Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 16:00:00
“Bizdə “polislər”dən çəkindiyimdən  yolu  başıaşağı  gedirəm”– Çində oxuyan gənclə MÜSAHİBƏ  

“Olimpiyada müəllimlərinin bilik səviyyəsi  orta məktəblərdəki sıravi pedaqoqlardan  yüksək olur. Əslində, bu müəllimlərin çoxu universitetdə də həmin fənni rahatlıqla tədris edə bilərdilər. Çünki Beynəlxalq olimpiyadalar orta məktəb səviyyəsində olmur.

Respublika olimpiyadalarına, bəlkə də, orta məktəb materialı ilə hazırlaşmaq mümkündür. Amma bu halda da xüsusi hazırlıqsız final mərhələsində uğur əldə etmək mümkün deyil”, - deyə olimpiyada qalibi AzEdu.az-la fikirlərini bölüşür...

AzEdu.az  Çində   təhsil  alan  azərbaycanlı  gənclə müsahibəni təqdim edir:

Öz dilindən dosye: Cəfər Şahin oğlu İsbarov, 19 yaşım var. Bağçaya getməmişəm, orta məktəbin ilk 6 ilini Cəlilabad rayon 8 saylı tam orta məktəbində oxumuşam. VII sinifdən etibarən, Lənkəran Özəl Türk Liseyində bir il oxuyaraq, növbəti ildən Bakı Özəl Türk Liseyindəki olimpiada komandasına qoşulmuşam.

2017-ci il məzunuyam. 2017/18-ci tədris ilində Çinin Tianjin Universitetində Çin dili üzrə foundation oxumuşam. Ali məktəbə Çində təhsil üzrə dövlət proqramı vasitəsilə qəbul olunmuşam. Bu ildən isə eyni universitetdə “Biomedical engineering” ixtisası üzrə bakalavr təhsili alıram.

Təqdimata əlavə: Cəfər İsbarov 2015-ci ildə Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında Kimya, Fizika və Biologiya fənləri üzrə gümüş; 2016 və 2017-ci illərdə isə Respublika Fənn Olimpiadasında Biologiya fənni üzrə qızıl medala layiq görülüb. O, həmçinin 2016-cı ildə Beynəlxalq Fənn Olimpiadasında həvəsləndirici  yerin sahibidir.

Cəfər, əvvəlcə mümkünsə, Çin təhsil sistemi barədə ətraflı məlumat verərdin... Ümumiyyətlə, bəyənib-bəyənmədiyin tərəfləri hansılardır?

- Çin təhsilinin bəzi cəhətlərini Qərb, xüsusilə də Amerika sisteminin imitasiyasına bənzədirəm. Şəxsən, məni narahat edəcək qədər mühəndislik yönümlüdür. Sözün düzü, üzərində bu qədər çalışılan sistemlə bağlı fikir bildirmək çətin gəlir, amma bir nüansı da mütləq qeyd etməliyəm: Beynəlxalq təhsil, yəni ingilis bölmələrində tədris, o qədər də keyfiyyətli sayılmaz. Universitetlərin əksəriyyəti, necə deyərlər, "international-friendly" deyil. İngiliscə tədris çindilli bölmələrlə müqayisə olunmaz dərəcədə zəifdir.

-Yəni, Çində ingilis dilli kadrlar kifayət qədər yaxşı deyil, eləmi?

-Yox, əksinə, ölkədə anqlosferaya ( red - ingilisdilli ölkələrin ortaq dəyərləri) inteqrasiya olunmaq, əslində, önəmli məsələ sayılır. Kadr problemi adlandırmazdım. Düşünürəm, ümumiyyətlə, Mandarin dilində (red - Çinin rəsmi dili ) danışan bir ölkənin kütləvi şəkildə ingiliscə rahat ünsiyyəti çətin məsələdir.

Əlavə olaraq, qəbul olunduğum proqramın əsas məqsədlərindən biri məhz Çin dilini mənimsətməkdir. Elə bura gələndə də iki il ərzində əsas çətinliyim dillə bağlı olub ki, məncə, istisna deyiləm.

-Çin mədəniyyətinə necə uyğunlaşdın? İlk getdiyin vaxtlarda rastlaşdığın çətinliklərdən danışardın...

-Dini inancım problem yaradacaq qədər dərin deyil. Buna görə, məsələn, bu cəhətdən problem yaşamamışam. Ümumiyyətlə, kampusda müsəlman və xristianlar çoxdur. Kiminsə nəsə narahatlıq yaşadığını görməmişəm. Şəhərdə məscid, kilsə, buddist məbədləri bəs qədər var.

Bura gələndə məni ən çox təəccübləndirən isə səhər saat 5- 6-dan etibarən, şaxtalı havada idman edən yaşlı insanlar olub...

Kampusda, şəhər mərkəzində yaşayanda adam özünü bir növ izolyasiya olunmuş kimi hiss edir. Amma gördüyüm qədərilə, ən azından, şəhərlərdə, Qərblə Şərqin özəllikləri maraqlı şəkildə birləşib. Bir az ideallaşdırsam, belə deyə bilərəm: burada, Yaxın Şərqdəki xaos əvəzinə bir harmoniya var...

Amma məsələyə başqa tərəfdən yanaşsaq, məsələn, adət-ənənədən danışsaq, deyə bilərəm ki, Azərbaycanla çox paralel tapmaq mümkündür. Ailə dəyərləri və s...

-Çində də  “kişi xəyanət edər” düşüncəsi hər kəsin psixoloji məntiqinə çevrilib?

- Yox, kommunizmin işə yaradığı bir yer varsa, o da gender bərabərliyidir. O cəhətdən Çin bizdən çox-çox irəlidədir. Bu təkcə kommunizmin “əldə etdiyi” uğur olmasa da, hesab edirəm, birbaşa təsirini də danmaq olmaz. Bunun, ölkə olaraq bilavasitə şahidi olmuşuq . Yeri gəlmişkən, kommunizm deyərkən mən iqtisadi modeldən yox, bir növ dövlətçilik prinsiplərindən danışıram.

Deməzdim ki, çinli kişilər xəyanət etmir. Lakin çinlilərin belə bir xüsusiyyəti var ki, onların etdikləri söhbətlər sadəcə formal xarakter daşıyır. Yəni mənim kimi cəmiyyətdən kənar olan biri üçün (bu, demək olar, bütün tələblərə aiddir) ölkədəki ailə quruluşu və s. məsələlərlə bağlı çox məlumatlı olmaq çətin məsələdir.

Amma, təbii ki, burda da "çayxana" mədəniyyəti və onunla əlaqələndirə biləcəyiniz anlayışlar mövcuddur. Ən əsası isə gənc nəsillə yaşlı nəsil arasında çox ciddi fərqlər var. Prinsipcə, gənc nəsillə bağlı rahatlıqla "belə bir şey yoxdur, onlar xəyanət etmir" deyə bilərəm. Təbii ki, istisnalar həmişə var. Yaşlı nəsillə bağlı isə heç bir fikrim yoxdur.

-O zaman gənc nəsil sevməyi daha yaxşı bacarır...

-Yox, gəncləri yaşlılarla müqayisədə yüksəltməzdim. Düşünürəm ki, sosial dəyişiklər mövcuddur. Nəticə etibarilə, aldatmalar daha azdırsa, bunun səbəbi gənclərin daha sadiq olması yox, qadınların azadlıqlarının artmasıdır. Yəni mən belə müşahidə etmişəm.

Əcnəbi tələbələrin olduğu mühitlər, nədənsə mənə soyuq gəlir. Qurulan əlaqələr sanki dayaz olur. Bəlkə də səbəb insanları bir-birinə yaxınlaşdıran mədəni bağların olmamasıdır. Əsasən isə dil baryeri var. Tutaq ki, 1-2 aydır tanıdığım əcnəbi insanlarla aramızdakı səmimiyyət, bir azərbaycanlı ilə 1-2 günə yaranan səmimiyyətdən daha az olur.

-Sevgilin var?

-Xeyr

-Bəs necə düşünürsən, çinli qız ilə rahat şəkildə sevgili ola bilərsən?

-Əslində, kiminsə çinli olması, prinsip olaraq, problem deyil. Amma söhbət uzunmüddətli bir əlaqədən gedirsə,  bu halda kifayət qədər problem gözləmək olar.

Ölkəmizlə bağlı isə, sözün düzü, bizim “mentalitet polisləri”ndən bir az çəkinirəm. Ona görə, Azərbaycanda olanda başımı aşağı salıb düz yolumu gedirəm. Hələ Cəlilabaddan heç danışmıram...

-Çində necə, “başını dik tutub” yeriyə bilirsən?

-Təbii ki, universitet daxilində sərbəst mühit olur. Amma bunu bütün ölkə adından deyə bilmərəm. Burda da “o polislər”dən az deyil.

-Cəfər, nədənsə bəzi dəyərlərə sanki qarşı çıxdığın hiss olunur. Fəlsəfə ilə maraqlanırsan ?

-Bəli, vaxt olduqca oxuyuram. Özümü az-çox tapdığım fəlsəfi cərəyanlardan isə, tutaq ki, siyasi nihilizm ola bilər. Bir də, son vaxtlar praqmatizm də oxuyuram.

Amma özümü konkret olaraq hansısa cərəyanın bir hissəsi hesab etmirəm.

-Dünya siyasi tarixində kimləri "avtoritet" hesab edirsən?

-Ümumiyyətlə, fəlsəfi cərəyanları avtoritetlərə bağlamaq nə qədər düzgündür?

-Zatən nihilistler avtoritetləri qəbul etmir ...

-Elədir... Siyasətdə Karl Marx və Jan Jak Russonu deyə bilərəm. Başqa isə... Məsələn, Platon ola bilər…

-Bunu necə əsaslandırardın?

-Platonu daha çox simvolik personaj kimi görürəm. Səbəbləri isə əsasən tarixlə bağlıdır. Tarixçilər belə fiqurları sanki yenidən qurmaq istəyir və buna görə də məsələyə yetəri qədər skeptik ( red- şübhəçi) yanaşmırlar. Yəni, tarixçilər Platonun əslində, onlarla fərqli olsa da, eyni səviyyəli fiqurun arasından çıxmış olma ehtimalını ciddi qəbul etməsələr də, bu fikir yenə də mövcuddur. Misal üçün, Nyuton kimilərinin həyatına baxsaq, əslində məşhur, olmaqlarının şansa bağlı olduğunu görə bilərik.

-Ümumən, şansın insan həyatında rol oynadığına inanırsan?

-Əlbəttə, elə öz həyatıma baxanda bəs edir. Nə qədər çox çalışsaq da, cüzi şeylər özümüzdən asılı olur. Üzərində heç bir iradəmiz olmadan reallaşan və ya reallaşmayan faktorlar çoxdur.

-Aydındır, Cəfər... Bəs Azərbaycanda hansı məsələlərə skeptik yanaşırsan?

-Bizim cəmiyyətdə sorğu-sualsız qəbul olunan çox şey var. Lakin mən ümumiyyətlə, ictimai fikri dəyişmək yox, dərindən başa düşməyi belə mümkünsüz hesab edirəm. Qısacası, bu məsələ ilə bağlı çox da başımı ağrıtmıram.

Onsuz da ayaq üstə güclə duran iqtisadiyyatda bəzi milli "dəyərlərin"( tutaq ki, işsiz qadınlar) qorunması ən anlaşılmaz məsələlərdən biridir.

-Nihilistler ümumən mövcud dəyərlərə, nizam və intizama qarşı çıxırlar...  Başqa hansı  «dəyərlərimizi» mənasız hesab edirsən?

-Əslində, deyim ki, sözün klassik mənasında nihilist deyiləm. Sadəcə, dəyərlərin ümumən məna üzərində qurulduğunu düşünmürəm. Təbii, demirəm ki, hər şeyi söküb-yıxmaq lazımdır, amma bu faktoru gözardı etmək olmaz.

Nitsşeni oxuyursan ?

-Ümumiyyətlə, bədii ədəbiyyatla maraqlanıram. Lakin buna hər zaman vaxtım olmur.  Nitsşeyə gəlincə isə, o, ümumən ədəbiyyat sayılmır.

Oxuduğum kitablardan misal üçün, Ecco Homonun “İnsan nasıl kendisi olur” kitabını misal göstərə bilərəm.

-Bəs, səncə, “İnsan nasıl kendisi olur?”

-Sokratın bir məşhur sözü var: "Unexamined life is not worth living" (red – “məqsədsiz həyatı yaşamağa dəyməz”)

Aşağı-yuxarı həyata baxışım belədir. Amma hələki dərin bir həyat fəlsəfəm yoxdur deyə, suala tam cavab verə bilmirəm. Ümumən, səadətimə harada və necə çatacağımı hələlik bilmirəm. Amma cavabım - ifrat dərəcədə materialist həyat tərzi/fəlsəfəsi - ola bilməz.

-Bir az orta məktəblərdəki boşluqlardan danışaq... Müəllim-şagird münasibətlərini necə qiymətləndirirsən? Azərbaycan müəllimi şagirdinə məqsədli olmağı aşılaya bilirmi?

-Zənnimcə, kadr çatışmazlığından danışmağın mənası yoxdur. Ən azı, məktəblərimiz texniki avadanlıqlarla təmin oluna bilər, xüsusilə rayon və kənd məktəbləri. Bir də, valideynlər uşaqlarının təhsilini öz eqolarına alət etməsələr çox gözəl olar.

Sözün düzü, müəllim-şagird münasibətləri ilə bağlı isə qeyri-adi bir şey görmürəm. Amma bu, mənim məlumatsızlığımdan da ola bilər. Müəllim-valideyn münasibətlərinə gəlincə isə, ciddi boşluqlar var və daha effektiv qurulu bilər.

-Məsələn necə? Bununla bağlı nə təklif edərdin?

-Valideynlər uşaqların bir-biri ilə yarışmadığını başa düşməlidir. Təbii, bu da müəyyən mənada həm də müəllimlərim vəzifəsidir. Şagirdlərin dərs, imtahan stressi altında şəxsi keyfiyyətləri üzərində işləməsi çətindir. Müəllim və valideynlər bu məsələni də müəyyən qədər öz üzərlərinə götürməlidir. Nəticə olaraq, 11 ildən sonra şagirdin qazancı «imtahan balı» deyil, daha çox şey olmalıdır.

-Gələcək planların barədə nə deyə bilərsən?

-Bakalavr dərəcəsi qazandıqdan sonra hələ qərar vermədiyim bir sahə üzrə, dəqiqləşdirmədiyim bir yerdə magistr təhsili almağı planlaşdırıram. Yəni, hələki dəqiq heç nə yoxdur. Sadəcə, deyə bilərəm ki, bütün karyeramı yalnız texniki fənlərə həsr etməyəcəyəm. Misal üçün, Neyrolinqivistika və ya Altsheymer xəstəliyi üzrə araşdırmaçı və s.

-Niyə məhz Altsheymer? Xüsusi bir səbəbi varmı?

-Belə bir şey də var ki, altsheymer araşdırmalarında tıxanıqlıq yoxdur. Xərçəng xəstəliyi araşdırmalarında inkişaf sürəti çox zəifdir. Sadəcə əvvəlki metodlar təkmilləşdirilir. Bir sözlə, xərclənən pullar tam nəticə vermir. Altsheymerə gəlincə, bu, nisbətən daha az araşdırılmış sahədir.

-Mümkünsə, bir az olimpiyadalardan danışaq... Necə hazırlaşırdın?

-Beynəlxalq olimpiyadalara liseyin xüsusi olimpiyada komandasında hazırlaşırdıq. Beləcə, nəticə olaraq, Respublika olimpiyadalarına da hazırlaşmış olurduq. 7-ci sinifdə istədiyimiz fənni seçir və alınarsa, növbəti ildən Bakı korpusuna transfer olurduq. Qeyd edim ki, mən Biologiya fənnini seçmişdim.

-Cəfər, olimpiyada müəllimləri ilə sadə orta məktəb müəllimləri arasında hansı fərqləri müşahidə etmişdin?

-Ən əsas fərq gördükləri işə daha həvəsli yanaşmaları idi. Demək olar, təmənnasız şəkildə boyunlarına artıq yük götürürdülər. Təbii ki, onların bilik səviyyəsi sıravi orta məktəkdəkilərdən yüksək olur. Əslində, bu müəllimlərin çoxu universitetdə də həmin fənni rahatlıqla tədris edə bilərdilər. Çünki Beynəlxalq olimpiyadalar orta məktəb səviyyəsində olmur. Respublika olimpiyadalarına, bəlkə də, orta məktəb materialı ilə hazırlaşmaq mümkündür. Amma, sözün düzü, belə olan halda da xüsusi hazırlıqsız final mərhələsində uğur əldə etmək, düşünürəm, mümkün deyil