Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 10:43:00
Xaricdəki tələbələr universitetlərimizi ən çox nədə tənqid etdilər? - “İraq  göz”dəki  şikayət və təkliflər  

AzEdu.az  “İraq göz” rubrikası çərçivəsində xaricdə təhsil alan  tələbə və məzun  soydaşlarımızın Azərbaycan universitetləri haqqında qısa fikirlərini təqdim edir.

Yəni, özümüzə bir növ, iraqdan, iraq gözdən baxacağıq...

Qeyd edək ki, müsahiblərə    bir  çox ali təhsil müəssisələrinin adlarını təqdim etsək də, onlar  yalnız  məlumatlı olduqları  universitetlər haqqında danışıblar…

Yəni, hər hansı universitetin  adının  çəkilib-çəkilməməsi redaksiya heyətinin mövqeyini əks etdirmir: 

Macarıstanın  Szeged  Universitetinin  tələbəsi  İbad Bayramov:

 

Bakı  Dövlət Universiteti- Azərbaycanın ən böyük və qədim universiteti  özünün  keçmiş  əzəmətli  günlərindən  təəssüf  ki,  xeyli uzaqdadır. Universitetdə  yaşlı müəllimlərin  çoxluğu  və istifadə olunan metodların köhnəliyi  ali təhsil müəssisənin  inkişafına əngəl törədir.

Bundan əlavə, tələbələrin   yığdığı  baldan asılı olmayaraq, hər kəsə tək bir binada təhsil  verməsi  inkişafa əngəl  törədən  səbəblərdəndir.  Lakin son bir neçə ayda  baş vermiş  kadr dəyişikliyi  doğru şəkildə istifadə edilərsə, universitetinin  işıqlı gələcəyi olmasına imkan yarada bilər.

 UNEC- Azərbaycanda son illərdə ən böyük dəyişikliyə məruz qalmış universitet özünün köhnə  imicini  bərpa etməkdədir.  Xüsusilə, haqqında bəhs etdiyimiz universitetin ISE korpusu son illərdə alqışa layiq təhsil göstərir. Universitetin problemi isə buradakı dərs  materiallarının  çox irihəcmli  olmasıdır. Bəzi  dərslərin  imtahanına hətta 600 səhifəyə yaxın bir material oxumağa  ehtiyac duyulur  və bu da tələbələr üçün baş ağrısıdır.

ADA universiteti -Buranın keçmiş tələbələri ilə söhbətləşən  zaman universitetin  verdiyi   yüksək səviyyəli  təhsildən  və  müasir  tələblərə  uyğun olmasından  danışardılar.  Həqiqətən də ADA universiteti həm kadr,  həm də imkanlar baxımından digər universitetlərdən çox üstün idi.

Lakin bundan 2  il əvvəl universitetin giriş  balının aşağı salınması təhsil səviyyəsini  də çox  qısa  bir müddətdə aşağı saldı.  Burada oxuyan tələbələr arasında  yaranan  bilik  uçurumu  bilavasitə  dərslərin   keyfiyyətini  də aşağı salır.

Azərbaycan-Fransız Universiteti- Yalnız  3  ildir  fəaliyyət  göstərən  UFAZ verdiyi təhsil və şagirdlərə yaratdığı  imkanlarla   qısa müddətdə  çox irəliləyib.

Strasburq  Universitetin tələblərinə cavab verən bu  ali təhsil müəssisəsi  tələbələri  üçün tez-tez  fərqli   layihələr  təşkil edir.  Universitetin tələbələrinin aktivliyi də təqdirə layiqdir.  

Cənubi  Koreyanın  Hankuk  Xarici  Dillər  Universitetin məzunu Sevinc İskəndərova:

Xəzər Universiteti-Burada köhnə zamanlardan öyrəndiyimiz semestr sonu imtahanları deyil,  midterm(aralıq) və final(son) imtahanları  keçirilir.  Tələbələr burada semestr ərzində  müəyyən kateqoriyalar  üzrə ballar  yığırlar  və bütün balların toplamında  həmin fənni uğurla bitirib-bitirməməyi bilinir. Yəni tələbələrin  bir dəfə  verdiyi imtahanlara görə nəticələri müəyyənləşdirilmir. Ona görə də universitetin tələbələri  təhsillərini davam etdirmək üçün  xarici ölkələrə getdikləri zaman  oxumaqda çətinlik  çəkmirlər.  

ADA Universiteti- Burada təhsil sistemi  fərqlidir.  ADA  Universitetində tələbələrə kifayət qədər sərbəstlik verilir.  Düşünürəm ki,  bu xüsusiyyət  bir çox dövlət universitetlərimizdə  olmayan  cəhətdir.  Yəni, tələbələr azad şəkildə dərs keyfiyyətini  bəyənmədikdə və  ya hər hansı  xoşagəlməzlik hiss etdikdə  rahat bir şəkildə onu rektorla görüşüb müzakirə edirlər. Özüm Azərbaycanda dövlət universitetini  bitirmişəm, amma təhsil aldığım müddətdə cəmi rektoru 2-3 dəfə görmüşəm. Rektorla görüş digər universitetlərimizdə  də olsa daha yaxşı olar.

Bakı  Slavyan Universiteti- Burada  oxuduğum  illərdə təhsil qənəatbəxş  idi.  Buna baxmayaraq,  C.Koreyada təhsil aldığım ilk   zamanlarda çətinliyim olub. Çünki, xarici dövlətlərdə universitet dərslərin çox böyük qismi təqdimat, semestr boyu yazılmış qısa məqalələr  üzərində aparılır. Yaxşı olardı ki, bizim ölkənin dövlət universitetlərində  bu bacarıqlar  inkişaf  etdirilsin   və  tələbənin hər tərəfli inkişafına töhfə versin.  Onu da qeyd edim ki,  tələbə və müəllimlərimizin  potensialı daha çoxdur. Xarici dövlətlərdə təhsil alanlarda  bu məsələdə mənimlə  həmfikir ola bilər.   

Son olaraq qeyd etmək istərdim ki, hazırda Azərbaycanda universitetə qəbul olan tələbələrin sayı  artıb  və bu çox gözəl  göstəricidir. Lakin tələbələrin sayı  artdıqca,  iş  imkanlarının  azalmağı məsələsini də unutmamalıyıq.

Ümid edirəm ki, bizim ölkənin də təhsil sistemi  vaxt gələcək nümunəvi olacaq. Təbii ki, yalnız ümid etməklə deyil, hər kəs öz payına düşdüyü qədər  töhfə verərsə…

Günel Yaşarqızı
Müəllifin digər yazıları