XƏBƏRLƏR

28.01.2019 10:10
III qrup abituriyentlərini üzəcək dəyişikliklər – Ekspert yeni qəbul proqramının  “ədəbi fərqlər”ini  sadaladı  

“Kurikulum əsasında hazırlanan dərsliklərdə şair və yazıçılar, ədəbi dövrlər haqqında informasiya əvvəlkilərlə müqayisədə az olsa da, mövzuların say tərkibi qabaqkılardan xeyli çoxdur. Ənənəvi Ədəbiyyat proqramı ilə yenisinin  yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı AMEA-nın əməkdaşı, təhsil işçisi Elxan Nəcəfov deyib. O, qəbul imtahanları üçün bütün fənlər üzrə çoxdan gözlənilən proqramın nəhayət ki, elan olunduğunu vurğulayıb:

“Bu yaxınlarda “Abituriyent 1” jurnalı satışa çıxarıldı. III fənn bloku üzrə ən həssas proqramlardan biri Ədəbiyyat fənninə aid idi.

Yeni təhsil proqramlarının (kurikulumlar) tələbi ilə digər fənlər kimi Ədəbiyyata aid dərsliklər də tamamilə dəyişdirildi. Yeni dərsliklərin mövzu tərkibi ənənəvilərin  tərkibindən xeyli fərqlənir.

Tədris ilinin əvvəlində şifahi şəkildə elan olundu ki, yeni qəbul proqramında Ədəbiyyat fənnində baza dərslik kimi təkcə 10-11-ci siniflər deyil, 5-11-ci sinif dərslikləri əsas götürüləcək. Elan olunan qəbul proqramı bunu təsdiqlədi. Demək olar, yeni proqram 80% ənənəvi qəbul proqramından fərqlənir. Bu fərqlilik özünü proqrama əlavə edilən ədiblərin və onların əsərlərində göstərir. Həmçinin, həm ənənəvi, həm də yeni dərsliklərdə yer alan eyni ədiblərin həyat və yaradıcılıqlarına aid məlumatlarda da fərqlər görünür. Bununla bərabər, həmin ədəbilərin yaradıcılığına aid əsərlər ya dəyişilib, ya da eyni əsərin fərqli hissəsi mənimsədilmək üçün təqdim edilib”.

Elxan Nəcəfov deyib ki, yeni dərsliklərdə şair və yazıçılar, ədəbi dövrlər haqqında informasiya əvvəlki dərsliklərlə müqayisədə az olsa da, mövzuların say tərkibi əvvəlkilərdən xeyli çoxdur:

“Ənənəvi ədəbiyyat proqramı ilə yeni proqramın yeganə üst-üstə düşən mövzuları Ədəbiyyat nəzəriyyəsinə aid hissələrdir.

Beləliklə, bu il üçün ədəbiyyat fənni və proqramı təkcə abituriyentlər üçün deyil, həm də müəllimlər üçün bir çox yeniliklərlə dolu oldu. Çox istərdik ki, bu qədər yenilikləri özündə ehtiva edən qəbul proqramı tədris ilinin yanvar ayında deyil, oktyabr-noyabr aylarında elan olunardı.

Qəbul üçün əsas şərt təkcə proqramın elan olunması yox, həm də həmin fənnə aid test tapşırıqlarının necəliyidir. İl ərzində keçirilən sınaq imtahanları vərdiş və məlumatı qismən formalaşdırsa belə, yetərli olmadı.

“Abituriyent 1” jurnalında fənlər üzrə təqdim edilən test modelləri də diqqəti xeyli cəlb edir. Ədəbiyyat fənninə aid test tapşırıqlarında xeyli yeni modellər var. Bu modellərə səbəb-nəticə sxem testi, müqayisə cədvəli, ikili və üçlü Eyler-Venn diaqramı, klaster, sinkveyn, sillogizm, mətn testləri və s. göstərmək olar.

Digər fənlərdə və Ədəbiyyatda tətbiq edilən yeniliklər builki nəticələrə müəyyən qədər təsir edəcək. Bu daha çox test tapşırıqlarının işlənməsindəki vərdiş amili ilə bağlı olacaq”.

Xatırladaq ki, “Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, I,II,III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, fənlər üzrə tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunub.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu