Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-13 13:16:00
Şagirdlərin inklüziv təhsilə cəlbi, informatika təmayüllü siniflər və “Nəsimi”ili -Həftənin TƏHSİL İCMALI

AzEdu.az həftənin təhsil icmalını təqdim edir:

Geridə buraxdığımız həftədə təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi.

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

Dövlət başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

Təhsil naziri yeni fəaliyyətə başlayan gənc müəllimlərlə görüşüb.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilən müsabiqənin test imtahanları sona çatıb.

Yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov bildirib ki, Muxtar Respublikada təhsil hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Digər mühüm məsələlərlə yanaşı, yüksək səviyyəli pedaqoji kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb. Hazırda Muxtar Respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların aid nazirlik, komitə və təşkilatlara hamiliyə verilməsi ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar açıb.

Qeyd edək ki, tədbirdə iştirak edən gənc müəllimlərə Təhsil Nazirliyi tərəfindən metodik vəsaitlər təqdim olunub.

Azərbaycanlı şagirdlər Beynəlxalq Jautıkov Olimpiadasında... 

Yanvarın 9-da Qazaxıstanın Almatı şəhərində 15-ci Beynəlxalq Jautıkov Olimpiadası (IZhO) öz işinə başlayıb.

Olimpiadada Azərbaycanı İnformatika və Fizika fənni üzrə 4 iştirakçı və 2 rəhbər, Riyaziyyat fənni üzrə 6, iştirakçı olmaqla 16 nəfərlik heyət təmsil edir.

15-ci Beynəlxalq Jautıkov Olimpiadası yanvarın 15-dək davam edəcək.

Azərbaycanlı doktorantın məqaləsi UNESCO-nun elektron bülletenində yerləşdirilib.

UNESCO-nun Beynəlxalq Bioetika Şəbəkəsi Türkiyə bölməsinin və Hacettepe Universitetinin Bioetika Təhsil Araşdırma və Tətbiq Mərkəzinin “Türkiyədən bioetika haqqında izahat” elektron bülleteninin ilk nömrəsi yayımlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU)  bildiriblər ki, ildə iki dəfə yayımlanacaq elmi-publisistik bülletenin ilk buraxılışında hazırda mərkəzdə fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun bioetika və cinayət hüququ ixtisasları üzrə doktorantı, ADPU-nun müəllimi Sevda Kərimovanın “Ölüm cəzası cinayətdən çəkindirirmi?” məqaləsi yer alıb. Məqalə ilə http://www.deontoloji.hacettepe.edu.tr/ linki vasitəsilə tanış olmaq mümkündür.

UNESCO-nun bioetika kafedralarının fəaliyyət göstərdiyi bir çox ölkələrdə alternativi olan bu elektron bülletenin Azərbaycanda da yaradılması hazırda dünyanın diqqət mərkəzində olan bioetikanın inkişafına kömək edəcək.

Azərbaycanlı alimlərin məqaləsi xarici jurnalda dərc olunub.

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin həmmüəllifi olduqları məqalə "Thomson Reuters" beynəlxalq bazasında referatlaşdırılmış impakt faktorlu "Archiv der Pharmazie" jurnalında dərc edilib.

AMEA-dan  bildirilib ki, azərbaycanlı alimlərin məqaləsi optiki fəallığa malik yeni xromen əsaslı birləşmələrin sintezinə və molekulyar quruluşunun müfəssəl tədqiqinə həsr olunub.

HƏFTƏNİN İNFORMASİYALARI

Keçən il Bakıda 52 şagird inklüziv təhsilə cəlb edilib.

Ötən il UNICEF-lə birgə layihə çərçivəsində Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.

Təhsil Nazirliyindən bildiriblər ki, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar bir sıra işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. 2017-2018-ci tədris ilində ümumilikdə ölkə üzrə sağlamlıq imkanları məhdud 10 min 130 uşaq xüsusi təhsilə cəlb edilib.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir.

Bakının 26 məktəbində informatika təmayüllü siniflər açıldı.

Ötən tədris ilində Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 30 ümumtəhsil məktəbinin iştirakı ilə “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  bildiriblər ki, layihə çərçivəsində 26 ümumtəhsil məktəbində informatika təmayüllü siniflər açılıb. İnformatika müəllimlərinin iştirakı ilə seminar keçirilib.

Qeyd edək ki, Təhsil Nazirliyi, Təhsil və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 137 müəllim ixtisasartırma təlimlərində iştirak edib. Layihəyə cəlb edilən ümumtəhsil məktəblərinə 912 kompüter təqdim olunub. Layihədən 4456 şagird yararlanıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları