XƏBƏRLƏR

01.02.2019 09:26
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edildi  

2019/2020-ci tədris ili üçün ali təsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaqdır. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda (14) və Gəncədə (87) təşkil olunacaqdır.

Komissiyalar üzrə qabiliyyət imtahanı 2 fənn üzrə keçiriləcəkdir:

1. Rəsm

2. Rəsmxət və ya kompozisiya

Qabiliyyət imtahanının yekun nəticəsi “məqbul”la qiymətləndirilir. Hər bir fənn üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası ilə qiymətləndirilir. 5 və daha yüksək bal müsbət qiymət hesab edilir. Fənlər üzrə toplanılmış ballar əsasında orta qiymət hesablanır. Qabiliyyət imtahanından yekun olaraq "məqbul" almaq üçün abituriyentin orta qiyməti 7 və daha çox olmalıdır. Rəsm imtahanından müsbət qiymət ala bilməyən abituriyent 2-ci imtahana buraxılmır.

Dizayn ixtisası üzrə qeydiyyatdan keçmiş bütün abituriyentlər rəsm fənnindən qabiliyyət imtahanı verməlidirlər. Rəsm imtahanından müsbət qiymət almış abituriyentlər 2-ci fənn üzrə qabiliyyət imtahanına buraxılırlar. 2-ci imtahan rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə olacaqdır. Abituriyentlər öz seçimləri əsasında rəsmxət və ya kompozisiya fənlərindən biri üzrə qabiliyyət imtahanında iştirak edirlər.

Qabiliyyət imtahanından yekun olaraq “məqbul” qiymət almış abituriyentlər müsabiqəyə buraxılırlar. Müsabiqəyə buraxılmış abituriyentlər hansı fənn üzrə 2-ci imtahanı verməsindən asılı olmayaraq bütün ali təhsil müəssisələrinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti; Azərbaycan Texnologiya Universiteti istisna olmaqla) dizayn ixtisasını seçmək hüququ qazanırlar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və kompozisiya fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.

Azərbaycan Texnologiya Universitetinin dizayn ixtisasını qabiliyyət imtahanını rəsm və rəsmxət fənləri üzrə verib müsabiqəyə buraxılmış abituriyentlər seçə bilərlər.

Rəsm fənni üzrə imtahanda abituriyentə naturadan rəsminin çəkilməsi tələb edilən gipsdən olan antik baş və ya ornament təqdim edilir. Abituriyent bu tapşırıqlardan birini çəkməlidir. Gipsdən olan antik baş A2, ornament A3 formatlı kağız üzərində karandaşla çəkilməlidir. Abituriyentə antik başı çəkmək üçün 8 akademik saat, ornamenti çəkmək üçün 4 akademik saat vaxt verilir.

Rəsmxət fənni üzrə imtahanda abituriyent həcmi fiqurun verilmiş iki proyeksiyası əsasında çatışmayan üçüncü proyeksiyasını qurmalı və qurulmuş proyeksiyalar əsasında həcmi fiqurun aksonometrik proyeksiyasını çəkməlidir. Tapşırıq A3 formatlı kağız üzərində karandaşla işlənməlidir. Tapşırığı çəkmək üçün abituriyentə 4 akademik saat vaxt verilir.

Kompozisiya fənni üzrə imtahanda abituriyent A3 formatlı kağız üzərində sulu boya və ya qarışıq texnika (tuş, tempera, quaş) ilə verilmiş mövzuya aid kompozisiya çəkməlidir.Tapşırığı çəkmək üçün abituriyentə 6 akademik saat vaxt verilir.

Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı şəhərində Azərbaycan Memarlıq və İnşaat Universitetində, Gəncə şəhərində DİM-in Gəncə Regional bölməsində keçiriləcəkdir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr, ədəbiyyat siyahıları yaxın vaxtlarda DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışları olan “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman” adlı vəsaitlərdə nəşr ediləcəkdir.

Dizayn ixtisası haqqında ətraflı məlumat “Təsviri sənət” vəsaitində veriləcəkdir.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üçün müsabiqə şərtləri “Abituriyent” jurnalının 2-ci nömrəsində nəşr ediləcəkdir. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləyin.

İlin gənc müəllimi-Müraciət formu