XƏBƏRLƏR

02.04.2018 12:46
Magistratura səviyyəsinə bərabər tutulan ali təhsil? - Deputatdan sərt TƏNQİD

“Elm haqqında” qanunun 8-ci maddəsində, elmi işçinin ixtisas səviyyəsini müəyyən edən əsas göstəricilərdən biri kimi magistratura (rezidentura) və ona bərabər tutulan ali təhsil göstərilib.

Bəs magistraturaya bərabər tutulan ali təhsil pilləsi hansıdır?

Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Gövhər Baxşəliyeva AzEDU-ya açıqlamasında bildirib ki, sovet dövründə magistratura təhsil pilləsi mövcud olmayıb:

“Əvvəllər 5 illik ali təhsil sistemi mövcud olub. 5 illik ali təhsil  diplomuna sahib olanlarla magistratura pilləsində oxuyanların diplomu bərabərdir. Yəni, onlar da elmi işlə məşğul ola bilərlər”.

govherbaxseliyeva12121475228496.JPG

Maraqlıdır, həqiqətənmi 5 illik ali təhsil magistratura pilləsi ilə praktiki şəkildə və keyfiyyət olaraq eyni tərəzinin gözünə qoyula bilər?

Fərqləri aydınlaşdırmaq üçün Milli Məclisin deputatı Fazil Mustafa ilə əlaqə saxladıq.

Deputatın deyib ki, bu, əslində, Rusiya sisteminə oxşardır. O, Rusiyanın 5 illik ali təhsili ilə Azərbaycanın magistratura və rezidentura təhsilinin eyni keyfiyyətdə olmadığını vurğulayıb:

“Təsəvvür edin, Amerika Birləşmiş Ştatlarında hüquq fakültəsinə qəbul olmaq üçün mütləq pedaqoji təhsil tələb olunur. Türkiyədə hüquq  və tibb fakültələrinə daxil olmaq üçün hər hansı rüşvət və ya qeyri-qanuni vasitələrlə hərəkət etmək imkanı yoxdur. Çünki dövlət düşünür ki, öz vətəndaşımın hüququnu qoruyacaq və buna dəyər verəcək hüquqşünas, eyni zamanda insanları öldürməyəcək həkim yetişdirməliyəm. Bizdə isə gücü və savadı hesabına özünü təkmilləşdirənlər istisna olmaqla, müasir standartlara cavab verən həkimlərin böyük əksəriyyəti ya Tükiyə təhsilli, ya da elə keçmiş Sovet təhsili alan həkimlərdir. Təbii ki, istedadlı həkimlərimiz də var və onlara dəyər vermək lazımdır”.

fazil-oxu.az.jpg

Deputatın sözlərinə görə, Azərbaycan təhsilə ciddi yanaşan  ölkə deyil:

“Ciddi yanaşsaq, tamamilə fərqli islahatlar keçirə bilərik. Gürcüstanda, Türkiyədə, təhsilə olan münasibəti nümunə götürməliyik. Azərbaycanda heç bir universitet tədqiqat institutu deyil.

Diplomların verilməsi elə həddə gəlib çatıb  ki, adını yaza bilməyən adam elmlər namizədidir. Hər kəsin də diplomu var. Fikrini ifadə edə bilməyən adamlar isə akademik və ya professordurlar.

Bu titul ənənəsini yığışdırmaq lazımdır. Sanballı əsərlər ortaya qoyan insanların qiymətləndirilməsi vacibdir. Vəzifədən qabaq heç bir əsəri olmayanlar vəzifəyə təyin olunduqdan sonra 20 kitab birdən buraxır. Bir də baxırsan ki, kitab başdan-aşağı laborantın, elmlər namizədinin və ya hansısa alimin əməyinin məhsuludur. Biz bununla kimi aldadırıq? Elmə ciddi yanaşmaq məsələsi Azərbaycanda  olmadığına görə problemlərimiz bundan sonra daha ağır olacaq”.

 

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu