dinamikası ilə aparmağa nail ola bilmişik. Respublikanın 50 məktəbindən biri də bizim məktəbdir ki, burada Rus dili fakültətiv tədris olunur. 4 ildir məktəb Rusiya səfiri tərəfində ayrı-ayrı nominasiyalarda təltif olunur. BŞTİ-nin “Ən yaxşı məktəb saytı” müsabiqəsində də qalib olmuşuq.

2016-cı ildə məktəb qəbul nəticələrinə görə “Respublika yüzlüy”ünə daxil olub. 2017-ci ildə 56-cı, 2018-ci ildə isə 38-ci yerdə qərarlaşıb. Bu il 34 məzunumuzdan 32-si ali məktəbə qəbul olunub. Onun 7-i 600, 4-ü isə 650-dən yuxarı bal toplayıb. Şagirdimiz Reyhan Camalova məktəbin uğurlarının sübutudur. İstedadlı uşaqlara diqqət artıb. Bu il olimpiadalardan da gözləntilərim çoxdur. Məktəbdə “Faydalı olaq” adlı ayrıca otaq ayırılıb. Bu otaqda yuxarı siniflər aşağı sinif şagirdlərinə kömək edirlər. Valideyn klubunu da yaratmışıq. “Evdə təhsil” Mərkəzimiz var.

Bundan əlavə, bütün layihələrdə iştirak etməyə çalışırıq. III qrant müsabiqəsinə direktor olaraq evdə təhsillə bağlı layihə hazırlamışam. Bu layihənin belə uşaqlara böyük köməyi dəyə bilər. Müəllimlərimiz təcrübəli olsalar da, fiziki məhdudiyyətli uşaqlarla işləməyiblər. Layihə çərçivəsində ekspertlərin müəllim və valideynlərə təlim keçməsini istəyirəm. İnanın, valideynlər belə uşaqlarla lazımi şəkildə danışıb səbr göstərə bilmirlər. Onlara xüsusi qayğı lazımdır. Bu il 12 layihə verməyə hazırlaşırıq. Onlardan ən azı 2-3-ü keçəcək.

-Sizcə, direktor daha çox menecment, yoxsa, müəllim olmalıdır?

-Doğrudur, direktor yaxşı idarəedici olmalıdır. Amma bununla yanaşı müəllimlikdən məlumatlı olmalı, bu yolları keçməli, çətinlikləri görməlidir. Direktorun şagirdlə işləmək bacarığı olmasa, təcrübəli müəllimləri necə istiqamətləndirə bilər? Direktor mütləq müəllim olmalıdır. Təəssüf ki, hazırda bu məktəbdə saat az olduğu üçün müəllimlik edə bilmirəm.

“Vicdanım yol vermədi ki, özümə dərs saatı götürüm”

-Dərs saatı demişkən, məktəb direktorunun həm də dərs deməsi, özünə  müəyyən saat götürməsinə münasibətiniz necədir?

-Bunu hüquqi cəhətdən düzgün hesab etmirəm. Çünki direktoru ştatda iki cür oturmuş olur: müəllim və direktor kimi. Müəllim isə bir ştatdadır; o, yalnız müəllimdir. Saat azdırsa, inzibati heyətin dərs götürməsi hüquqi cəhətdən düzgün deyil. Düzü, mən  bunu mənəvi cəhətdən də doğru hesab etmirəm. Necə ola bilər ki, müəlliminin dərs saatı az olduğu halda, sən özün dərs deyəsən?!

Bölgü zamanı mənə də dərs təklif etdilər. Amma vicdanım yol vermədi ki, özümə dərs saatı götürüm. Əslində, ürəyimdə qalmışdı. Şagirdlə ünsiyyət, doğmalıq mənim üçün hər şeydir. Bu səmimiyyətdən, auditoriyadan uzaqlaşmaq istəməzdim. Hər halda, kifayət qədər təcrübəm, bazam var, dərsin də öhdəsindən gələrdim. Bircə sinif belə olsa, götürmək istərdim. Amma saat az olduğu halda direktorun özünə dərs götürməsini qəbul etmirəm.

“Bəzən, valideyn elə geyinir ki... Onun məktəb dəhlizində hərəkətinə icazə  vermək mümkün deyil”

-İnanın, heç dərs deməyə direktorun vaxtı da çatmır. Onun nə qədər zamanı var ki, hələ bir dərsə də hazırlaşa bilsin. Axı, elmi, pedaqoji biliklərlə yanaşı, texnoloji biliklər də lazımdır. Səhər işə başlayırıq, saat 8-ə qədər 4-5 valideyn qəbul edirəm. Onlar gözləməyi sevmirlər. Dinləmədən isə heç bir məsələ həll olunmur. Valideynləri istənilən vaxt dinləmək lazımdır. Çünki təhsilin sifarişçisi onlardır. Valideyn otaqdan razı çıxmalıdır. Qapıları onların üzünə açmışıq. Amma sərbəst yox. Əvvəl valideyn istənilən saatda sinif otağına daxil ola bilərdi. Təyinat alandan sonra göstərişlərimdən biri bu sərbəstliyin dayandırılması ilə bağlı oldu. Öncə valideynlərdən etiraz eşitdim. Mən iradlara həmişə açıq olmuşam. Qərəzsiz iradları sevirəm.

Cəmi 1 ay idi ki, təyinat almışdım, ümumməktəb valideyn iclası keçirib, onları dinlədim. Narazılıq edirdilər ki, biz istədiyimiz vaxt gəlib, sinif otağına girməliyik. Onları dinləyəndən sonra dedim: hörmətli valideynlər, məktəbdə 1500-ə yaxın şagird var. Onların bircə valideynini hesablayaq. Hələ nənələri demirəm. Bu qədər insanın ixtiyarı zaman məktəbə gəlməsi sizin övladınızın təhlükəsizliyini nə dərəcədə təmin edər? Siz bunumu istəyirsiz? Mən elə bilirdim ki, sizin övladınızın təhlükəsizliyi onların təhsilindən vacibdir. İstənilən şeydə məktəb olaraq yanınızdayıq. Hansı dərsi dinləmək istəyirsizsə, müraciət edin. Telefonu söndürmək və məktəbə uyğun geyinmək şərti ilə buyura bilərsiz. İnanın, bəzən valideyn elə geyinir ki... Onun məktəb dəhlizində hərəkətinə icazə  vermək mümkün deyil.

Artıq indiki iclaslarda bu məhdudiyyət üçün mənə təşəkkür edirlər. O qədər natamam ailələr, münaqişəli məsələlər var ki... Ailə boşanıb, bəlkə hansısa valideynin uşaqla görüşməyə ixtiyarı yoxdur, uşaq qaçırılması halı ola bilər. Bunun üçün biz gələn valideynin kim olması ilə maraqlanmalıyıq.

Sən demə, əvvəl bu məktəbdə direktorun otağına nəinki şagird, müəllim belə girəndə ayaq üstə dayanmalı imiş. Amma indi şagird otağıma girəndə rahat əyləşməli, sözünü deməlidir. Deyirəm ki, uşaqlar bu məktəb sizindir.

Kənardan bu məktəbə şagird gətirəndə burada bir sistem, nizam-intizamın olduğunu deyirlər. Məktəb adları çəkirlər. Deyirlər ki, içəri girib otaqları gəzmişik. Yarım saat bizdən soruşan olmayıb ki, siz kimsiniz?

“Hansı problem olubsa, uşağın valideynini dəvət edəndə görmüşük ki, ya natamam ailədir, ya da sosial problemləri var”

-Sizcə, azərbaycanlı valideyn övladına qarşı hansı yanlışlara yol verir?

-Valideynin övladına yanaşması doğru olmalıdır. Bir neçə misal çəkim:

Həsən bəy Zərdabi adına “Oxuma-anlama” layihəsi var. Bu layihə ilə bağlı valideyn iclası keçirdik. Mən və Təhsil Nazirliyinin əməkdaşı çıxış edib şagirdlərin mənimsəmə qabiliyyəti, nəticələr barədə danışırıq. İnanın, zaldan reaksiya ala bilmirdik. “Övladınıza zaman ayırırsınız?”-deyə sual verdik. Auditoriyadan cavab gəlmədi.

İclaslarda uşağa vaxt ayırmaq məsələsinə tez-tez toxunuruq. Bu ərazidə sosial problemli, natamam ailələr çoxdur. Məktəbdə hansı problem olubsa, uşağın valideynini dəvət edəndə görmüşük ki, ya natamama ailədir, ya da sosial problemləri var.  Adətən dolanşığa görə, övladlarına az vaxt ayırırlar. Bəzən isə valideyn hesab edir ki, uşağa kompüter veribsə, hər şey tamamdır. Nə bilirsiz ki, övladınız hansı işlə məğuldur, hansı saytlara girir?

Bu yaxınlarda bir məktəb qrant layihə uddu. Bu layihə bizdə də tətbiq olundu. Layihə çərçivəsində məktəbə cinsi tərbiyə mövzusu ilə bağlı mütəxəssislər gəldi. Biz olmamaq şərti ilə, oğlan və qızlarla ayrı-ayrılıqda iş aparıldı. Ortaya nə qədər problemlər çıxdı. Məlum oldu ki, uşaqlar təkdir. Qayğıya ehtiyacları var. Bölüşməyə valideyn istəyir, tapa bilmirlər.

Dəfələrlə valideynin fiziki məhdudiyyətli uşaqla davranışının şahidi olmuşam. Tamamilə səbrsiz, hözsələsiz... Axı, bu uşaqlara fərdi yanaşmaq lazımdır.

Valideynlərin “Whatsapp” bəlası...

-Təəssüf  ki, bu gün valideynlər arasında “Whatsapp” deyilən qrup, sosial şəbəkələr var. Valideynlər bunu da məktəbin üzərinə qoyur, deyirlər ki, buna da siz nəzarət edin. Votsap qrupunda hansısa böyük insanların bir-birinə iradlarına bizim də mövqeyimizi istəyirlər. Valideynlərin sözləri bir-biri ilə uyğun gəlməyəndə buna məktəb direktorunun müdaxilə etməsini tələb edirlər. Bunun məktəbin funksiyasında olmadığını həssaslıqla başa salmağa çalışırıq.

İclaslarda da bildirirəm, əziz valideynlər mənə yaxınlaşıb deyin ki, sənin müəlliminin bilgiləri məni qane etmir”. Belə valideyn görə bilmirəm. Əsasən votsap qrupundakı şikayətlərdir. Məktəb direktoru buna nə etməlidir?!

“Valideynlərin narazı qalmasının səbəblərindən biri də müəllimlərin düzgün istiqamət tutmamasıdır”

-Bəs, valideynin müəllim işinə müdaxiləsi halları necə? Daha çox nə ilə bağlı olur?

-Belə hallar çox olur. Pedaqoji müzakirələrdə müəllimlərə deyirəm ki, dövlətin sizə qoyduğu tələblərdən kənara çıxmayın. Belə olsa, valideynə rahat şəkildə sözünüzü deyə biləcəksiniz və o razı qalacaq. Bəzən müəllim hesab edir ki, daha artıq məlumat verməklə düzgün iş görür. Amma özü-özünü çətinliyə salır.  Valideynlərin narazı qalmasının səbəblərindən biri də müəllimlərin düzgün istiqamət tutmamasıdır. Hesab edirəm ki, valideynə dövlətin qoyduğu tələblərə uyğun xidmət etsək, narazı qalmaz. Bəzi müəllimlərin qeyri-peşəkarlığı, təcrübəsizliyi bu məsələlərə zəmin yaradır.

-Tünzalə xanım, bu il direktorların işə qəbul imtahanında maksimum nəticə göstərən olmadı. Sizcə, bu, nədən qaynaqlanır?

-Fikrimcə, önəmli olan bal deyil, vətəndaşların tələblərinə cavab verməkdir. Valideyn haqlı və ya haqsız şəkildə müəyyən məsələ ilə gəlir. O, sifarişçidir. Psixologiyanı bilməli, təcrübəyə söykənməlisən ki, onu qane edə biləsən. Əsəbi gələn valideynlər var. Öncə onu sakitləşdirmək lazımdır.

Direktorluq üçün xüsusi həssaslıq, şəxsi keyfiyyətlər lazımdır. O, rəftarı, danışıq tərzi, söz və əməlin üst-üstə düşməsi ilə örnək olmalıdır.  Belə olsa, məktəbi irəli apara biləcək. Direktor yeniliklərə açıq olmalı, iradları qəbul etməyi bacarmalıdır. Fikrimcə, bunlar daha önəmlidir, nəinki maksimum bal yığmaq...

-Direktorların işə qəbulu üzrə müsahibə mərhələsində iştirak edə bilsəydiniz, namizədlərdə əsasən hansı nöqsanları tutardınız?

-Direktor öncə geyimi, sonra tədris prosesində düzgün müdaxiləsi ilə nümunə olmalıdır. Şəxsən mən müsahibədə öncə geyimə diqqət edərdim. Çünki bu, insan haqqında fikir formalaşdırır.

“Bütün yanlışlar səbrsizlikdən yaranır”

-Sizcə, direktorlar idarəetmədə hansı yanlışlara yol verirlər ki, bunlar aradan qalxsa, məktəblər irəli gedər?

-Bütün yanlışlar, münaqişələr səbirsizlikdən yaranır. Böyük psixoloji yanaşmaya ehtiyac var. İnsan mütləq dinlənilməlidir. İrad varsa, onun səbəbi də var. Səbəbi dinləmək lazımdır. Mən xaraktercə səbrli insanam. Məni tez özümdən çıxarmaq çətin məsələdir. Bu məktəbdə irad da olub, inzibati tənbehlər də. Amma hamısı sivil yolla, müəllimlərin izahatı alınmaqla... Bunun üçün kimisə təhqir etməyə, səs tonunu qaldırmağa ehtiyac yoxdur. Müəllim yanlışa yol verdikdə pedaqoji şurada müzakirələr aparılır. Əgər o, təkrar səhvə yol versə, inzibati cəzaya cəlb edilir.

“Əksər münaqişələrdə müəllim haqlı olur”

-Müəllimlərin izahat yazdığını qeyd etdiniz. Maraqlıdır, bu izahatlar daha çox nə ilə bağlı olur?

-Müəllimlərin yanlışı adətən jurnal yazılışı ilə bağlı olur. Amma yalnız bununla əlaqədar da deyil. Şagird-müəllim münaqişəsinə də rast gəlinir. Hətta müəllimin səhv etdiyi məqamlar da baş verir. Amma bunlar çox azdır.

-Adətən, şagird, yoxsa müəllim haqlı olur?

-Düzü, uşağın haqlı çıxdığı məqamlar da var. Amma əksər münaqişələrdə müəllim haqlı olur. Bəzən problem olanda valideyn tələb edir ki, bu dəqiqə müəllimi işdən çıxar. Deyirəm, hörmətli valideyn, biraz səbrli olun. Qarşı tərəfi də dinləyək.

Bilirsiz, indi arada öz övladını günahlandıran valideynlər çox az qalıb. Onların uşağa tənqidi yanaşması demək olar, yoxa çıxıb. Problemli şagirdlər çox vaxt natamam ailədən çıxırlar.

-Cəmiyyətdə direktor zəhmli olmalıdır deyə bir yanaşma formalaşıb. Bu, hətta bəzən şagirdlə səmimiyyəti də öldürür...

-Bu fikrin tam əleyhinəyəm. Bəzən, müəllimlər mənə deyir ki, sizcə, normadan artıq səmimi deyilsiz ki? Axı, direktor zəhmli olmalıdır. Hesab etmirəm ki, direktor çox zəhmli olmalıdır, o, dəhlizə çıxan kimi hər kəs gizlənməlidir. İnanmıram ki, bu xarakterlə məktəbi qabağa aparmaq mümkün olsun. Bu məktəbdə şagirdlər rahat şəkildə direktora iradlarını bildirirlər. Bu, o demək deyil ki, peşəkarlıq,  nizam-intizam aşağıdır. Səs tonunu qaldırmadan kifayət qədər töhmət  vermək, insanı işdən çıxarmaq da olur. Məndə xüsusi qovluq var. 4 il ərzində 24 nəfər işdən kənarlaşdırılıb. Onlar arasında qeyri-peşəkar insanlar da var idi. Nə səs tonu qalxıb, nə də şikayət olub. Onlar keçmişdəki stereotiplərdir. Artıq zaman dəyişib. İnsanlar yeniliyə, irada, xoş sözlərə açıq olmalıdırlar.

“Şagird ya sevir, ya da sevmir. İşin ən gözəl tərəfi də elə budur”

-Sizcə, hazırda direktorlar şagird sevgisi qazana bilib?

-Ümumi mənzərəni deyə bilmərəm. Öz timsalımda düşünürəm ki,bəli. Mənim üçün ən böyük hədiyyə uşaqların yazdığı sözlərdir. Onları hələ də saxlayıram. Bizim qazancımız budur. Böyüklər qeyri-səmimi ola bilsə də, şagird yalan deyə bilmir. Onlar ya sevirlər, ya da sevmirlər. İşin ən gözəl tərəfi də elə budur. Böyüklərdən daha düzgün qiymət verə bilirlər. Şəxsən mən həmişə sevgini görmüşəm.

“Onda başa düşdüm ki, sərtlik lazımdır”

-Tünzalə xanım, gəlin daha səmimi danışaq. Axı ola bilməz ki, direktor olub, bəzi məqamlarda ciddi görünməyə üstünlük verməyəsiz...

-Əlbəttə, bu, mütləq lazımdır. Elə məsələlələr var ki, burada ciddilik lazımdır. Hətta sərtlik də. Bu, şəraitə görə dəyişir.

Məsələn, iki il öncə məktəbdə ingilis dilində danışıqla bağlı layihə keçirildi. Təhsil Nazirliyi və British Councilin əməkdaşlığı ilə keçirilən çox bahalı layihə idi. Məktəb müəllimləri bura qoşulmaq istəmədi. Onlar layihənin  mahiyyətini bilmirdilər. O ərəfədə İngilis dili müəllimləri ilə iclas keçirdim. Dedim ki, dövlət sizdən heç nə istəmir. Müəllimliyinizin təkmilləşməsini istəyir. Bunun üçün dövlət maliyyə qoyub. Sizdən heç bir vəsait tələb olunmur. Öz məktəbinizdə sizə şəraiti yaradırıq. Onda başa düşdüm ki, sərtlik lazımdır. Bütün müəllimlər layihəyə  gedib, sonda  mənə təşəkkür etdilər. Nəticədə beynəlxalq settifikat aldırlar. Apreldə ortaya ingiliscə mükəmməl tədbir qoydular. Nümayəndələr çox razı qaldılar. Dedilər ki, hələ Bakı məktəblərində belə ingiliscə tədbir görməmişdik. Hamletin monoloqunu, Kral Lirin səhnəsini ingiliscə nümayiş etdirdilər. Azərbaycanla da əlaqələndirildi. Nizami Gəncəvi ilə Şekspirin görüşünü yaratdılar. Maraqlı sujet xətti oldu.

Hətta deyərdim ki, sərtlik bəzən, valideynə qarşı da lazımdır. Xırda məsələlər üçün gəlirlər. Məsələn, çantamdan qələm yoxa çıxıb. Axı bunun üçün direktorun yanına gəlməyə ehtiyac yoxdur. Deyirəm ki, müəyyən instansiyalar var: sinif rəhbərinə demisiz? Müavinin məlumatı var?  Başa düşürəm, direktor daim açıq olmalıdır. Amma o daha faydalı iş görüb, bir müəllimin dərsini dinləyə bilər. Direktorun uşaqla ünsiyyətdə olması sizin xeyrinizədir. Amma siz onun zamanını belə məsələlərlə alırsız.

“Sertifikasiya nəticəsində “bir neçə ilim qalıb, gedəcəm”, və ya “bu, mənim nəyimə lazımdır?” deyən müəllimlər məktəblərdən kənarlaşacaqlar”

-İngilis dili ilə bağlı layihədən müəllimlərin imtina etməsini qeyd etdiniz. Bu, onlar üçün bir şans idi. Belə çıxır ki, müəllimlər onlar üçün yaradılan şansları görə bilmirlər?

-Direktor nə qədər çalışsa da, müəllimin bazası olmadan məktəbi qətiyyən irəli apara bilməz. İclaslarda da bu məsələyə toxunuram. Deyirəm ki, potensialınız çoxdur, niyə addım atmırsız? Müəllimlər bəzən üzərlərində işləmirlər.

Demək olar ki, bütün layihələrdə iştirak edirik. Bəzən bunun üçün məcburiyyət də qaçılmaz olur. Məsələn, həmin layihəyə 2 müəllimimiz getmədi. Biri kişi müəllim idi. Dedi ki, mən ailəmi dolandırıram və s. Digəri isə repetitordur. İxtisasdan 40 bal toplayıb. Getmədi. 23 müəllimdən 18-ni göndərə bildim. İkisi isə təlimin ortasında ərizə yazıb getdi. İnsan kimi özümü təhlil etdim, özümdə günah çalışdım ki, görəsən kiminsə işdən çıxmasına mənmi səbəb oldum? Sonda qərar verdim ki, mən heç nə tələb etmədim, müəllimdən müəllimliyini istədim.

Düşünürəm ki, insan harada faydalıdırsa, orada işləməlidir. Görsəm, direktor kimi faydam yoxdur, burada qalmaram. Yalnız sinfə girib çıxmaqla işini bitirən müəllimlər olur. Bəzi müəllimlərsə deyir ki, təqaüdə çıxacağam, yaşımın tamamlanmasını gözləyirəm. Axı siz təqaüdə çıxana qədər bir şagirdin müəyyən dövrü gedir. Niyə biz onu məhv etməliyik?! Fikrimcə, sertifikasiya zamanla belə müəllimlər sıradan çıxaracaq. “Bir neçə ilim qalıb, gedəcəm”, və ya “bu, mənim nəyimə lazımdır?” deyən müəllimlər məktəblərdən kənarlaşacaqlar.

-Direktor kimi valideyn və şagirdlərə açıq olduğunuzu qeyd etdiniz. Gözləmə otağında müəllim, şagird, valideyn dayanıbsa, direktor olaraq öncə hansını qəbul edərsiniz?

-Öncə, şagirdi dinləməyi seçərəm. Bunu artıq hamı bilir.

-Sonra müəllim, yoxsa valideyn?

-Valideyn!

“Kadr məsələsində ən azından fikrimizi soruşsalar, yaxşı olardı”

-Direktorlara daha hansı səlahiyyətlərin verilməsini istərdiniz?

-Hazırda bəzi şeylər var ki, direktor bunu edə bilmir. Məsələn, ötən tədris ili MİQ-dən keçən müəllimlərin işə qəbulunda direktorlar da iştirak edirdi. İstərdim ki, müəllimlərin işə qəbulunda iştirak edək və məktəbimizə yaxşı müəllimləri götürək. 3 müəllim mənim direktorluq fəaliyyətim dövründə MİQ-dən keçərək qəbul olunub. Onların əksəriyyətinin müsahibəsində iştirak etmişəm və bu gün üçündən də razıyam. Həmişə onları nümunə gətirirəm. Kadr məktəbin nəticələrinə əhəmiyyətli təsir edən amildir. Öncə kadr məsələsində ən azından fikrimizi soruşsalar, yaxşı olardı. MİQ-dən yaxşı bal yığan müəllim bəzən müsahibədə elementar suallara cavab verə bilmir. Onun dünyagörüşü olmalıdır.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları