Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-18 13:11:59
“Məktəb açıq olsaydı, orada onlarla uşaq və valideyn xəsarət ala bilərdi” – Deputatdan nazirliyə təşəkkür  

“Bu cür məsələlərdə qərəzlikdən uzaq olmamız vacibdir. İnsan taleyi ilə bağlı atılan addıma bəsit yanaşmaq olmaz”.

AzEdu.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa feysbuk hesabında kəskin hava şəraitinin məktəblərə ziyan vurması ilə bağlı statusunda qeyd edib. O, yazdığı statusda hava şəraitinə görə dərslərin dayandırılmasını qəbul etməyənlərlərazılaşmadığını bildirib:

“Lağlağıya çox meylli cəmiyyətik. “Bu nə tufandır, bu nə borandır, məktəblərdə dərsi dayandırmağa lüzum vardımı?”, deyirlər, yazırlar.

Sabunçu rayonu Pirşağı qəsəbəsində Sovxoz 2 adlanan yaşayış massivində bir neçə il öncə təmir olunmuş məktəbin damını güclü külək götürüb əraziyə dağıdıb. Məktəbə böyük maddi ziyan dəyib. Üstəlik, hadisə məktəb saatlarına zəng gələn vaxtda baş verib. Məktəb açıq olsaydı, orada onlarla uşaq və valideyn xəsarət ala bilərdi.

Təhsil Nazirinin iki günlük məcburi tətil qərarının nə dərəcədə əsaslı olduğu təsdiqləndi. Bu cür məsələlərdə qərəzlikdən uzaq olmamız vacibdir. İnsan taleyi ilə bağlı atılan addıma bəsit yanaşmaq olmaz”.

Qeyd edək ki, kəskin hava şəraiti digər məktəblərə də müəyyən qədər ziyan vurub. Güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü müəyyən qədər zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları