Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 10:54:00
Məleykə Abbaszadə struktur islahatlarından danışdı 

"Bu günlərdə dövlət idarəetmə sistemində aparılan struktur islahatları standartların dəyişməsinə, uyğunlaşmanın vacibliyinə dəlalət edir".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu islahatlar öz növbəsində 2018-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı Strategiyası ilə (2019-2025-ci illər)” uyğunluq təşkil edir.

M.Abbaszadə əlavə edib ki, strategiya dövlət qulluğunun müxtəlif sahələrində, o cümlədən kadr siyasətində kompleks islahatları, dövlət qulluğu sisteminin inkişafı üçün institusional quruculuğu, dövlət qulluqçularının rotasiyası, peşəkarlığı və işinin səmərəsini artırmaq məqsədilə səriştə və motivasiya modellərinin tərtib olunmasını, dövlət qulluğunun məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur:

"Qeyd etməliyəm ki, Strategiyanın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında icraçı təşkilat kimi ən çox tapşırıq (40-a yaxın) Dövlət İmtahan Mərkəzinə düşür. Hazırkı Tvinninq layihəsi üç il bundan əvvəl öz hədəflərini müəyyən edərkən, ölkəmizin o vaxtkı durumu və ehtiyacları nəzərə alınıb və layihə çərçivəsində nəzərdə tutulmuş bütün məsələlər uğurla həll edilib. Bu günün tələbi ondan ibarətdir ki, biz Azərbaycanda dövlət qulluğunu keyfiyyət baxımından daha yüksək səviyyəyə qaldırmalıyıq".

Şura sədrinin fikrincə, buna nail olmaq üçün yeni bir Tvinninq layihəsinin – müasir kommunikasiya və qiymətləndirmə vasitələrinin inkişafı üçün texniki yardımın göstərilməsini nəzərdə tutan layihənin həyata keçirilməsi məqsədəmüvafiq olardı:

"Ümidvaram ki, Avropa İttifaqı ölkəmizdə dövlət qulluğu sahəsində qəbul edilmiş Strategiyanın məqsədlərinə nail olmaq üçün yaxın zamanlarda belə bir layihənin Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilməsini mümkün hesab edəcək və bu, hazırkı layihənin məntiqi davamı olaraq daha əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaq".