Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-16 16:56:00
“Summativlərlə bağlı dəyişiklər müəllimlərdə bu çaşqınlıqları yaradacaq” - Etiraz  

“Kağız-kuğuzun kütləvi şəkildə il boyu yığılıb, sonradan zibil yeşiklərinə tökülməsi nəyə  lazımdır axı?!

Üstəlik, summativ qiymətləndirmə şagirdlərdə bir-birindən  köçürmə kimi pis vərdiş yaradır”.

Bu yanaşma Cəbrayıl rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şahnazxanım Şükürzadəyə məxsusdur. Daha maraqlısı isə budur ki, summativlərə eyni münasibəti ilk dəfə deyil ki, eşidirik. Müəllim və şagirdlərin bu qiymətləndirmə metodundan küskünlüyü isə kifayət qədər dərindir.

Bəs qiymətləndirmə qaydalarına edilən dəyişikliklər onları nə dərəcədə barışdıra biləcək? Ümumiyyətlə, pedaqoqların summativlərə edilən dəyişiklərdən gözləntiləri nədir və hansı natamamlıqları hiss edirlər?

“Nəinki düzgün həyata keçirilmir, hətta primitiv şəkildə aparılır”

Şahnazxanım Şükürzadə yeni qaydalara münasibət bildirərkən,summativlərin tarixindən başlayıb və bu illər ərzində özünü nə dərəcədə doğrultması məsələsinə toxunub. Bildirib ki, məktəblərdə artıq 10-11 ildir şagirdlərin biliyini summativ qiymətləndirmələrlə dəyərləndirirlər:

“Summativ qiymətləndirmə elə təşkil olunmalıdır ki, şagirdlərin öyrətdiyimizi necə mənimsəməsi, ümumi təlim nəticələrinin nə dərəcədə əldə olunması və standartların hansı səviyyədə reallaşdırılmasını aydınlaşdırmaq mümkün olsun.

Amma bu üsul bizdə nəinki düzgün həyata keçirilmir, hətta primitiv şəkildə aparılır. Əvvəla,xüsusilə də rayon və ucqar ərazilərdə yerləşən bəzi məktəblər maddi texniki baza cəhətdən kifayət qədər təchiz olunmayıb. Bu halda müəllim məcburən ya öz vəsaiti hesabına, ya da şagirdlərin köməyi ilə testlərin surətini çıxarıb çoxaltmaqla summativ keçirir ki, onları şagird partifoliosuna yığsın. Kağız-kuğuzun kütləvi şəkildə il boyu yığılıb, sonradan zibil yeşiklərinə tökülməsi nəyə  lazımdır axı?!

Bundan əlavə summativ qiymətləndirmə şagirdlərdə bir-birindən  köçürmə kimi pis vərdiş yaradır. Nə qədər ciddi nəzarət olunsa da, şagirdlər cavabları  bir-birinə öz aralarında “parol” adlandırdıqları işarələrlə, him-cimlə başa salırlar”.

“Yeniliklər öz müsbət nəticəsini attestasiya imtahanında göstərəcək”

Onun sözlərinə görə, təhsil naziri Ceyhun Bayramovun  şagirdlərin biliklərinin qiymətləndirilməsi ilə bağlı bugünlərdə apardığı islahatlar, bu sahədəki problemlərin həllinə birbaşa keçidin mümkün olmadığı dövrdə təqdirəlayiqdir. Gənc müəllim yeniliklərin müsbət tərəflərini bu cür sadalayıb:

“I siniflərdə summativ qiymətləndirmələrin ləğv olunması hələ sinif abu-havasına güclə öyrəşməyə başlayan uşaqları stress və imtahan qorxusundan xilas etdi.

V, VI, VII, VIII və X siniflərdə BSQ-nin yalnız attestasiya imtahanı nəzərdə tutulan fənlərdən aparılması şagirdləri aşağı siniflərdən həmin fənlərə ciddi yanaşmağa təhrik edir. Bu öz müsbət nəticəsini attestasiya imtahanında göstərəcək.

Digər fənlərdən BSQ-lərin ləğv olunması doğru qərardır. İndiyədək ilboyu KSQ-lərə elə də  ciddi yanaşmayan  şagirdlər BSQ-lərin əsas rol oynadığını düşünərək onlardan alacaqları qiymətə arxayın  olurdular. İslahatlardan sonra isə  KSQ-lərin qiyməti  ön plana keçəcək və şagird gündəlik materialların öyrənilməsinə daha ciddi yanaşacaq”.

“Yeni qiymətləndirmə mexanizmi barədə həm də valideynlər məlumatlandırılmalıdır”

Deyilənə görə, bütün müsbət cəhətləri ilə yanaşı, vaxtsız qəbul olunan bu qərar bütün müəllimləri çaş-baş qoyub:

“Əvvəla bu qərar ya tədris ilinin əvvəlindən qəbul olunmalı, ya da növbəti tədris ilində qüvvəyə minməli idi. Sonrası da ki, bal sistemi ilə qiymətləndirmə, bu vaxta qədər keçirilmiş KSQ-lərin bala çevrilməsi bir çox müəllimləri, eyni zamanda valideynləri çaş-baş salacaq.Müəllimlərdə bu çaşqınlıq bir neçə səbəbdən yarana bilər:

1.Bal sistemi ilə hesablama qaydasını bilməmək;

2.Ədədin faizinin çıxarılmasını bilməmək;

3.Ədədi ortanın tapılması qaydasını bilməmək.

Bu kimi hallar, hər məktəbdə gözləniləndir. Aradan qaldırılması üçün məktəblərdə təlimlər təşkil olunmalıdır. Hər məktəbdə bal sistemi ilə hesablama qaydasını, ədədin faizinin  çıxarılmasını və ədədi ortanın tapılması qaydasını bilən müəllimlər bilməyən kolleqalarına qrup halında təlim keçməli, biliklərini tapşırıqlarla möhkəmləndirməlidirlər. Belə olsa müəllimlərdə vərdişlər yaranacaq. Yeni qiymətləndirmə mexanizmi barədə həm də valideynlər məlumatlandırılmalıdır”.

“Summativlər elektron formada aparılsa, çox yaxşı olar”

Şahnaz xanım qeyd edib ki, şagird biliklərinin qiymətləndirilməsi hazırda ən yaralı yerimizdir. Təkcə 2017-2018-ci tədris ilində IX siniflərin attestasiya imtahanının nəticələri ölkəmizdə bu vəziyyətin nə dərəcədə acınacaqlı olduğunun göstəricisidir:

“Fikrimcə, şagirdlərin attestasiyası, eyni zamanda məktəbdaxili qiymətləndirilməelektron formada aparılsa, çox yaxşı olar. Bu forma həm şagird biliyinin qiymətləndirilməsinin şəffaf və demokratikliyini təmin edər, həm də müəllimlərin işini asanlaşdırılmaq baxımından ədalətli olar. Üstəlik, kağız sərfiyyatı da azalar.

Bunun üçün hər şagirdin şəxsi səhifəsi yaradılmalıdır. Məktəblərdə summativ qiymətləndirmə üçün elektron vəsaitlə təchiz olunan ayrıca otaqlar hazırlanmalıdır. Siniflər növbə ilə həmin otaqdan istifadə etməli və şagirdlərin bilikləri qiymətləndirilməlidir. Elektron qiymətləndirilmədən çıxarış çap olunub şagird portfoliosunda saxlanmalıdır. Belə olsa, valideynlər istənilən vaxt övladlarının şəxsi səhifəsinə daxil olub onların imtahan nəticələri ilə tanış olmaq imkanı əldə edərlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları