Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 14:23:46
Ləğv edilən təhsil qurumları, təxirə salınan dərslər və imtahanlar – Həftənin təhsil icmalı  

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

Təhsil  Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi

Ötən həftədə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinintəkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.  Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edilib:

Akkreditasiya və Nostrifikasiya İdarəsi;

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu;

Təhsil İnstitutu;

İstedadlı Uşaqlarla İş Mərkəzi;

Respublika Elmi-Pedaqoji Kitabxanası;

“Təhsil” Respublika İdman Mərkəzi;

Fərmandan  çıxarış:

8.5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki Akkreditasiya və Nostrifikasiya İdarəsinin ləğv edilməsinin və onun funksiyalarının Nazirliyin Aparatı vasitəsilə həyata keçirilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;

8.6. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki qurumlarla bağlı aşağıdakı tədbirlərin görülməsini təmin etsin və bu barədə bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

8.6.1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İstedadlı Uşaqlarla İş Mərkəzinin və Respublika Elmi-Pedaqoji Kitabxanasının vahid qurumda birləşdirilməsi;

8.6.2. Respublika Bədən Tərbiyəsi Mərkəzinin və “Təhsil” Respublika İdman Mərkəzinin vahid qurumda birləşdirilməsi;

Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edildi    

Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinintəkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilsin.

Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının mədəniyyət naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

  1. Bu Fərmanın 2-ci hissəsinə əsasən yaradılan Komissiya (bundan sonra – Komissiya) beynəlxalq təcrübəni nəzərə almaqla, aşağıdakılarla bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

 

3.1. informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, ölkədə kitabxana sisteminin yenidən qurulması;

3.2. dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili;

3.3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə inzibati-ərazi vahidləri üzrə daha kompakt təşkili;

3.4. mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi.

  1. Bu Fərmanın 3.1-ci bəndinə əsasən təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Komissiyada təmsil olunacaq nümayəndələri barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin ləğvinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün.

  1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:

7.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmana əsasən ləğv olunan qurumlarında işləyən işçilərin Nazirliyin tabeliyində olan digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilməsi ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycanda Bilik Fondu ləğv edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmanın imzalanmasında məqsəd Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir.

Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ləğv edilir.

Xatırladaq ki, Prezident yanında Bilik Fondu Azərbaycan Prezidentinin fərmanı ilə 7 may 2014-cü il tarixində yaradılmışdı.

 Məktəblərdə iki gün dərs olmayacağı haqda  nazirin qərarı

Ötən həftədə Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.

Bildirilib ki, təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Universitetlərdə imtahanlar təxirə salındı

Geriə buraxdığımız günlərdə Azərbaycanın bir sıra ali məktəblərində hava şəraiti ilə əlaqədar imtahanların vaxtı dəyişdirildi.

Bu barədə Azedu.az-a universitetlərin mətbuat katibləri məlumat verib.

Azərbaycanlı məktəblilər Beynəlxalq olimpiadada 5 medal qazandı

Ötən həftədəQazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında iştirak edən azərbaycanlı məktəblilər uğur qazanıb.

9-15 yanvar 2019-cu il tarixlərində keçirilən beynəlxalq olimpiadada iştirak edən Fizika-riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri uğurla çıxış edib.

Onlar 4 gümüş və 1 bürünc medal olmaqla ümumilikdə 5 medal qazanıblar.

Dövlət və bələdiyyə ali məktəblərinin nizamnaməsi təsdiqləndi

Geridə buraxdığımız günlərdəNazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiqləyib.

Nizamnaməyə əsasən, ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Bələdiyyə tərəfindən ali təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.

Dövlət ali təhsil müəssisəsinə Azərbaycan Prezidentinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik ali təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.

Ali təhsil müəssisəsinin fəaliyyətinə lisenziya "Lisenziyalar və icazələr haqqında” və “Təhsil haqqında” qanunlarına uyğun olaraq verilir.

Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur. Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

İcra hakimiyyəti orqanının tabeliyində olan ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir. Dövlətin yaratdığı digər ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Ali təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

 Həftənin təhsil  informasiyaları

İkili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizm hazırlanacaq 

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramları üzrə dövlət vəsaiti və öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizm hazırlanacaq.

Müvafiq Dövlət Proqramında Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.

Xatırladaq ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.

Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycanda elmi-tədqiqat qrupları yaradılacaq və elmi araşdırma proqramları hazırlanacaq.

Elmi-tədqiqat qrupları beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutur.

Müvafiq Dövlət Proqramında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları