Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 11:40:00
Himnimizi ingiliscə öyrədən, telefonla “listening” dərsləri təşkil edən gənc müəllimlər - SORĞU

2008-2009-cu tədris ilindən etibarən Azərbaycan ümumtəhsil məktəbləri yeni təhsil strategiyasına – kurikuluma keçid etdi.

Kurikulum konsepsiyasına əsasən, təhsilyönümlü tədris həyata keçirən müəssisələr, artıq şəxsiyyətyönümlü tədris üzərində iş qurdular. Yəni bu vaxta qədər yalnız əzbərçilik üzərində qurulan tədris, artıq praktika üzərində qurulmalı idi. Bu zaman isə bir sıra texniki vasitələrdən (kompüterlərdən, proyektorlardan və s.) istifadə dərslərin daha səmərəli keçməsinə, şagirddə dərsə marağın yaranmasına şərait yaradır.

Bəs kənd məktəblərində kurikulum özünü nə dərəcədə doğruldur?

Mövzu ilə bağlı AzEdu.az müəllimlər arasında sorğu keçirib.

Sorğuya əsasən məlum olub ki, kompüter, internet, hətta bəzən elektrik enerjisininn çatışmazlığı nəticəsində müəllimlər, adətən, ənənəvi dərs üsulundan istifadə etməli olurlar.

Binəqədi rayon 102 saylı tam orta məktəbin müəllimi Abıyev İdris:

“Kurikulumun əsas məqsədi, şagirdə mövzunu elə dərs zamanı mənimsətməkdən ibarətdir. Uşağa hansısa materialı (şəkil, sxem, video və s.) əyani göstərmək, onda keçirilən dərsə böyük maraq və motivasiya yaradacaq. Rayon və kənd məktəbləri isə hələ lazımi avadanlıqlarla tam təmin olunmayıb. Hətta bəzi kənd məktəblərdə elektrik enerjisi belə yoxdur. Belə məktəblərdə kompüter, proyektor kimi avadanlıqlardan söhbət belə gedə bilməz. Qaldı ki, ənənəvi ya da kurikulum üsulundan istifadəyə, bu, daha çox müəllimin şəxsi seçimindən asılıdır. Təəssüf ki, hazırda bir çox məktəblərdə avadanlıq çatışmadığından olsa da, bəzi məktəblərdə isə vəziyyət başqadır: avadanlıq olsa da, müəllimlər özləri hələ də ənənəvi təshil sistemindən istifadə edirlər.

Mənim hansı üsuldan istifadə etdiyimə gəldikdə isə, bəli, kurikulum metodu ilə dərs keçirəm. Hazırda işlədiyim məktəbdə fəal və interaktiv təlim üçün istənilən avadanlıqlar var. Lazım olduqca bu avadanlıqlardan yararlanıram”.

Şəki rayon Başgöynük kənd tam orta məktəbinin müəllimi Səfərzadə Aysel:

“Hazırda həm rayon, həm də kənd məktəbində işləyirəm. Ümumi olaraq deyə bilərəm ki, hər iki məktəbdə mümkün qədər kurikulum üsulu ilə (oyunlarla, yarışlarla və s.) dərslər keçirik. Amma təəssüf ki, rayon məktəbindən fərqli olaraq kənd məktəbində avadanlıq baxımdan çətinlik çəkirik. Məktəbdə kompüter olsa da,  internet bağlantısı yoxdur. Hətta əvvəllər elektrik təchizatında da problemlər vardı. Əksər vaxtlar kurikulum dərs üsulundan istifadə etsək də, internet çatışmazlığına görə bəzən ənənəvi təhsilə də müraciət etməli oluruq”.

Astara rayonu Şahağacı kənd 2 saylı tam orta məktəbin müəllimi Rzazadə Babək:

“Düzünü desəm, dövlət proqramı ilə bir o qədər razı deyiləm. Sanki bu, ənənəvi təhsilin pərakəndə formasıdır. Məncə, özümüz dərsi daha maraqlı təşkil edirik. Dərsim haqda deyə bilərəm ki, bu ildən qəbul imtahanlarında tətbiq olunacaq “listening” və mətnləri nəzərə alaraq, məktəbdə lazımi avadanlıq olmasa da,  müəyyən işlər görürəm: kompüter ya da telefonla səsucaldıcı quraşdıraraq həftədə ən az bir dəfə “listening” dərsləri təşkil edirəm. Bundan əlavə, şagirdləri yormamaq və onların dərsə marağını artırmaq üçün müxtəlif üsullara əl atıram. Məsələn, dərs dediyim siniflərdə uşaqlar, artıq Azərbaycan himnini ingilis dilində oxumağı bacarırlar. Dərs zamanı kiçik oyunlardan istifadə edir, imkan olduqca isə dərsləri bufetdə keçməyə çalışıram. Bir sözlə, əlimdən gəldiyi qədər “ənənəvi təhsil sistemi”ndən uzaqlaşıram.

Yuxarı sinif dərsliklərində uşaqlar üçün müəyyən qədər faydalı biliklər var, amma bu, yenə də şagirdlərin bilik səviyyəsini aşır. Bu səbəbdən də özümüz, bu kitabların əvəzinə nizamlı olaraq, qrammatika ilə bağlı materiallar təqdim edir və testlər işləyirik. Təbii ki, dərsliklərdən də  uşaqların səviyyəsinə uyğun materiallardan seçib istifadə edirik.  İşlədiyim məktəbdə müəllim həmkarlarım da (daha çox gənc müəllimlər) belə üsullardan yararlanırlar”.

Rəna NƏBİ