XƏBƏRLƏR

05.02.2019 12:33
Xaricdəki  tələbələrimizin gözüylə Azərbaycanın ən sevimli rektoru və nüfuzlu universiteti – “İraq göz”  

AzEdu.az  “İraq göz” layihəsi çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızınAzərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, bu rubrikada özümüzə bir növ, iraqdan, iraq gözdən baxmağa çalışıq...

Qeyd edək ki, müsahiblərə    bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir:

Türkiyənin Bilkent Universitetinin tələbəsi Əli Babayev:

 Bakı Ali Neft Məktəbi –  Təhsilin ingilis dilində tədrisi  və bir sıra şirkətlərlə birbaşa əlaqələrinin olması bu universiteti digər ali təhsil müəssisələrindən üstün edən amillərdir. Tədrisin ingilis dilində olması tələbələrin xarici ölkələrdə karyeraları üçün şərait yaradır.  Həmçinin,  tədris ingilis dilində olduğu zaman tələbələr dərsləri daha ətraflı şəkildə mənimsəyə bilir.  Çünki, hazırki dövrdə ingilis dilində kifayət qədər lazımi onlayn tədris materialları var, bu da tələbələrin dərslərdə çətinlik çəkdikləri məqamlarda çox yardımçı  olur.    

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Bu ali təhsil müəssisəsi neftlə əlaqəli fakültələr üçün rəqabət apara bilən  universitetdir. BANM-dən fərqli olaraq, ADNSU-nun özünəməxsus keçmişi,  praktik səviyyədə tələbələrin faydalanması üçün güclü şirkətlərlə əlaqələri var. Lakin digər  universitetlərin mühəndislik sahələri üçün bu sözləri deyə bilməyəcəyik…

ADA Universiteti– Bu ali təhsil müəssisəsində  də tədrisin ingilis dilində olması, oranı digər universitetlərdən üstün edən amillərdəndir. İmtahanların keçirilmə metodları da dünyaca məşhur universitetlərin tətbiq etdiyi  eyni sistem əsasında keçirilir.   Lakin düşünürəm ki,   ADA mühəndislik ixtisasları üzrə   universitetlərin dünya sıralamasına girərək  onlarla mübarizə apara bilmək baxımından güclü sıxıntılar keçirir.  Universitetdə praktiki şəraitin əskikliyi, dərslər üzrə kadr çatışmazlığı, tələbələrin lazımi dərsləri  tam mənimsəyə bilməməsinə səbəb olur.  Onu da qeyd edim ki,  universitetin gənc, tədrisin ingilis dilində  olması öz sahələri üzrə  az təcrübəsi olan, ciddi tədqiqatlarının olmadığı müəllimlərin cəlb olunmasına səbəb olur.  Bu da ciddi şəkildə akademik karyera düşünən tələbələr üçün problemlər yaradır.

Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Mirəli Əhmədli:

Bakı Ali Neft Məktəbi – Bu ali təhsil müəssisəsi hazırda Azərbaycanda I ixtisas qrupuna hazırlaşan abituriyentlər üçün ən yüksək hədəflərdəndir. Neft-qaz mühəndisliyi, eləcə də elektrotexnika  üçün Azərbaycanda idealolan universitet seçimidir.  Burada tələbələr aktivliyi ilə seçilir.

ADA Universiteti – Azərbaycanda oxumağı düşünsəydim,şübhəsiz ki, ADA-nı seçərdim.  ADA  ilə Cənubi Koreyanın KAİST Universitetinin  çox sıx əlaqəsi var.  ADA Universitetinin  Avropa və dünyanın bir sıra güclü ali təhsil müəssisələri ilə də tələbə mübadilə proqramları var. 

Bakı Dövlət Universiteti – Bu ali təhsil müəssisəsi hazırda Ümumilli lider Heydər Əliyev və bir çox Azərbaycanın məşhur siyasətçiləri ilə tanınır. Amma  bir vaxtlar Nobel mükafatı alan Lev Landau, Yusif Məmmədəliyev digər tanınmış elm adamlarını da yetişdirdiyini unutmaq olmaz. Təəssüf ki, son zamanlarda belə elm adamlarının olmaması çox üzücü hadisədir və universitetin nüfuzuna ciddi şəkildə təsir edir. Ölkəmizdə elmi araşdırmaya marağı, vəsaiti artıraraq daha gənc və həvəsli kadrlarla işləməklə bu problemlər həll oluna bilər.

Azərbaycan-Fransız Universiteti – Bu ali təhsil müəssisəsi barəsində  çox məlumatlı olmasam da, amma nüfuzlu universitetlərlə əlaqələrini, hətta ikili diplomun olması haqqında bilirəm. Universitetin tələbələri fəallıqları ilə seçilirlər. Tələbələrin burada Fransız dilini öyrənməsi müsbət haldır və bu onlara irəlidəki karyeralarında çox böyük uğurlar verə bilər. UFAZ  yeni yaransa  da son illərdə etdikləri işlərlə  ən yaxşı abituriyentləri cəlb edir.

 Azərbaycan Dövlət Aqrar Universiteti – Azərbaycanın ən sevimli rektoru  İbrahim Cəfərovun son illərdəki etdiyi işlər ADAU üçün sadəcə xoş təəssüratlar yaradır. Aqraristiqamətli olmasına baxmayaraq, ölkədəki bir çox texnologiya universitetlərindən daha innovativ olan ali təhsil müəssisəsidir.  Dərs cədvəlindən başlayaraq, elmi-tədqiqata qədər hər şeyi universitetin website-larından öyrənmək mümkündür. Ümid edirəm ki, ölkədəki digər universitetlərdə elmi-tədqiqata ən az bu qədər üstünlük verər.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu