Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-10 16:54:00
“Təhsilimiz tələbəni öyrənməyə yox, əzbərləməyə məcbur edir” - Xaricdəki tələbə ilə MÜSAHİBƏ

“Dərsliklərdə lazımsız,  müasir dövrdə tətbiq olunmayan mövzular  aradan götürülsə, materiallar yüngülləşdirilsə yaxşı olar” .

Bunu AzEdu.az-a  Macarıstanda oxuyan gənc  soydaşımız  Elvin Əsgərov  yazır...

Macarıstanda   təhsil  alan  azərbaycanlı  gənclə müsahibəni təqdim edirik:

Öncə Elvin haqqında:

Elvin Əsgərov  orta təhsilini Bakı şəhəri Zəkalar liseyində alıb. Daha sonra Bakı Mühəndislik Universitetinə daxil olub. O, BMU-də 2 il  oxuduqdan sonra  təhsilini yarımçıq qoyaraq Macarıstanda oxumağa qərar verib. Hazırda Macarıstanda Budapeşt Texnologiya və Ekonomiya Universitetində  Mexanika mühəndisliyi üzrə bakalavr  təhsili alır.

-Elvin, əvvəlcə Macarıstan təhsilinin üstünlükləri barədə məlumat verərdin...

-Macarıstanda təhsil almağın üstünlüyü  məhz Avropa ölkəsi olmasıdır. Çünki ən azından Avropa mühitini  görürsüz və dünyagörüşünüz zənginləşir . Macarıstan təhsili praktiki cəhətdən  Azərbaycandan daha yaxşıdır. Ölkədəki sistem tələbədən dərslərdə iştirak etməyi tələb edir. 

Niyə məhz Macarıstanda ali təhsil almağa qərar verdin? Hansı özəllikləri diqqətini çəkdi? 

-2017-ci ildə Stipendium Hungaricum  təqaüd proqramına müraciət etdim  amma konkret bir ölkə düşünməmişdim. Dostum həmin ili Macarıstanda təhsil alırdı. Macarıstanı  seçməyimin əsas özəlliyi tələbə üçün ucuz və əlverişli şəraiti olması idi. Polşada təhsilin yaxşı olmaması, İtaliyada isə təqaüdlərin vaxtı-vaxtında verilməməsinə görə həmin ölkələrdə oxumaq istəmədim.

-Azərbaycan təhsilində hansı yeniliklərin tətbiq olunmasını istəyərdin?

-Macarıstan universitetlərində imtahanda tələbələrin uğurla keçməsi üçün çox şans verilir. Yəni  tələbələrin kredit borcu olanda yenidən ödənişsiz imtahan verə bilirlər.Məhz bu sistem Azərbaycanda da olsa yaxşı olar.

-Macarıstana gedəndə “culture shock” yaşadın?

-Bəli! Onlarla bizim cəmiyyətimiz çox fərqlidir. Macarlar avtobusda, metroda yaşlılara yer vermirlər çünki yaşlılar üçün xüsusi oturacaqlar var.  Burada  nəqliyyatda nəsə yemək qəti qadağandır hansı ki, Azərbaycanda normal sayılır . Ölkədə qadınların oğlanlardan daha çox siqaret çəkməsinə şahid oldum . Biz daha çox ev yeməklərinə üstünlük veririksə onlarda isə bu tamamilə fərqlidir.  Burada bizlə müqayisədə gənclərin geyim tərzi, cəmiyyət arasında rahat sevgilərin nümayişi çox fərqlidir. Ilk  getdiyim zamanlarda belə şeylər haqqında fikirlərim müsbət deyildi amma zamanla öyrəşdim.

-Bəs, necə qadınla ailə həyatı qurmağı düşünürsən?

-Buna hələ özüm də qərar verməmişəm...(gülür)

 -Səncə Azərbaycan və Macarıstan müəllimi arasında  nə kimi fərqləri var?

-Macarıstanda oxumadan öncə Bakı Mühəndislik Universitetində təhsil alırdım.  Fikrimcə, Azərbaycan və Macarıstan müəllimlərinin arasında fərq yoxdur. Müəllimlər tələbələrə normal davranırlar hər hansısa bir qəsdi-qərəzlik görməmişəm. Çünki,müəllim hər yerdə elm öyrədəndir.

-Elvin, bəs Macarıstanda elə universitet varmı ki, tələbələrin orada təhsil alması onlara heçnə qazandırmasın?

-Macarıstanda elə bir universitet tanımıram.  Amma olsa da  yenə  oxumağa dəyər...  

Azərbaycanın təhsil keyfiyyətini necə qiymətləndirirsən?

-Fikrimcə, təhsil sistemimiz  yaxşı vəziyyətdə deyil. Çünki ölkəmizdəki sistem tələbəni öyrənməyə yox əzbərləməyə məcbur edir .Dərs materialları sıxıcı olduğundan tələbə imtahana 1-2 gün qalmış bütün proqramı əzbərləyir. Ölkədəki  sistem tələbəni çox sıxır ona imtahanda uğurla keçmək üçün ikinci  şans verilmir. Dərs materialları və cədvəlləri elə qurulur ki, tələbənin dərs oxumaqdan başqa bir işi olmur . Çünki, 24saat  dərs oxuyan, sosial həyatı olmayan bir tələbə çətin ki, gələcəkdə  böyük bir uğura imza atsın.

-Macarıstana oxumaq üçün getdiyin ilk zamanlarda hansı çətinliyin oldu?

-Macarıstanda oxumaq üçün gəldiyim ilk zamanlarda çətinliyim olmayıb. Amma qidalanma ilə əlaqədər çətinliyim olub. Daha sonra Macarıstanda yaşayan azərbaycanlıların köməyi ilə yemək bişirdim mühitə öyrəndim. Bundan əlavə  ilk vaxtlar transporta( nəqliyyata) öyrəşə bilmirdim. 

 -Macarıstanda tələbələrə hansı güzəştlər edilir?

-Ümumiyətlə Avropanın bir çox ölkəsində tələbəyə güzəşt olunur . Məsələn:  Macarıstanda  təxmini 30 avro olan aylıq nəqliyyat bileti tələbələr üçün 10-11 avrodur. Burada kinoteatrlarda tələbə kartı ilə endirim edilir. Bəzi restoranlar tələbələrə 10% endirim edir.  

-Tələbələr kitabxanadan necə yararlanır?

-Kitabxana ilə bağlı məlumat yoxdur. Çünki, mən daha çox elektron kitablardan istifadə edirəm.

-Qəbul üçün lazım olan sənədlər nələrdən ibarətdir?

Qəbul olduğum zaman TQDK balı , dil sertifikatı, sağlamlıq haqqında arayışlar ( Hepatit A B , QİÇS) və motivasiya məktubu tələb olunurdu . Qeyd etdiklərimi  əldə etmək mənə görə çətin bir şey deyil .  

 -Təhsildə hansı mexanizmlər var ki, onun ölkəmizin ali məktəblərində tətbiqini istərdin?

-Fikrimcə, dərslik materiallarına bir daha baxılmalıdır. Dərsliklərdə lazımsız,  müasir dövrdə tətbiq olunmayan mövzular  aradan götürülsə, materiallar yüngülləşdirilsə yaxşı olar . Bundan başqa dərs cədvəlləri düzgün qurulmalıdır. Tələbənin öz şəxsi həyatına da ayırmağa vaxtı olsa təhsilin keyfiyyeti də artar. Çünki, o zaman tələbə universitetə getməli olduğuna görə  yox getmək istədiyi üçün gedər .  

-Çoxları düşünür ki, mexanika mühəndisliyi üzrə yalnız xaricdə təhsil almaqla mütəxəssis olmaq mümkündür. Bu yanaşmaya münasibətin necədir?

-Əslində məndə düşünürəm ki, mexanika mühəndisliyi üzrə yalnız xaricdə təhsil almaqla mütəxəssis olmaq olar.  Çünki, Azərbaycanda mexanika mühəndisliyi üçün güclü təhsil verəcək universitet yoxdur. Fikrimcə, bizim ölkə bu sahə üzrə ixtisaslaşmayib. Kimya və ya neft qaz mühəndisliyini Azərbaycanda da oxumaq olar.  Macarıstan Avropada maşın və ya digər texniki avadanlıqların ehtiyat hissələrini satmaqla məhşurdur. Neft-qaz mühəndisliyini Macarıstanda oxumağa dəyməz  çünki ölkə bu sahə üzrə ixtisaslaşmayıb. Gələcəkdə maşınqayırma , təyyarə, gəmi zavodları tikilsə o zaman Azərbaycan da bu sahə üzrə irəli gedə bilər.

-Macarsıtan səndə nələri dəyişdi?

-Macarıstan ilk növbədə dünyagörüşümü dəyişdi.  Macarıstan olan sistemə , rahatlıqla öyrəndikdən sonra vətəndə yaşamaq çətin gəlir . Bakıda insan küçədə gəzdikdə  yoldakı insanlardan neqativ hiss alır.  Amma Avropadakılar belə deyil. Düzdür ki, siyasi-iqtisadi hadisələr də insanlara təsir edir. Amma Avropa çox fərqlidir.

 -Oxuduğun müddətdə tələbəyə iş izni verilirmi?

 -Bu haqda təəssüf ki, dəqiq məlumatım yoxdur

 -Xaricdə təhsil almaq indi bir çox gəncin arzusudur.Səncə bunun üçün ən vacib olan nədir?

-Fikrimcə ən vacibi o  arzunu reallığa çevirəcək potensialın olmasıdır.   Güclü iradə , əzm olduqdan sonra gerisi sadəcə  hazırlaşmaqdır.

 -Macarıstanda oxuyub, Macarıstana xidmət etmək fikrindəsən yoxsa, Azərbaycana?

-Təhsilimi tamamladıqdan sonra yaxşı mütəxəssis kimi Azərbaycana geri dönmək istərdim. Amma hələ ki,  Avropada oxuyub işləməyi düşünürəm. Lakin Azərbaycanda da işləmək könlümdən keçir  və bu zamandan aslıdır.

-Fərz edək ki, vətənə qayıtdın amma təhsilin və istedadın müqabilində iş tapa bilmədin. Onda necə?

-Təhsilimi və istedadım müqabilində iş tapa bilməsəm geri qayıdacam (gülür)Vətən dəyərimi anlamırsa o mənim problemim deyil ki... Hər insan istəyər ki,  öz vətənində işləsin və  evinə, ailəsinə yaxın olsun.  Amma ölkəsi onu uğurlu gələcəklə təmin etmirsə ömrünü sərf etməyin mənası yoxdur . Təbii ki, istisna səbəblər də var məsələn: müharibə kimi...

-Hər bir tələbənin izləməli olduğu film(kitab,serial) məsləhət görün

-Film, izləmək zövq məsələsidir(gülür) Mənə qaldıqda isə daha çox elmi fantastik filmləri sevirəm. Tələbələrə isə  “Star wars” serialını izləməyi məsləhət görərdim .

-Ən çox nədən ötrü darıxırsan?

-Ən çox ailəm və ev yeməkləri üçün darxıram.   

-Gələcəklə bağlı nə düşünürsən?

-Gələcəklə bağlı nə düşündüyümə hələ qərar verməmişəm . Hələ ki, magistraturaya qəbul olmaq haqqında düşünürəm.

-Hansı ölkədə magistr pilləsi üzrə oxumağı düşünürsən?

 -Doğrusu bu haqda bilmirəm. Əslində magistr pilləsi üzrə Avropada qalmaq üçün oxumaq istəyirəm. Amma oxuduğum zaman yaxşı bir şirkətdə iş tapa bilsəm orada qalardım.  

 -Son olaraq AzEdu.az-sözün?

-İşinizdə sizə uğurlar...

Günel Yaşarqızı
Müəllifin digər yazıları