Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 09:32:00
Pedaqoji təhsil və müəllim hazırlığı: dünya təcrübəsi

“Tədrisin yeganə səmərəli metodu - bir halda ki, əksi mümkün deyil, nədən uzaq durmağın lazım olduğunu bariz şəkildə izah edə bilməkdir”.

Albert Eynşteyn

Pedaqogika xüsusi tədris fənnidir. Birincisi, bütün digər elm sahələrindən fərqli olaraq onun əbədi predmeti var - bu, tərbiyədir. İkincisi, pedaqogika bütün elm sahələri içərisində ən mürəkkəbidir. Ona görə ki, o, insanı öyrənir. Böyük alman filosofu və maarifçisi İ.Kant haqlı olaraq iki insan ixtirasını ən çətini hesab edirdi:  idarəetmək və tərbiyə etmək sənəti. Üçüncüsü, bu elm birmənalı deyil, həm də ziddiyyətlidir. Hətta böyük mütəfəkkirlərdən tutmuş, müasir tədqiqatçılar da daxil olmaqla insanın tərbiyə kimi mühüm keyfiyyəti haqqında yazılmış bir çox əsərlərin kəskin tənqidə məruz qalmasının şahidi oluruq. Dördüncüsü, pedaqogika ciddi elm sahəsi kimi bəlli sərhədlərə malik deyil. Onlarla elm sahəsinin pedaqogika ilə dolayısı və birbaşa bağlılığı var. Bu sahə haqqında yüzlərlə kitab yazılıb. Ancaq cəsarətlə söyləmək olar ki, tərbiyə problemi hələ də həll olunmamış qalıb.

Bütün bunlarla yanaşı, pedaqogika həm də maraqlı elmdir. Bu, təkcə onun predmeti ilə bağlı deyil. Bu, həm də insan həyatının tərəddüdləri, səhvləri və insan taleyinin dramı ilə sıx surətdə bağlıdır.

Azərbaycanda orta təhsilin inkişafında müstəsna rolu olan və uzun illər maarif naziri olmuş akademik Mehdi Mehdizadə yazırdı:  “Amerika məktəblərində psixoloji xidmətin az qala bir əsrlik tarixi var. İngiltərə, Fransa, Almaniya, Yaponiya məktəbləri bir-birindən nə qədər özgün xüsusiyyətlərlə seçilsələr də, bir vəsilədə bir-birlərinə necə də oxşayırlar. Onların hamısı psixologiya və pedaqogika elminin uğurlarına məharətlə arxalanır. Bizim respublikamızda isə bu önəmli elmlərin imkanlarından səmərəli istifadə olunmur. Psixoloqlarımız və pedaqoqlarımızı bu məsələ xüsusi narahat etməlidir. “Psixologiya və pedaqogika müəllimin qoşa qanadlarıdır. Müəllim bu bənzərsiz elmlərə yiyələnəndə əsl tərbiyəçiyə çevrilir”.

Pedaqoji təhsilin proqram və standartları

Pedaqoji hazırlığın proqramları pedaqogika sahəsində fundamental bilikləri formalaşdırmalı,  hər bir müəllim üçün vacib olan pedaqoji bacarıq və vərdişləri aşılamalıdır.

Yaxşı proqramlar pedaqoji təfəkkürü formalaşdırmalı, pedaqoji mədəniyyət və dünyagörüşü zənginləşdirməlidir. Proqramların standartlaşdırılması pedaqoji təhsilin effektivliyini ölçməyə imkan verməlidir.

Dünyanın aparıcı ölkələrində pedaqoji təhsil proqramlarının standartları probleminə birmənalı yanaşma mövcud deyil.

Təhsil sistemi inkişaf etmiş ölkələrdə müəllim hazırlayan ali məktəblərdə “Pedaqogika” elminə hansı səviyyədə yer verilir?

Amerika Birləşmiş Ştatları

Albert Eynşteyn “Pedaqoqlar və pedaqogika” məktubunda yazırdı: “Onsuz da dünyada, xüsusilə də Amerika məktəblərində pedaqogika kifayət qədərdir”. Kiçik araşdırmamız böyük fizikin sözlərini təsdiqləyir.

Bu ölkədə 4-5 illik müəllim hazırlığı proqramının 1-ci və 2-ci ilində ümumtəhsil tsiklində riyaziyyatla yanaşı, humanitar fənlərin, iqtisadiyyat, fəlsəfə, ədəbiyyat, tarix, politologiya, sosiologiya və s. tədrisinə üstünlük verilir. Yuxarı kurslarda ümumi pedaqoji psixologiya, uşağın inkişaf psixologiyası, təhsilin əsasları, tərbiyənin fəlsəfəsi, pedaqogikanın tarixi, pedaqoji sosiologiya, müqayisəli pedaqogika, öyrətmək metodları, pedaqoji etika tədris olunur. Bu fənlər təhsil müddətinin 30-35 faizini təşkil edir. Amerikada pedaqoji təcrübəyə 4-5 həftə vaxt ayrılır.

ABŞ-da pedaqoji təhsilin özəyini 6 standart təşkil edir. Standartlar bu məqamları ehtiva edirlər: bilik, gələcək müəllimin bacarıqları, diaqnostika sistemi, monitorinq və qiymətləndirmə, pedaqoji təcrübə, təkmilləşmə, əməyin keyfiyyəti və müəllimlərin peşəkar inkişafı, idarəetmə və material resursları.

Bu ölkədə pedaqoji təhsilin zəif yeri nədən ibarətdir? Pedaqoji fakültələrin məzunları 2-3 il işlədikdən sonra məktəbi tərk edirlər. Onların  peşələrinə maraqlarını artırmaq üçün layihələr həyata keçirilir. Tələbələr könüllülük əsasında praktik müəllim fəaliyyəti ilə məşğul olurlar.

“Amerika-2000” proqramında məktəb siyasətinin yeni strateji məqsədləri müəyyənləşdirildi. Yeni nəsil  müəllim yetişdirmək qarşıya məqsəd qoyuldu. “Bir uşaq belə kənarda qalmamalıdır” prezident aktına görə, təkmilləşməsini təsdiqləməyən bir müəllimə belə məktəbdə yer olmamalıdır. Bu sənədin ortaya çıxmasından 4 il sonra vəziyyət istənilən kimi dəyişmədi. “Pedaqoji trest” Tədqiqat Mərkəzi aşkarladı ki, 24 faizə yaxın məktəb müəllimi pedaqoji fakultələrdə onlara keçilən dərsləri öyrənməyib.

Rusiya

2013-cü ildən bu ölkədə “Tətbiqi pedaqoji bakalavriat proqramı” tətbiq olunur. Proqrama yeni sosial reallığı əks etdirən kurs və mövzular daxil edilir. Müəllimlərin hazırlığı proqramına fəlsəfə, sosiologiya, antropologiya, etikadan kurslar daxil edilir. Müxtəlif tipli ali məktəblərdə pedaqoji təhsilin proqramlarında xüsusi özəllik mövcuddur. Universitetlərdə psixoloji-pedaqoji hazırlıqlarda əsas dayaq ümumi akademik biliklərin üzərinə düşür.

Rusiyada pedaqoji təhsilin faktiki olaraq 3 növ standartı mövcuddur: ali məktəbin fəaliyyətinin standartı (məsələn, elmlər namizədləri və elmlər doktorlarının faizi), bütün ixtisaslar üçün eyni olan ümumtəhsil standartları və tələbələrin hər bir ixtisas üzrə kompetensiyalarının standartı.

Pedaqoji praktika müəllim hazırlığının ənənəvi komponentidir. Rusiyanın tanınmış Moskva Dövlət Pedaqoji Universitetinə diqqət edək: ibtidai təhsil fakultəsində fasiləsiz pedaqoji təcrübə bütün il boyu davam edir.

Böyük Britaniya

Britaniya ali məktəblərində tədris fənləri bloklarda birləşirlər: peşəkar-pedaqoji, xüsusi, ümumtəhsil.

Peşəkar-pedaqoji hazırlığa tədris müddətinin 50 faizi həsr olunur. Bu da özündə 3 komponenti saxlayır: pedaqoji-psixoloji fənlər tsikli, peşəkar kurslar, məktəblərdə pedaqoji təcrübə. Peşəkar-pedaqoji təhsilin özəyini inteqrativ kurslar təşkil edir ki, bu da aşağıdakı bölmələrdən ibarətdir: təhsilin prinsipləri, pedaqoji- psixologiya, sosial pedaqogika.

Kurslara daxil olan mövzular bunlardır: pedaqogikanın fəlsəfəsi, psixologiya, pedaqoji sosiologiya, öyrətmə metodikası, pedaqogika tarixi, müqayisəli pedaqogika, məktəb gigiyenası, məktəbşünaslıq. Peşəkar kurslara həmçinin ümumi akademik fənlər daxil edilir: ingilis dili, riyaziyyat, coğrafiya, tarix və s. Onların sayı 8-i ötmür.

İngiltərə universitetlərinin pedaqoji şöbələrində təcrübə 18-19 həftə müddətindədir. Bu, əsasən pedaqoji prosesin müşahidəsinə, bir neçə fənnin təcrübəli müəllimlər tərəfindən tədrisinə sərf olunur.

Almaniya

Bu ölkədə gələcəyin müəlliminin əxz edəcəyi proqramın məzmunu hansı fənni tədris etməsindən və dərs deyəcəyi ümumtəhsil müəssisəsinin tipindən asılıdır.  Realnı məktəbin müəllimi olacaq tələbə pedaqoji elmlər də daxil olmaqla 3 il ərzində dərinləşdirilmiş formada 2 ixtisas predmetini və onların tədris metodikasını öyrənir.

Gimnaziya müəllimini hazırlayan tədris planına ənənəvi fənlər daxildir: din, alman dili, tarix, riyaziyyat, təbiət elmləri, qədim və müasir dillər. Bu planı tamamlayan fənlər bunlardır: iqtisadiyyat, sosial elmlər, pedaqogika, psixologiya, tərbiyə nəzəriyyəsi.

Almaniya pedaqoji ali məktəbləri üçün 80-dən çox standart işlənib. Bunlar 12 tematik qrupda komplektləşirlər: müəllim-şagird münasibətləri, ruhlandırıcı müşahidə, fənlərin və situasiyanın problemi, sosial davranış qaydalarının formalaşdırılması, tədris prosesini müşahidə etmək, tədris prosesi və öyrətmə metodlarının təşkili, nailiyyətlərin səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi, müxtəlif öyrətmə metodlarının tətbiqi, müəllimlər arasında əməkdaşlıq, məktəb və ictimaiyyət, özünütəşkilatlandırma və peşəkar inkişaf, fənnin öyrədilməsi metodikası.

Yaponiya

Yapon müəllimlərinin hazırlıq proqramları pedaqoji və xüsusi tsikllərdən ibarətdir. Lakin ümumi cəhətlər də var. Pedaqoji kurs icbari və elektiv (latınca-“seçilmiş”) təlimlərdən ibarətdir. Pedaqoji kursun standartı bu fənləri və fəaliyyəti ehtiva edir: 1)pedaqogikanın əsasları (öyrətmənin psixologiyası və inkişaf, təhsilin idarə olunması, öyrətmənin metodları və texniki vasitələri), 2)təlimin məzmunu və metodikası, 3)əxlaq tərbiyəsinin problemləri, 4)pedaqoji təhsilin icbari proqramlarından kənara çıxan maraq kursları (tərbiyənin fəlsəfəsi, pedaqogika tarixi, müqayisəli pedaqogika, sosial pedaqogika, məktəbşünaslıq), 5)məktəbin idarə olunması məsələləri, 6)pedaqoji təcrübə.

Müəllim hazırlayan bizim ali məktəblərdə də “Pedaqogika” fənninin tədrisinə yenidən baxılmalıdır. Bununla yanaşı, tələbələr “Psixologiya” elminin yeni paradiqmalarını dərindən əxz etməlidirlər. Yalnız bundan sonra böyük pedaqoqumuz akademik Mehdi Mehdizadə demişkən, onlar həm də yaxşı tərbiyəçi ola bilərlər. 

Etibar ƏLİYEV, “XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru

(Azərbaycan müəllimi qəzeti)