Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-03 07:18:03
Bakıda rəsədxana tikmək mümkün deyil - Direktor səbəbləri AÇIQLADI

Rəsədxana kosmosda ulduzları və digər astronomik cisimləri elmi cihazlarla müşahidə etmək üçün xüsusi elmi obyektdir.

Müşahidəetmə və ölçmə əsasən teleskopların, hal-hazırda isə antennaların köməyi ilə yerinə yetirilir. 1620-ci ilə qədər rəsədxanalarda müşahidə yalnız açıq havada gözlə baxmaqla aparılırdı. Stounhenc və sekstant, kvadrant kimi qurğular qədim rəsədxanaların əsasını təşkil edirdi.

Rəsədxana işi ilə məşğul olan sahələr arasında astrometriya geniş yayılıb. 1850-ci ildən isə bu astroqrafiya və astrofizika ilə tamamlanıb.

Ən qədim rəsədxana kimi bizim eradan əvvəl yaradılan daş tikililər tanınır. Məsələn, İngiltərədə mövcud olan Stounhenk b.e.ə. 3000-ci illiyə təsadüf edir. Çxomsonde Şərqdə ən qədim rəsədxana sayılır (VII əsr). Çində isə rəsədxana üzrə sülalə yaradılıb. Tanq sülaləsi ərəfəsində Da Yan təqviminin tərtibi üçün 729-cu ildə 114-cü coğrafiya eninə paralel olaraq 10 rəsədxana tikdirilir. Peruda bir dağın təpəsində tikilən 13 qüllədən ibarət 2300 yaşlı Çanquillo rəsədxanası hələ də qalır. Orta əsrlərdə rəsədxanalarda çalışanlar klassik münəccimlər olub. Onlar ölçü aparmaq üçün kvadrantlardan və astrolablardan istifadə edirdilər. Buna misal üçün Nəsirəddin Tusinin Marağa və Tixo Brahanın rəsədxanalarını göstərmək olar.

1608-ci ildə teleskopun ixtirasından sonra münəccimlər də təkmilləşirlər və bu gün bizə məlum olan astronomiya ilə məşğul olan şəxslər formalaşmağa başlayır. Çox vaxt bu işlə varlılar boş vaxtlarında məşğul olurdular. Vaxtilə səmanı seyr etmək üçün evlərin damlarında qüllələr ucaldılaraq əlavə otaqlar tikilib. 1675-ci ilə təsadüf edən Royal Qrinüiç rəsədxanasının  tikintisi də bu vaxta təsadüf edir.

Müasir dövrdə də dünya ölkələrində rəsədxanaların sayı kifayət qədər çoxdur. Azərbaycanda isə 2 rəsədxana fəaliyyət göstərir. Bunlardan biri Şamaxının Pirqulu qəsəbəsində, digəri isə Naxçıvan Muxtar Respublikasının ərazisində, Batabatda yerləşir.

Rəsədxanalar Türkiyənin paytaxtı Ankarada, eləcə də bir çox ölkədə mərkəz şəhərlərdə də tikilir.

Azərbaycana gələn turistlərin əksəriyyətinin Bakını ziyarət etdiyini nəzərə alsaq, rəsədxananın paytaxtda yerləşməməsi mənfi hal kimi qiymətləndirilə bilər. Çünki hər turist Şamaxıya da səfər etmir və bununla da Azərbaycanda olan rəsədxanadan xəbərsiz qalırlar. Üstəlik, başqa dövlətlərlə müqayisədə ölkəmizdə rəsədxana sayı da azdır.

Bütün bunların  səbəblərini öyrənmək üçün AzEDU-nun əməkdaşı Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov ilə əlaqə saxlayıb. O, məsələylə bağlı açıqlamasında bildirib ki, rəsədxanaların yerlərinin müəyyən edilməsi astroklimak adlanan çox uzun bir prosesdir:

89a0c8f1-fa3c-4bf5-9f1f-4d9e63a9da30_640.jpg

“1950-ci illərdə rəsədxana qurulan zaman  Azərbaycan respublikasının bütün nöqtələri öyrənilib. Rəsədxana qurulacaq yerdə açıq gecələrin sayı maksimum dərəcədə olmalı, hava quru və günəşli olmalıdır. Kənardan işıq mənbələri olmamalıdır. Yəni, rəsədxana yeri seçmək asan iş deyil. Bütün statistik məlumatlar toplandıqdan sonra  rəsədxana tikintisinə başlanılır”.

Onun sözlərinə görə, Bakıda rəsədxana tikilməsi mümkün deyil:

“Bakı işıqlı, rütubətli və tutqundur. Hava təmiz və şəffaf deyil. Şəhərin çirkli havasında astronomik müşahidələr aparmaq qətiyyən mümkün deyil. Ona görə də rəsədxanalar  dağlarda, hündür yerlərdə tikilir. Bu  dünya təcrübəsində belədir.

Batabat dağlarında yerləşən rəsədxanamızda 60 santimetrlik teleskopumuz var.  Buranın iqlimi Şamaxının iqlimindən çox-çox yaxşıdır”.

Azərbaycanda yerləşən rəsədxanaların sayı az olsa da, hər ikisi də dünyanın aparıcı rəsədxanalarından hesab olunur.

Şamaxı Astrofizika Rəsədxanası dünyanın ən böyük rəsədxanalarından biridir.  Müasir dövrün prioritet problemləri ilə uzlaşdırılan elmi proqram əsasında fəaliyyət göstərən bu rəsədxanada elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem üzrə aparılır: “Ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi” (göy cisimlərində baş verən qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi) və “Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası” (Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü). Bunlardan başqa, astronomiyanın tarixi, nəzəri tədqiqatlar, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif Kosmik hava faktorlarından (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı və s. problemlər üzrə tədqiqatlar aparılır.

Batabat Astrofizika Rəsədxanası Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin strukturuna daxil olan elmi qurumdur. Batabat Astrofizika Rəsədxanası Naxçıvan şəhərindəki inzibati binadan, Batabat stansiyasından və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyasından ibarətdir.

Bu ərazisindəki ikimərtəbəli yeni inzibati binada fotometriya və kompyuter otaqları istifadəyə verilib. Rəsədxanada müşahidələr əsasən gecə saatlarında aparıldığından binada iki yataq otağı ayrılıb.

Binanın günbəzində “SEYYS-600” tipli teleskop quraşdırılıb. Almaniya istehsalı olan teleskop Ukraynanın Krım Astrofizika Rəsədxanasında müasir tələblərə uyğun təmir olunaraq rəsədxanaya qaytarılıb.

Teleskopun qurulması prosesində yerli mütəxəssislərlə yanaşı, Moskva Dövlət Universiteti Astronomiya İnstitutunun fənn laboratoriyasının əməkdaşları da iştirak ediblər.

Rəsədxana dəniz səviyyəsindən 2050 metr yüksəklikdə və 39 dərəcə coğrafi enlikdə yerləşir.

Qeyd edək ki, Muxtar respublika ərazisinin astronomik şəraiti normal, səması təmiz və şəffaf olduğundan digər rəsədxanalardan fərqli olaraq bu stansiyada günəşdən başqa bütün göy cisimlərini - planetləri, kometaları, asteroidləri, ulduzları və yaxın qalatikaları müşahidə və tədqiq etmək mümkündür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları