Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 15:54:00
Dərsə atla gələn qız, qəribə “kompüter”lə dərs keçən və dağda 700 bal hazırlayanlar – Ucqar məktəblərdən reportaj

İsmayıllı rayonu Gəndov kəndi, yeni quraşdırılan modul tipli məktəb

 
Qısa xatırlatma: 44 şagirdin təhsil aldığı və 56 şagird yerlik məktəb 7 sinif və bir müəllim otağından ibarətdir.

Təhsil Nazirliyi tərəfindən İsmayıllı rayonunun  Gəndov kəndi və Lahıc qəsəbəsində yeni təmir edilən məktəblərlə tanışlıq üçün mediatur keçirilib.

AzEdu.az İsmayıllı rayonu Gəndov kəndində yeni istifadəyə verilən modul tipli məktəbdən və Lahıc qəsəbə tam orta məktəbindən hazırladığı reportajı təqdim edir.

İllər öncə: Köhnə və şəraitsiz, pəncərələri sınıq vaqonda keçirilən dərs

 

Məktəbə daxil olan kimi gözümüz yeganə I sinif şagirdi Mirzə Mikayılova sataşır. Mirzə sinifdəki digər şagirdlərdən fərqli olaraq  izdihama fikir vermədən Hüsnxətt dəftərinə öyrəndiyi hərfləri yazır. Onun arzusu böyüyəndə polis olmaqdır:

“Ən çox Azərbaycan və rus dili dərslərinə marağım var. Müəllimlərimin hamısını çox sevirəm, elə məktəbimizi də...”

Onun müəlliməsi 16 ildir, bu vəzifədə çalışan Vüsalə Zeynalovadır. O, Vüsalə müəllimə ki, məktəbin şəraiti yaxşılaşdırılmamışdan öncə şagirdlərinə 2 hissəli, sınıq pəncərəli vaqonda dərs keçib. Hazırda Lahıc qəsəbəsində yaşayır:

“Gərnov kəndi də mənə doğmadır. 16 ildir, hər gün Lahıcdan 5 km yolu məktəbə dərs demək üçün gəlirəm. Yeni məktəbin ənənəvilərdən  çox fərqi var. İşə təzə gələn vaxtlar  şagirdlərə vaqonda dərs keçirdim. 2 gözlü vaqon idi, köhnə və şəraitsiz. Üstəlik, pəncərəsi də sınıq. Yeni məktəbdə dərs keçmək arzumuz idi. Amma hazırda da başqa kəndlərdən kilometrlərlə yolu məktəbə gələn şagirdlərimiz var”.

 

“Hər gün evimizdən məktəbə 1 saatlıq yolu atla gəlirəm”

Sinif otağından çıxanda məktəbə hər gün atla gəldiyini öyrəndiyimiz Familəyə yaxınlaşırıq. V sinif otağında Azərbaycan dili dərsidir.

Familə çoxsaylı suallardan sonra bizə məktəbə atla gəlişindən danışır:

“Atam məni hər gün atla dərsə gətirir. Dərə kəndindən məktəbə qədər 1 saatlıq yolumuz var. Qardaşım da elə bu məktəbdə, II sinifdə oxuyur. Ən çox Riyaziyyat dərsinə həvəsim var”.

Familənin parta yoldaşı Elnur Mütəllimov da məktəbə gəlmək üçün hər gün Köhnə Daxar kəndinən 4 kilometrlik məsafə qət edir.

Təbiətin canlı kompüter olduğu Coğrafiya dərsi

Buradan ayrılıb yuxarı siniflərdə dərs keçirilən otaqlara üz tuturuq.

VIII siniflərə Coğrafiya dərsidir. Fənni tədris edən isə məktəb üzrə MİQ imtahanlarında ən yüksək nəticə göstərən, yəni 52 bal toplayan Orxan Kamallıdır. Orxan Kamallı bu məktəbi öz istəyi ilə seçdiyini bildirib:

“2015-ci ildən burada çalışıram. Əslən, İsmayıllı rayonundanam. İqtisadi coğrafi şərait münbit olduğu üçün buranı seçdim. Kəndimiz şəhərdən 28 km uzaqdadır. Şəhərdən məsafə 20 km-dən uzaqdırsa, müəllimlərə H2, azdırsa, H1 verilir. Maaşım ümumilikdə 500 manatdır”.

Orxan Kamallıya görə məktəbin yerləşdiyi ərazinin təbiəti açıq kömpüter funksiyasını yerinə yetirir:

“Ərazi dağlıq relyefində olduğu üçün Coğrafiyanın tədrisi daha rahatdır. Şəhərdə şagirdlərə dağları izah etmək çətin olur. Burda kompüterdən də istifadə edirik. Amma buranın təbiəti açıq kompüterdir. Beləcə, şagirdlərə fikrimizi daha rahat çatdıra bilirik”.

İsmayıllı rayonu, Lahıc qəsəbə tam orta məktəbi

Gərnov kənd məktəbi ilə ümumi tanışlıqdan sonra üzüyuxarı, Lahıc qəsəbə tam orta məktəbinə yollandıq.

Qısa xatırlatma: 400 yerlik məktəb 3 mərtəbədən ibarətdir. Binanın  daxilində  hər mərtəbədə şagird və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşaqlar, idman zalı üçün də xüsusi olaraq paltardəyişmə otağı, duş və sanitar qovşaqlar tikilib.

“Lahıcdakı məktəbimi, Bakıdakı məktəbimdən çox sevirəm”

47 ildir, Riyaziyyat müəllimi kimi çalışan Lahıc məktəbinin direktoru Hikmət Haqverdili sanki yuxuda olduğunu vurğulayır:

“2018-ci ildə məktəbin 130 illiyi tamam oldu. Köhnə məktəbimizdə istilik odunla idi. İndi isə hər bir şəraitimiz var. Yollarımız təhlükəlidir, buna görə məktəbə avtobus da hədiyyə edilib. Qəbul imtahanlarında şagirdlərimizin yüksək nəticələri çoxdur. 2017-ci ildə 700 bal toplayan Vahab Cəbrayılov bizim məzunumuzdur”.

Məktəbin ən gənc kadrlarından biri, MİQ imtahanlarında 50 bal toplayaraq Lahıcda  ibtidai sinif müəllimi kimi çalışan Rəna Əlsəfli seçimindən peşman deyil:

“Lahıc diqqətimi hər zaman cəlb edib. Buranı seçdiyim üçün çox sevincliyəm. Həm şagirdlər, həm kollektiv gözəldir. Uşaqlar çox tələbkardır. Gediş-gəlişdə problem yaranmasın deyə, Lahıcda kirayə qalıram”.

 

Yuxarı sinif şagirdlərinə Biologiya dərsidir. Diqqətimizi təhsilini illər öncə Bakıda, hazırda isə Lahıcda davam etdirən Mehrab Qədirli çəkir. Mehrab Lahıc məktəbini Bakıda dərs aldığı məktəbdən çox sevir:

“Anam İsmayıllının mərkəzindən, atam isə Lahıcdandır. Babamgil Bakıda olduğuna görə bir müddət orada təhsil almışam. Sonra isə atamın kəndinə, Lahıca gəlmişik. Bu məktəbimi hər cəhətdən Bakıdakı məktəbimdən çox sevirəm”.

“Söz vermişəm ki, hər sinifimdən 700 bal toplayan bir şagirdim olacaq”

20 ildir, ibtidai sinif müəllimi kimi çalışan, məktəbin 700 ballıq məzunu Vahab Cəbrayılovun anası və ilk müəllimi Günay Cəbrayılovanın dərsində iştirak etdik. Pəncərədən mənzərəni görməsəniz, Bakıda hansısa özəl liseydə dərsə daxil olduğunuzu zənn edə bilərsiniz.

Günay Cəbrayılova kənd məktəbində dərs deməyin çətinlikləri barədə danışır:

“Lahıcda uşaqların təhsilə marağı yaxşıdır. Amma dağlıq yer olduğuna görə, uşaqlar intellekt cəhətdən zəif olurlar. Belə olan halda da, müəllimin üzərinə çox yük düşür. Şəhərdə uşaq hər şeyi görür, dərsə hazır vəziyyətdə gəlir. Bu baxımdan, kənddə işləmək daha çətindir”.

 

Günay Cəbrayılova Lahıcda doğulub və hazırda da burada yaşayır:

“Vahabın ilk müəllimiyəm. O, çox çalışqan uşaq idi, evdə bütün gün tapşırıqlarını edirdi. Mən ona dərs oxu deməmişəm. Hər şey planlı olanda, çətinlik aradan qalxır. Söz vermişəm ki, hər sinfimdən 700 bal toplayan bir şagirdim olacaq. Şəraitimiz hazırda çox gözəldir. Valideyn və müəllim olaraq bu şəraiti bizə yaradan hər kəsə təşəkkür edirəm”.

Qeyd: Vahab Cəbrayılov 2017-ci ildə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Hazırda təhsilini yüksək qiymətlərlə davam etdirir.

Nəzrin Rüstəmova

Qafar Ağayev