Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 15:37:38
Summativ qiymətləndirmə aşağı siniflərdə tam yığışdırılmalıdır? – “Ya format dəyişməli, ya da..”  

“Böyük summativ qiymətləndirmənin II və III siniflərdə də saxlanmasını istərdim. Çünki bir ay ərzində mütəmadi olaraq  təkrara yer verdiyimizə  görə şagird  KSQ-ni yazır. Amma o bütün bölmələri tam mənimsəsə, daha real nəticə göstərə biləcək”.

Bunu AzEdu.az-a açıqlamasında Bakı Avropa Liseyinin ibtidai siniflər üzrə direktor müavini Aygün Məcidova deyib. O, summativlərə edilən dəyişikliklərə münasibət  bildirərkən qeyd edib ki, ibtidai siniflərdə qiymətləndirmənin tamamilə aradan götürülməsinin tərəfdarıdır:

“İbtidai siniflərdə formativ qiymətləndirmə daha geniş vüsət alıb və özünü yüksək səviyyədə doğruldur. Ümumilikdə ibtidai siniflərdə qiymətləndirmənin tamamilə götürülməsinin tərəfdarıyam. Buna doğru gediriksə, alqışlanmalıdır. I siniflərdə summativlər tamamilə ləğv olunub. Çünki bu, öyrədici prosesdir.

Amma real vəziyyəti nəzərə alıb danışsaq, ondansa böyük summativ qiymətləndirmənin  II və III siniflərdə də saxlanmasını istərdim. Çünki ibtidai sinifdə uşağın tam mənimsəmə prosesi gedir. Hazırda isə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində yalnız IV sinifdə saxlanıb. Bir bölməni keçəndən sonra kiçik  summativ  qiymətləndirmə aparırıq. Uşaq sanki onu əzbərləyir.

Bir ay ərzində mütəmadi olaraq təkrara yer verdiyimizə görə şagird KSQ-ni yazır. Amma o bütün bölmələri tam mənimsəsə, daha real nəticə göstərə biləcək. KSQ isə bir bölməni əhatə edir. Ona görə də formativ qiymətləndirməni dəstəkləyirik. Çünki o, mütəmadi olaraq uşağın tam mənimsəməsinə xidmət edir”.

“Summativ qiymətləndirmənin formatı da dəyişilməlidir”

Müəllimin bildirib ki, keçmiş qaydalarla ibtidai sinif  şagirdi  BSQ  keçirildiyinə görə, ilin sonuna daha çox ümid bağlayır, il ərzində oxumağa önəm vermirdi:

“Düşünürdü ki, qiymətimi düzəltmək üçün qarşımda böyük summativ qiymətləndirmə var. Amma indiki halda o, il boyu oxuyacaq. Məsuliyyəti artacaq. Bu isə yaxşı keyfiyyətdir”.

Onun fikrincə, dəyşikliklərlə əlaqədar, summativ qiymətləndirmənin formatı da dəyişilməlidir:

“Məsələn,  III bölmə üzrə  KSQ keçiririksə, suallar yalnız bu bölmələri əhatə edir. Əslində, keçirilənlərin təkrarı üçün II və I  bölmələrdən olan suallar da müəyyən bir faiz təşkil etməlidir. Mütləq şəkildə kiçik summativə digər bölmələrdən də tapşırıqlar salınmalıdır. Çünki artıq BSQ olmayacaq. Buna görə də KSQ onu əvəz etməyi bacarmalıdır”.

“Müəllim bütün meyarları beynində bu vaxtacan oturtmayıbsa, onu çıxara bilmirsə, daha nə deyə bilərik?!”

Aygün xanım əksər müəllimlərin meyar yazmaqla bağlı işlərinin çətinləşməsindən dolayı olan gileylərinə də münasibət bildirib:

“Formativ qiymətləndirməyə görə müəllim nə edəcəksə,  öz işini yüksək səviyyədə reallaşdırmaq üçün edəcək. Müəllim meyar yazmasa və şagird həmin meyarla tanış olmasa onun işinin hansı məqsədi var? Standartlar qarşımızdadır. Təcrübəsi olan müəllim bütün meyarları beynində bu vaxtacan oturtmayıbsa, onu çıxara bilmirsə,nə deyə bilərik?

Cavan müəllimlər üçün isə bütün məktəblərdə mentorlar təyin olunur. Onları beləcə öyrədirik. Bütün bu treninqlər hər biri onların öyrənməsinə xidmət edir. Formativ qiymətləndirmə ilə bağlı nə olsa, bilin ki, bu, uşağın xeyrinədir. Müəllimlər bunu işin artımı kimi başa düşməsinlər. Bu, bizim işimizdir”.

Qeyd edək ki, summativ qiymətləndirmələrə olan dəyişikliklərə əsasən, I siniflərdə summativ qiymətləndirmələr ləğv olunub. Kiçik summativ qiymətləndirmələr II sinifdən başlayaraq bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla aparılır. Böyük summativ qiymətləndirmə isə IV sinifdən etibarən keçirilir. O, IV, IX və XI siniflərdə bütün fənlər, V, VII, VIII, X siniflərdə isə yalnız buraxılış imtahanında keçiriləcək fənlər üzrə aparılacaq. Bu, yalnız təmayülləşmə tətbiq olunmayan orta məktəblərə aid edilir. Təmayül lisey və məktəblərdə isə pedaqoji şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 təmayül fənni üzrə summativ keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları