Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 17:32:00
Təhsil Nazirliyi bir qrup şəxsi mükafatlandırdı - FOTO  

Yanvarın 21-də Təhsil Nazirliyində təhsilin inkişafındakı xidmətlərinə görə fərqlənən idmançılarla görüş keçirilib.

Nazirlikdən AzEdu.az-a bildiriblər ki, məktəbdənkənar fəaliyyətin təşkili üzrə müəssisə rəhbərlərinin, idmançıların iştirak etdikləri görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, bu sahədə qazanılan uğurlardan danışıb.

Nazir müavini 2018-ci il ərzində təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Təhsil Nazirliyinin müvafiq əmrləri ilə təltif edilən təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təltif olunan şəxslərə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, fəxri fərman və təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən təltif olunan şəxslər Avropa və dünya səviyyəli yarışlarda nailiyyətlər əldə edən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin yetirmələri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının 2017-2018-ci il mövsümündə müxtəlif yaş qrupları üzrə təşkil etdiyi liqalarda uğurlu nəticələr qazanan “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin nümayəndələridir.