Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-11 12:20:00
Bu texnologiyadan elektron səsvermədə istifadə olunacaq

Tailandın informasiya və kommunikasiya tətbiqlərinin işlənilməsinə cavabdeh olan Elektronika və Kompüter Texnologiyaları Milli Mərkəzi (NECTEC) blokçeynə əsaslanan elektron səsvermə sistemi üzərində işləyir. Seçicilər 5G texnologiyasını qəbul etdikdən sonra yeni platformaya qoşulacaqlar.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AzEdu.az-a bildirilib ki, NECTEC dövlət, regional və ictimai seçkilərin keçirilməsi, həmçinin şirkətlərdə səsvermələr zamanı elektron səsvermə üçün tətbiq oluna bilən blokçeyn texnologiyası hazırlayıb. Sistemin məqsədi dələduzluq hadisələrinin aradan qaldırılması və məlumatların tamlığının qorunmasından ibarətdir. Ölkə vətəndaşları artıq seçki məntəqələrinə baş çəkməyərək yalnız internet vasitəsilə səsvermədə iştirak edəcəklər. Texnologiya insanlara mobil telefonun kamerası ilə yoxlamadan keçməklə elektron poçt vasitəsilə səs vermək imkanı təqdim edəcək. Bununla yanaşı, səsvermənin nəticələri daha sürətli emal ediləcək və namizədlər nəticələri elektron formada yoxlaya biləcəklər.

Blokçeyn texnologiyası elektron səsvermə sahəsində böyük imkanlara malikdir, ancaq onun genişmiqyaslı tətbiqinə müəyyən qədər vaxt lazımdır. Bunun səbəbi bütün seçicilərin mobil qurğularının internetə çıxışa və kameranın köməyi ilə yoxlamanın həyata keçirilməsi imkanına malik olması tələbidir.

NECTEC mütəxəssislərinin sözlərinə görə, hazırda sistem universitet, regional və ya ictimai seçkilər kimi miqyası böyük olmayan səsvermə proseslərinin keçirilməsi zamanı sınaqdan keçirilməyə hazırdır. Mərkəz sistemi Tailandın Milli Elm və Texnologiyanın İnkişafı Agentliyində istifadə etməyi planlaşdırır.