Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 13:52:00
“Məktəblərdə süni intellektlə bağlı xüsusi dərslər keçirilməlidir” – Xaricdəki soydaşımız

“Bu gün Koreyada 100-lərlə fərqli texnologiya məktəbləri -Robotların öyrənilməsi, Aİ (süni intellekt) tətbiqi və s, - var. Gənclərin hələ az yaşlarından bu sahəyə istiqamətlənməsi bizə çətin görünən problemləri sadə yollarla həll etməyə imkan verir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Nihat Xəlilzadə deyib.

Nihat Xəlilzadə Koreya Hanyanq Universitetinin məzunudur. O, paytaxt Seulda koreyalılara – orta məktəb şagirdləri və universitet tələbələrinə müxtəlif mövzularda seminarlar keçir. Kompüter mühəndisliyi ixtisasını bitirən Nihat hazırda Koreya şirkətlərindən birində xariclə əlaqələr üzrə mütəxəssis çalışır.

O, süni intellektin orta məktəblərdə tədrisinin faydalarından və lazımlılığından danışıb:

“Gələcək tamamilə süni intellektdən asılı olacaq. Hazırda insan beyni üçün çətin görünən məsələlər qısa zamanda robotlar tərəfindən idarə olunacaq. Yeni nəsli də məhz buna hazırlamaq lazımdır. Bunun üçün orta məktəblərdə xüsusi dərslər keçirilməlidir. Bu gün Koreyada 100-lərlə fərqli texnologiya məktəbləri - Robotların öyrənilməsi, Aİ (süni intellekt) tətbiqi və s, – var.

Gənclərin hələ az yaşlarından bu sahəyə istiqamətlənməsi bizə çətin görünən problemləri sadə yollarla həll etməyə imkan verir. Müqayisə üçün deyə bilərəm ki, dünya üzrə robot və yeni innovasiya yarışlarında Koreya çox vaxt gənc (18 yaşdan aşağı) tələbə heyəti ilə iştirak edir”.

Rəna NƏBİ