Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 14:51:00
Koreyada yüksək təqaüdlə oxuyan Ceyhun: “Tələbələr mətbəxdən istifadə üçün ilin əvvəlində  qeydiyyatdan keçirlər, çünki...”

Son  illər  gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb.

Onlar hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd  proqramına əsasən müəyyən edirlər.

Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından, gənclər qərarlarından tam  əmin ola bilmirlər.

Bu kimi sualları cavablandırmaq üçün həmin ölkədə təhsil alan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

Cənubi Koreyanın KAİST  Universitetində  təhsil  alan Ceyhun Zəkəryəyev AzEdu.az-a müsahibəsi zamanı mövzu ilə bağlı zəruri bilgilərini bizimlə bölüşüb.

Ceyhun Zəkəryəyev hazırda KAIST Universitetində bakalavr pilləsinin birinci kurs tələbəsidir. Oxuduğu universitetin qaydasına görə, tələbələr ilk kursda heç bir ixtisas seçmir, yalnız növbəti ildə bu hüquqdan yararlana bilərlər.

Öncə, universitet haqqında ümumi məlumat:

KAIST (Korean Advanced Institute of Science and Technology) Universiteti Cənubi Koreyanın ən  nüfuzlu  ali təhsil  ocaqlarından biridir. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə ilə qəbul olurlar. Böyük Britaniyanın “Times Higher Education Supplement-World Universities Rankings” jurnalının hazırladığı dünya universitetlərinin reytinqində KAİST 100 ən yaxşı universitet arasında 69-cu yerdə qərarlaşıb.

“QS WORLD University Rankings” tərəfindən tərtib edilən “Dünyanın 50 gənc  ali təhsil müəssisəsinin reytinq cədvəli”ndə KAIST  Universiteti 5-ci pillədə  yer alıb.

Yaxşısı budur, universitet haqqında Ceyhunun özü bizə məlumat versin. 

“KAIST universitetində oxumağın üstünlüklərindən biri əcnəbi tələbələr üçün ödənişsiz təhsili olmasıdır”-deyən Ceyhun universiteti haqqında bəh-bəhlə danışır:

“Burada  tələbələrə hər ay əlavə olaraq, təxminən 312 dollar təqaüd verir. Eyni zamanda,  KAİST  Universiteti ölkədə araşdırmalarına (research) görə  məşhurdur.  Universitet  mühəndislik  sahəsi üzrə güclü, peşəkar kadrlar yetişdirir.

KAİST Universitetinə Korean Government scholarship (KGSP) təqaüd proqramı üzrə qəbul olmaq olar. Amma heç bir təqaüd proqramına müraciət etmədən  sənədləri bura göndərmişəm. Universitet çox sayda beynəlxaq imtahan nəticələrini qəbul edir.  SAT, SAT subject, İELTS, TOEFL, həmçinin, İB proqramı ilə təhsil alanlar universitetə qəbul ola bilərlər.  Universitet ACT, AP imtahanını, eləcə də   beynəlxalq  olimpiya nəticəsi olan tələbələri  qəbul edir”.

Onun sözlərinə görə,  universitetin daxilində xəstəxana, maqazin, restoran, ev əşyaları maqazini var:

“KAIST Universitetində 2  kitabxana var.  Kitabxanaların birində tələbələr dərs oxuya bilər,  lakin evə kitab götürə bilməzlər.  Digər  kitabxanada isə həm dərs oxumağa yer, həm də kitablar var. Universitetin kitabxanası çox zəngindir. Burada çoxlu sayda müxtəlif sahə üzrə  kitablar tapmaq olar. Universitetin müxtəlif sahələri üzrə məzun olan məşhur adamları da var.

KAİST Universitetinin kampusu olduqca böyükdür;  burada 65 bina var. Ali təhsil müəssisəsinin daxilində xəstəxana, maqazin, restoran, ev əşyaları maqazini  fəaliyyət göstərir. Düşünürəm ki, bu da tələbələr üçün çox lazımlıdr.

Universitetdə təxminən, 10000 tələbə təhsil alır. Hər il müxtəlif ölkələrdən olan tələbələr təhsil almaq üçün məhz bu universiteti seçirlər; onların çoxu Asiya ölkələrindən gəlir.  Onu da qeyd edim ki,  hər il universitetə təhsil almaq üçün gələn tələbələrin sayı dəyişir”.

Ceyhun onu da deyir  ki, universitetdə tələbələr demək olar, çətinliklərlə qarşılaşmırlar:

“Fikrimcə, universitetdə tək çətinlik əcnəbi tələbələr üçün yaxşı mühitin olmamasıdır.  Yəni universitet daxilində işləyən işçilər ingilis dilində bilmirlər; həmçinin, bəzi müəllimlər də... Amma restoranlarda əcnəbi tələbələrin ağız dadına uyğun dadlı yeməklər var.

 Universitetin yataqxanalarında  bir otaqda 2-3 tələbə qala bilər: orada lazımi şərait var. Amma yeməkləri özü bişirən tələbə üçün müəyyən problemlər  yaranır.  Çünki, yataqxanada yemək bişirmək üçün yer yoxdur. Universitet daxilində tələbələr üçün sadəcə, bir mətbəx var. Tələbələr mətbəxdən istifadə etmək üçün ilin əvvəlində  qeydiyyatdan keçməlidirlər.

Azərbaycanla müqayisədə ölkənin restoranlarında qiymətlər bahadır.  Fikrimcə, KAİST Universitetində tələbələr üçün yaxşı mühit yaradılmalıdır.  Hazırda universitetdə təhsil alanların 90%-i yerli tələblərdir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları