Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 11:28:41
“Atüstü söhbət” - “Bu adamlara ölüm hökmünün tətbiq olunmasını istərdim” - I kurs tələbəsi   

AzEdu.az Azərbaycanda fəaliyyət göstərən müxtəlif universitetlərin tələbələri ilə “Atüstü söhbət” rubrikasını davam etdirir. 

Rubrikanın budəfəki qonağı Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisası üzrə I kursda təhsil alan Xalid Orucovdur. 

Xalid Orucov Balakən rayon Katex kənd 1 saylı tam orta məktəbin məzunudur. O, qəbul imtahanlarında 685 bal toplayıb. 

“Asan olanı etsən, həyatın çətin , çətin olanı etsən, həyatın asan  olacaq”

-Xalid, həyatda da 2x2-nin 4 etdiyinə inanırsan?

-Məktəb  vaxtı imtahanda bizə karandaşla yazmağa icazə verilirdi ki, səhv edəndə düzəldə bilək. Vaxt keçdikcə karandaş qələmlə əvəz olundu. Yəni mümkün qədər az səhv etməyi öyrən. Bu qısa misal həyatın elə də asan olmadığını deyir. Bir gün anlayacağıq ki, ən çətin olan həyatın öz imtahanlarıdır. Böyüdükcə  müəyyən seçimlər etməli oluruq. Və bu əsl həyat imtahanlarımıza çevrilir. Əsas olan ruhdan düşmədən  yolumuza davam edə bilməkdir.

- Bizə bir az məktəb həyatından danış. Bölgə məktəbində oxumusan və ali təhsilini Bakıda alırsan. Bu yolda, qazandıqların və itirdiklərin nələr oldu?

-Balakən rayon Katex kənd 1 saylı tam orta məktəbin məzunuyam. Məktəb həyatım bir qədər fərqli keçib. Etiraf edim ki, ibtidai sinifdə elə də yaxşı oxumurdum. V sinfə başlayanda  isə birdən-birə hər şey dəyişdi . XI sinfin sonuna kimi əlaçı olaraq davam etdim.Oxuduğum orta təhsil müəssisəsi rayonda seçilən məktəblərdəndir.Dərs vaxtı ancaq oxumaqla yetinənlərdən olmamışam.Müxtəlif intellektual yarışlarda iştirak edirdim, nailiyyətlər qazanırdım. Yayda isə vaxtdan səmərəli istifadəüçün  Balakən Rayon Gənclər Evi daxilindəki Aktiv Gənclər Klubunda iştirak edirdim.Orda çox fərqli, yeni şeylər öyrəndim. Əhatə dairəm xeyli genişləndi. İnsanı irəli aparan rəqabət hissidir.Universitet həyatına başlayanda və özümdən daha yaxşı tələbələrlə rastlaşanda anladım ki, həyat boyu özümdən daha güclüləri qarşımıza çıxacaq.Amma yenə də öz bacardığımız qədər mübarizə aparmalıyıq.

-Hazırda BANM-da Proseslərin avtomatlaşdırılması mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisasları brendə çevrilib. Bunlara rəğmən, niyə Neft-qaz mühəndisliyi?

-Bu sual mənə birinci dəfə verilmir. İxtisas seçimini insan özü etməlidir. PAM və İT  gələcəyin ixtisasları ola bilər. Mənə görə, bu ixtisasların giriş balı yüksək olduğuna görə  diqqət cəlb edir.Bir ixtisası da sırf giriş balı yüksək dir deyə seçmək düzgün deyil. Bal universitetə daxil olana kimi vacibdir.Ondan sonra, ancaq gələcəyinə fokuslanmalısan.

Neft-qaz mühəndisliyini niyə seçdiyimə gəldikdə, hazırda dünya bazarında nefti əvəzləyə biləcək yanacağınolmaması , Azərbaycanın neft ixrac edən ölkə olması və bu ixtisasa yüksək tələbat kimi bir çox nümunələr göstərə bilərəm. Unutmayaq ki, dünyada qazma üsulu ilə neft Azərbaycanda,Bibiheybətdə çıxarılıb. Bu ixtisasla tanış olanda gördüm ki,  nə qədər maraqlı peşədir.Düzdür , bir qədər çətin və məsuliyyətli işdir. Belədeyim var,asan olanı etsən həyatın çətin , çətin olanı etsən, həyatın asan  olacaq. Bu səbəblərə görə neft-qaz mühəndisliyini seçdim.

“Terrorizmdə əli olanlara ölüm hökmünün tətbiq olunmasını istərdim”

-Səncə, azərbaycanlı müəllimlərdə empati (xoş ünsiyyət) qurmaq bacarığı nə qədərdir?

-Çox mehriban  müəllimlərimiz var. Bəzən biz deməsək də, dərdimizin nə olduğunu anlayırlar.Hər an bizə kömək etməyə hazırdırlar. Avropalı müəllimlərlə yerli müəllimlərimiz arasında müqayisə aparsaq , görərik ki, tələbələr  dərsin çox hissəsini  müəllimlərdən öyrənirlər. Avropa sistemində isə tələbə dərsi özü öyrənir. Bu müşahidələr göstərir ki, müəllimlərimizin qədrini bilməliyik.

-Xalid, bütün dünyada ölüm hökmü bərpa olunsaydı, bu cəzaya kimləri layiq hesab edərdin?

-Əgər dünyanın bir çox yerlərində ölüm hökmü bərpa olunsaydı , şübhəsiz, ilk olaraq bunun terrorizmdə əli olanlara tətbiq olunmasını istərdim.

-Səncə, kamil insan olmaq üçün hansı yollardan keçməlisən?

-İnsan kamil olmaq  üçün  öyrənməyi heç zaman dayandırmamalıdır. “Mən artıq hər şeyi bilirəm” deyən insan kamil ola bilməz. Kamil olmaq üçün əvvəlcə səbirli biri olmalısan. Qarşındakını dinləməyi bacarmalısan. Bir az düşünüb cavab verməyi öyrənməlisən və s. Qətiyyən, özündən razı olmamalısan.

“Cəmiyyət olaraq həqiqəti bilmədən mühakimə etmək kimi problemlərimiz var”

-Dəqiq elmlər həyatla bağlı nə deyir?

-Dəqiq elmlər deyir ki, “mən  həyatın hər yerində varam”. Gündəlik baş verən hər bir prosesin elmi bir cavabı var. Dəqiq elmlər hər biri bir-birilə bağlıdır.Elmin inkişafı nəticəsində  hər yeni ixtira həyatımızı asanlaşdırmağa başladı.Dünyanın hələ də  öyrəniləcək sirləri var. Gündəlik istifadə etdiyimiz hər şeyin  kimyada necə yarandığını,  baş verən proseslərin fizikada necə baş verdiyini və s. öyrənə bilirik.

-Xalid, Azərbaycan universitetləri bərabərdir....(cümləni tamamla)

- Azərbaycan universitetləri qanun qarşısında bərabərdir. Hər universitetdə təhsil üçün lazım olanlar edilir. Əsas olan hansı universitetdə oxumaq deyil orada necə təhsil almaqdır.

-Hər kəsin yanlış, sənin isə doğru  sandığın nədir?

-Hər kəsin dünyaya baxış bucağı fərqlidir.Mənə görə təcrübəsiz birini qəbul etməmək yanlışdır. O şəxsdə hansı qabiliyyətlərin olduğunu  kəşf etmədikcə necə “yox”  cavabı vermək olar?!

- Səncə, cəmiyyət olaraq, daha  çox hansı problemlərimiz var?

-Cəmiyyət olaraq əksər hadisələrə cavabsız qalmaq , bir çox şeydə həqiqəti bilmədən mühakimə etmək kimi problemlərimiz var.

“Katexdə bəzi hallarda təhsildən yayınmalar olur”

-Xalid, Katexdə təhsildən yayınan, məktəbə getməyən uşaqlar olurdu?

- Bəli, bəzi hallarda olurdu. Bəziləri fiziki problemlərini görə məktəbə gedə bilmir. Onların da xüsusi müəllimlər vasitəsilə evdə təhsil almasına  çalışırlar. Bəziləri isə abituriyent vaxtı demək olar, dərsdə iştirak etmirdi.Xoşbəxtlikdən bu hal mən oxuduğum müddətdə məktəbimizdə baş verməyib. Bunu edənlərə də deyə bilərəm ki, böyük səhv edirlər.  Təhsil  sadəcə 5 fəndən ibarət deyil. Abituriyentlik məktəb vaxtlarının ən maraqlı anlarıdır.

-Azərbaycan musiqisində Üzeyir Hacıbəyov olmasaydı, nə baş verərdi?

-Əgər Üzeyir Hacıbəyov olmasaydı, nələrin olacağınıtəsəvvür belə edə bilmirəm. Onsuz Azərbaycan musiqisi təməli olmayan bina kimidir. Onun bəstələdiyi mahnılar həmişəyaşardı və unudulmayacaq. İndi XX əsrdəki ən yaxşı mahnılara nəzər yetirsək , əksəriyyətində Üzeyir Hacıbəyovun imzasını görərik. Buna ən bariz nümunə kimi himnimizi göstərmək olar.

-Səncə, Azərbaycanda ən yaxşı təhsil verən 3 universitet hansıdır?

-BANM, ADA, UNEC.

-Bütün tələbələrin həll olunması labüd olan problemi nədir?

-Ən vacib  məsələ öyrəndiklərini tətbiq edə bilməkdir. Bəzi ixtisaslar var ki, mütləq biliklərini tətbiq etmək lazım gəlir. Nəzəri olaraq  ixtisasın, sadəcə 40%-ni öyrənə bilərik. Ona görə də praktika vacibdir. Təəssüf ki, bəzi universitetlərdə bu, aşağı səviyyədədir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları